Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

Nəticəsiz danışıqlar…


Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Kişinyov, 8 oktyabr 2009

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Kişinyov, 8 oktyabr 2009

«Kişinyov danışıqlarına dünyada və bölgədə çox böyük maraq var idi. Çünki artıq hamıya bəllidir ki, danışıqlar son mərhələsindədir. Ancaq əfsuslar olsun ki, bu görüş nəticəsiz qaldı. Bunun da səbəbi Ermənistanın qeyri konstruktiv mövqe tutması oldu».

Bu prezident İlham Əliyevin 2009-cu ilin oktyabrında Ermənistan prezidenti Serj Sakisyanla Kişinyovdakı görüşündən sonra Azərbaycan televiziyasına müsahibəsindən idi. Kişinyovdan əvvəlki və sonrakı görüşlərdən sonra da hər iki ölkənin prezidenti nəticə əldə edilməməsinə görə bir birini suçladı.

ƏLİYEV VƏ SARKİSYAN 2009-CU İLDƏ 6 DƏFƏ GÖRÜŞDÜLƏR

2009-cu ildə prezidentlərin birinci görüşü. Sankt-Peterburq, 5 yanvar 2009
Ümumilikdə isə Əliyev və Sarkisyan 2009-cu ildə 6 dəfə görüşdülər. Azərbaycan və Ermənistan prezidentlərinin ilin əvvəlində Davosda start götürən görüşləri Praqa, Sakt-Peterburq, Moskva və Kişinyovdan keçməklə Münhendə yekunlaşdı. Əlbəttə ki, konkret nəticə olmadan…

Və nəhayət İlham Əliyev dekabrın 24-də Xırdalan qəsəbəsində İkinci Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı zamanı dedi ki, «əfsuslar olsun ki, böyük ümidlər bəslənilən 2009 da Qarabağ münaqişəsinin həllində həlledici il olmadı». Yəni, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə.

PARLAMENTDƏ MÜZAKİRƏLƏRƏ ALINMADI

Sözsüz ki, bu prezidentlər səviyyəsində ortada olan nəticəsizlik idi. Azərbaycan parlamentində bəzi deputatlar bu il də Dağlıq Qarabağ danışıqlarının nə yerdə olmasını məclisin müzakirəsinə çıxartdıra bilmədilər. Dönə-dönə təkid etsələr də. Deputat İqbal Ağazadə:

«Hesab edirəm ki, Milli Məclis təcili olaraq Qarabağ məsələsini qapılı iclasda da olsa müzakirə etməlidir. Səlahiyyətli orqanlar bu barədə məclisə hesabat verməlidirlər».

Deputatın təklifi kimi parlament rəhbərliyinin də cavabı əvvəlki illərdəkinin təkrarı oldu. Spiker Oqtay Əsədov dedi ki, bu məsələ ilə dövlət başçısı və XİN məşğul olur. Özləri də ictimaiyyəti vaxtlı vaxtında məlumatlandırırlar.

XİN rəhbəri Elmar Məmmədyarovun isə ona deputatların istəyini çatdıran AzadlıqRadiosuna cavabı belə oldu:

«Nə isə irəliləyiş olsa əlbəttə ki, böyük məmnuniyyətlə gedib parlamentdə lap açıq iclasda elan edərdim. Amma bundan ötrü danışıqların nəticcəsi olmalıdır. Nəticə isə yoxdur».

TÜRKİYƏYƏ HÜCUM

Türkiyə baş nazirinin Azərbaycan parlamentində çıxışı. 13 may 2009
Amma bütün bunlar o demək deyil ki, parlamentin iclaslarında Qarabağdan heç danışılmadı. Məsələn ilin ən çox mübahisə yaradan hadisələrindən biri - Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair Ankara Yerevan görüşlərinin məclisdə müzakirəsi fonunda Qarabağdan da danışıldı. Hakim YAP-dan olan və iqtidar yönlü deputatlar Türkiyə ilə Ermənistan arasında əməkdaşlığa və sərhədlərin açılmasına yol açan protokolların Dağlıq Qarabağ problemi həll olunmadan imzalanmasına görə Ankarandan xeyli narazılıq etdilər. Müxalifətdən olan bəzi deputatlar o cümlədən Cəmil Həsənli bunu Türkiyəyə hücum kimi dəyərləndirdi.

Bu cür dəyərləndirmə ilə razılaşmayan vitse-spiker Bahar Muradova isə incikliyin səbəbini belə izah etdi:

«Biz narahatıq. Biz sərhədlərin açılmasının Qarabağ probleminin həllindən əvvələ təsadüf etməsini qəbul etmirik. Və bunu da ictimaiyyətin diqqətinə çatdırırıq. Atalar demişkən, uman yerdən küsərlər».

ƏRDOĞAN MEDVEDEVLƏ, OBAMA İLƏ QARABAĞDAN DANIŞDI

Bir sözlə böyük dövlətlərin guya regionda sülhü bərqərar etmək üçün Türkiyə ilə Ermənistanı yaxınlaşdırmaq cəhdi az qala Azərbaycanla Türkiyəni düşmən edəcəkdi. İş o yerə çatdı ki, Türkiyənin Bakının Şəhidlər xiyabanındakı bayraqları endirildi. Sarkisyanla Gülün Yerevanda və Bursada birlikdə futbola tamaşa etmələrinin fəsadını aradan qaldırmaq üçün demək olar ki, Türkiyənin bütün rəsmiləri bir-birinin ardınca bəyanat verib dedilər ki, Ankara Dağlıq Qarabağ problemi həll olunmadan heç bir addım atmayacaq.

Bununla belə 2009-cu ildə Dağlıq Qarabağ məsələsində Türkiyə kifayət qədər fəallıq göstərdi. Baş nazir Ərdoğan Soçidə Dmitri Medvedevlə, Vaşinqtonda isə Barak Obama ilə Qarabağdan danışdı.

QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ RUSİYA AMİLİ

Dağlıq Qarabağ məsələsində əvvəlki illərlə müqayisədə bu il Rusiyanın da fəallığı hiss olundu
Dağlıq Qarabağ məsələsində əvvəlki illərlə müqayisədə bu il Rusiyanın da fəallığı hiss olundu. Regionun bəzi siyasi ekspertləri hətta Rusiyanın da Qərb kimi problemin tezliklə həllində maraqlı olduğunu düşündülər. Politoloq Rasim Musabəyov bu barədə fikrini belə əsaslandırdı.

«İndiki danışıqlar nəticə verməsə ən azı çox ciddi silahlanma baş verəcək və hərbi ehtimallar arta bilər. düşünürəm ki, bu nə Qərbin nə də Rusiyanın maraqlarına uyğun deyil. belə olan halda ermənilərin iddialarını hansısa bir çərçivəyə salmaq üçün onların əlində kifayət qədər imkanlar var».

Qarabağ probleminin həllində Rusiya amilinə önəm verilməsi məsələsi parlamentdə də bir neçə dəfə səsləndi.

Deputat Qüdrət Həsənquliyev bundan ötrü hətta Rusiya hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini də mümkün saydı:

«Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə, hətta Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına üzv də ola bilər. Azərbaycan Rusiya hərbi bazalarını öz ərazisində yerləşdirə, sərhədləri də birgə qoruya bilər. Təki Rusiya Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanısın və Ermənistana bu istiqamətdə təzyiq göstərsin».

2009-cu ildə Rusiya və Azərbaycan prezidentlərinin bir neçə dəfə görüşməsi də Moskva mövzusunun il boyu gündəmdən düşməməsinə təsir edən amillərdən idi. Dövlət başçılarının sonuncu belə görüşü noyabrda Rusiyanın Ulyanovsk şəhərində körpünün açılışında oldu və onlar yenə də Qarabağdan danışdılar.

«MEDVEDEV BU MƏSƏLƏYƏ ŞƏXSƏN ÇOX BÖYÜK ƏHƏMİYYƏT VERİR»

Rusiya Dövlət Dumasının vitse-spikeri Svetlana Arlova isə Bakıda Milli Məclisdəki çıxışı zamanı həmin görüşü xatırladaraq prezident Dmitri Medvedevin bu məsələyə xüsusi əhəmiyyət verdiyini bir daha bəyan etdi.

Bu il ATƏT-in Minsk qrupunun amerikalı həmsədri dəyişildi
«Bu gün ləng də olsa Qarabağ məsələsinin həlli irəli aparılır. Və siz bilirsiniz ki, prezident Dmitri Anatoliyeviç Medvedev bu məsələyə şəxsən çox böyük əhəmiyyət verir. Bu mövzuda xeyli görüşlər keçirildiyini də bilirsiniz. Ancaq ATƏT-in Minsk qruppu var və o işləyir. Müzakirələr davam edir».

Arlova demişkən, Minsk qrupu həqiqətən bu il də işlədi. Ancaq onun nə işi, nə də bəyanatları 2008-ci ildənkindən o qədər də fərqlənmədi. Yəni il ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri prezidentlərin görüşünə hazırlıq xarakteri daşıdığı kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti də bu görüşlərin təşkilatçılığından başqa bir şey olmayıb. Bəyanatlara gəlincə, həmsədrlər prezidentlərin hər görüşündən sonra, eləcə də özlərinin regiona səfərləri zamanı prosesin ya hansısa razılaşmanın, ya da çərçivə sazişinin imzalanaması ərəfəsində olduğunu dedilər. Minsk qrupu ilə bağlı bu ilki yenilik yalnız o oldu ki, ilin ikinci yarısı – sentyabr ayında qrupda amerikalı həmsədr Metyu Brayzanı həmyerlisi Robert Bradge əvəzlədi. Təxminən buna oxşar başqa bir yenilik isə Dağlıq Qarabağın azərbaycanlı icmasına rəhbər seçilməsi oldu. Mərhum Nizami Bəhmənovdan sonra bir müddət boş qalan bu vəzifə 1992-ci ildən fəaliyyət göstərən icmanın 2009-cu ilin iyul ayında keçirilən ilk qurultayında Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərova həvalə edildi.

«İcma Dağlıq Qarabağdan və işğal olunmuş digər ərazilərdən didərgin düşmüş əhalinin öz yurdlarına qayıtması, Azərbaycanın ərazi bütövlüyü uğrunda var qüvvəsi ilə çalışacaq»

Dağıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov belə deyir.

ABŞ-IN YARDIMI AZƏRBAYCANIN REAKSİYASI

ABŞ Konqresinin Dağlıq Qarabağa ayırdığı 8 milyon dollarlıq yardım Azərbaycanda əməlli-başlı reaksiya doğurdu
Dağlıq Qarabağın erməni icması isə bu il də danışıqlar prosesinə tərəf kimi qatılmaq arzusunu gerçəkləşdirə bilmədi. Amma ABŞ-ın onlara ayırdığı 8 milyon dollarlıq yardım Azərbaycanda əməlli-başlı reaksiya doğurdu. Prezident Administrasiyasından bu barədə səslənən fikirlər az sonra parlamentdə rəsmi müraciətə çevrilib ABŞ Konqresinə ünvanlandı. Deputatlar sözügedən yardımı separatçılığa dəstək kimi dəyərləndirilir, prezident Obamanın işə qarışmasını zəruri hesab edilirdi. Layihəni deputatların diqqətinə YAP-dən olan millət vəkili Musa Quliyev çatdırdı:

«Biz ümid edirik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ prezidenti Barak Obama özünün «veto» hüququndan istifadə edərək Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılmasına Mane ola biləcək 2010-cu ilin dövlət büdcəsi haqqında qanunun Dağlıq Qarabağa birbaşa yardım göstərilməsinə dair müddəalarının qüvvəsini dayandıracaq».

ABŞ-ın Bakıdakı səfirliyinin sözçüsü Terri Devinson isə həmin 8 milyonun Dağıq Qarabağdakı əhali üçün nəzərdə tutulan humanitar yardım olduğunu bildirdi.

XALQ DİPLOMATİYASI

Azərbaycan ziyalılarının Ermənistan prezidenti ilə görüşü. Yerevan, 3 iyul 2009
İl boyu Bakı, Yerevan və Moskva yenə də bir neçə dəfə xalq diplomatiyasını hərəkətə gətirmək Adı ilə səfirlərin və ziyalıların qarşılıqlı səfərlərini təşkil etdilər. Amma bütün bu siyasi və qeyri siyasi, rəsmi və qeyri rəsmi səfərlər, görüşlər, bəyanatlar ABŞ-ın iyul ayında açıqladığı baza prinsiplərinin birinin də gerçəkləşməsinə zəmin yarada biləcək hansısa sənədin imzalanmasına kömək etmədi. Yəni nə əvvəl 5, sonra 2 rayonun azad edilməsi, nə məcburi köçkünlərin öz yerlərinə qayıtması, nə də Dağlıq Qarabağın statusunun necə müəyyənləşəcəyi barədə heç bir kağıza imza atılmadı.

Beləliklə də Azərbaycan və Ermənistan prezidentləri öz xalqlarına Dağlıq Qarabağ münaqişəsinin həllinə dair heç bir rəsmi sənəd təqdim etmədən 2010-cu ilə keçirlər.

Prezident İlham Əliyev Rusiyanın «Vesti» telekanalına müsahibəsində deyib ki, gələn il Ermənistan mövqeyində konstruktivlik göstərsə, danışıqlarda irəliləyiş ola bilər.

Şərhləri göstər

XS
SM
MD
LG