Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Çingiz Bəxtavərin dəfninə yığışanlar həbs edildi


Çingiz Bəxtavər
İranda Milli Hüquqlar uğrunda hərəkatın fəallarından olan Çingiz Bəxtavərin dəfn mərasiminə yığışanlar qəbiristanlıqdan çıxanda döyülərək həbs ediliblər. Ağır bədən xəsarətləri ilə maşına basılıb aparılanlar arsında Abbas Lisani də olub.
Bunu AzadlıqRadiosuna Çingiz Bəxitavərin oğlu Siyamək Bəxtavər deyib:

«Qəbiristanlıq vidalaşmağa gələnlərlə dolu idi. Abbas Lisani, Zülfüqar Kəmali və digərləri çıxış etdilər. Sonra Azərbaycanın milli marşı oxundu. Biz qəbiristanlıqda olanda bayırda milli haqlar barədə şüar səsləndirdikləri üçün artıq 5-6 gəncin tutulması barədə xəbər vermişdilər. Biz oradan çıxanda isə 50-60 nəfər qara paltarlı adam maşınlardan tökülüşüb millətin üstünə cumdular. Camaatı çox pis vəziyyətdə döyüb sürüyə-sürüyə maşınlara basdılar. Polis isə fəaliyyətsizliyi ilə onları himayə edirdi. Abbas Lisani və Ərdəbildən onunla gələn digər 3 nəfəri də döyüb maşına basdılar».

Siyamək Bəxtavər deyir ki, nahardan sonra məscidə gedəndə Abbas Lisanin və yoldaşlarının artıq azad olunduğunu görüb. Amma saxlanılan digərləri hələ də həbsdədirlər.

Onun sözlərinə görə təhlükəsizlik qüvvələri mərasimə toplaşanları heç bir şüar, marş və şeir səsləndirməmək, plakat qaldırmamaq şərtilə məscidə getməyə icazə veriblər. Amma bu təhdid də qonaqların sayına təsir etməyib.

Mərasim davam etdiyi müddətdə polis məscidin ətrafını dövrəyə alıb.

53 yaşlı Çingiz Bəxtavər dekabrın 27-də iş yerində tək növbədə olarkən vəfat edib. Həkimlər onun infarktdan dünyasını dəyişdiyini bildirirlər. Yaxınları isə Çingizin səhhətində heç bir şikayəti olmadığını əsas gətirərək ölümün müəmmalı olduğunu deyirlər.

Ekspertizanın rəsmi rəyi 1 ay müddətinə veriləcək.
XS
SM
MD
LG