Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09
«Bakı – Şamaxı yoluna nə qədər vəsait xərclənməsi haqqında rəsmi məlumatı Nəqliyyat Nazirliyi açıqlamalıdır. Bizim təxmini hesablamalarımıza görə bu yola 200 milyon manat vəsait xərclənib. Mən fikirləşirəm ki, 2010-cu ilin büdcəsindən də vəsait ayrılacaq, çünki yolun Şamaxı-Muğanlı hissəsində də təmir gedir».

Bakı – Şamaxı yoluna xərclənən dövlət vəsaitləri nə qədər effektiv xərcləndiyini izləyən Qeyri-hökumət təşkilatları koalisiyasının üzvü Azad İqtisadiyyata Yardım ictimai birliyinin rəhbəri Zöhrab İsmayıl belə deyir.

Bakı-Şamaxı yolunda bu yaxınlarda Milli Büdcə qrupunun ekspertləri baxış keçirdilər və orada çökmələr müşahidə edilib. Çökmə Müşfiq qəsəbəsi ilə Sulutəpəni birləşdirən hissədə qeydə alınıb.

Zöhrab İsmayıl deyir ki, Bakı-Şamaxı yolunun problemləri hələ bununla qurtarmayacaq:

«Bunun bir çox səbəbləri, əsas səbəb yolun çox sürətlə çəkilməsi ilə bağlıdır. 2007-ci ildən vəsait ayrılsa da bərpa işləri 2009-cu ildə vüsət aldı. 120 km. yolun 1 il ərzində inşa olub tamamlanması təqdirində keyfiyyət aşağı düşür. Xüsusən yolda bərkitmə işləri standartlara uyğun aparılmır, sonradan çökmə əmələ gəlir».

Ekspert iddia edir ki, «Akkord»un podratçı kimi fəaliyyəti heç bir tender tərəfindən rəsmiləşdirilməyib. «Bu da layihə ilə bağlı şəffaf olmayan səhifələrdən biridir. Yəni «Akkord» şirkəti bura necə gəlib çıxdı?»

Zöhrab İsmayıl onu da deyir ki, bu yolun hər kilometrinə təxminən 2 milyon manat vəsait xərclənməsindən söhbət gedir. «2 zolaqlı yol üçün bu çox böyük göstəricidir. Bir çox Avropa ölkələrində, Amerikada əsasən 4 cərgəli yol üçün bu qədər vəsait xərclənir».

«Akkord» şirkətinin sözçüsü Afaq Quliyeva isə deyir ki, podratçı İtalyanının «Todino» şirkətidir, «Akkord» isə subpodratçı kimi iştirak edir və yalnız yolun 62-ci kilometrə qədər olan hissəsini çəkib.

Afaq Quliyeva bildirir ki, şirkətləri Gürcüstanda beton örtüklü yolun çəkiliş ilə məşğul olur, eyni zamanda Qazaxıstanda 107 kilometrlik yolun 157 milyon dollara çəkilməsi ilə bağlı tenderi udublar. Bu layihə 2013-cü ildə başa çatacaq. Rəqəmlərin təhlili göstərir ki, «Akkord» təxminən eyni layihəni Azərbaycandan fərqli olaraq Qazaxıstanda daha ucuz qiymətə həyata keçirir.

Şərhləri göstər

XS
SM
MD
LG