Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:24
Başa vurduğumuz 2009-cu ilin ilk mühüm yadda qalan hadisəsi heç şübhəsiz ki, referendum oldu. Martın 18-də ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın 29 maddəsinə 40-dan çox dəyişiklik edildi. Bu dəyişikliklərdən heç şübhəsiz ki, ən diqqət çəkəni bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi idi. Müxalifət düşərgəsində isə bu dəyişiklik «ömürlük prezidentlik» kimi dəyərləndirildi.

ÖMÜRLÜK PREZİDENT?

Ancaq müxalifətçilərin təbiri ilə desək, ömürlük prezidentlik ideyasının gerçəkləşməsi hələ 2008-ci ildən başlamışdı. Həmin il dekabrın 16-da hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun təklifi ilə bu dəyişikliklər layihəsi parlamentin müzakirəsinə çıxarılaraq qəbul edilmişdi.

Dekabrın 24-də də Konstitusiya Məhkəməsi bu dəyişikliklər layihəsinə müsbət rəy vermişdi. Parlamentin növbəti iclasında təklif müəlliflərindən Əli Əhmədov dəyişikliklər layihəsinə Konstitusiya Məhkəməsinin müsbət rəy verməsindən məmnunluğunu gizlətməmişdi:

- Bütün bunlar onu göstərir ki, Mili Məclisin bu təşəbbüsü Azərbaycan xalqının ictimai maraqlarına, dövlətçilik maraqlarına tamamilə uyğun gəlir. Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə imkan vermək demokratiya yox hüquq normasıdır.

MONARXİYAYA YOX!

Konstitusiya Məhkəməsi həmin dəyişikliklər layihəsinə müsbət rəy verərkən isə bir qrup gənc buna «Monarxiyaya yox!», «Yaşasın Respublika!» şüarları ilə təpkilər verdilər:

- Monarxiyaya yox, monarxiyaya yox. Yaşasın respublika!...

Ancaq bu etirazlar kütləvi xarakter almadığından martın 18-də referendum maneəsiz keçirildi. Hərçənd referendumdan sonra da səsvermə faizi ilə bağlı sönük də olsa mübahisələr davam etdi. Mərkəzi Seçki Komissiyası bəyan elədi ki, ümumxalq səsverməsində seçicilərin təqribən 75 faizi iştirak edərək dəyişikliklər layihəsinə müsbət formada münasibətlərini bildiriblər. Əsas müxalifət partiyalarının birləşdiyi Qarabağ və Respublika Uğrunda Hərəkat isə bəyan elədi ki, referendumda seçici faizi heç 15 faizdən də yüksək olmayıb. Hərəkatın liderlərindən Lalə Şövkət bildirdi ki, 75 faiz rəqəmi total saxtakarlıq nəticəsində əldə edilib:

- Bu hakimiyyət nə qədər yalan içində üzsə də, nə qədər yalan ayaq tutub yerisə də, özləri də gözəl bilir ki, seçici fəallığı 14-15 faizdən çox olmayıb. Əbədi prezident olmur əzizlərim, əbədi göydə Allahdır, yerdə də millət…

SİYASİ UZUNÖMÜRLÜLƏR DİYARI?

Konstitusiyaya edilən bu dəyişikliklər bir sıra qanunlara edilən oxşar dəyişikliklər üçün bir növ ənənə rolunu oynadı. Əvvəlcə ombudsmanın bir dəfədən artıq, daha sonra isə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətlər götürüldü.

İlin sonuna yaxın daha bir mühüm siyasi hadisə isə bələdiyyə seçkiləri oldu. Dekabrın 23-də keçirilən bu seçkilərdə isə təqribən 15 mindən çox yerə 32 minə yaxın şəxs iddia edirdi. Onların da böyük əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının üzvləri idi.

Elə Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, seçici fəallığının təqribən 30 faiz olduğu budəfəki bələdiyyə seçkilərində yerlərin əksəriyyətini hakim Yeni Azərbaycan Partiyası qazandı. Müxalifət düşərgəsindən az-çox uğur qazananı «Ümid» Partiyası oldu, onların da yeri heç 50-yə çatmadı.

Mərkəzi Seçki Komissiyası bu dəfə də seçkinin azad və demokratik şəkildə keçirildiyini bəyan etdi. Bu quruma görə, səsvermə günü nəticələrə təsir edən hər hansı bir ciddi pozuntu baş vermədi.

YENƏ HƏMİN «KARUSEL»

Ancaq həmin gün məntəqələrdə olan AzadlıqRadiosunun əməkdaşları əvvəlki seçkilərə xas bir sıra pozuntuların şahidi oldular. Onlardan biri də elə «karusel» əməliyyatı - yəni bir seçicinin müxtəlif məntəqələrdə bir neçə dəfə səs verməsi oldu:



- İndi deyirsiz bir də səs verəcəksiz?

- Bir dəfə də səs verərik, 5 dəfə də…

- Harda səs verəcəksiz?

- Ürəyiniz harda istəyirsə…

Üstəlik, seçki günü kabinələrdə eyni vaxta bir neçə seçicini birdən görmək mümkün idi. Məntəqə sədrləri isə bunu seçicilərin latın əlifbasını bilməmələri ilə izah edirdi:

- Bilirsiz bəzi yaşlı, köhnə adamlar latın qrafikasını bilmirlər. Bəziləri isə ümumiyyətlə savadsızdırlar…

Bu dəfə də səsvermədən sonra protokolların dəyişdirilməsi ilə bağlı iddialar ara vermədi.

Beləliklə, 2009-cu ildə həm ölkə Konstitusiyasına dəyişiklik edildi, həm də bələdiyyə seçkiləri keçirildi. Ancaq bütün bu hadisələr köklü siyasi dəyişikliklərə gətirib çıxarmadı…

Şərhləri göstər

XS
SM
MD
LG