Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:37

İslam mədəniyyətinin paytaxtı olmaq Bakıya nə qazandırdı?


Heydər Əliyev Sarayında «Bakı İslam mədəniyyətinin paytaxtı–2009» Mədəniyyət ilinin rəsmi bağlanış mərasimi
Heydər Əliyev Sarayında «Bakı İslam mədəniyyətinin paytaxtı–2009» Mədəniyyət ilinin rəsmi bağlanış mərasimi

Bakı düz bir il İslam mədəniyyətinin paytaxtı oldu. İlin sonuna yaxın bağlanış mərasimi də keçirildi.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu çərçivədə keçirilən tədbirlərə 4 milyon manat xərcləndiyini bildirdi və əlavə etdi ki, vəsaitin həcmindən asılı olmayaraq bu Azərbaycanın təbliğinə həsr olunub. Nazir əlavə etdi ki, Azərbaycan mədəniyyətinin xəzinəsi heç bir maliyyə ilə ölçülmür və ölçülməməlidir.

BƏS MƏDƏNİYYƏT PAYTAXTI ÖZÜNDƏ HANSI CƏHƏTLƏRİ BİRLƏŞDİRMƏLİDİR?

İslam mədəniyyətinin paytaxtı missiyası Bakıya nə qazandırdı? Rəsmilər və bakılılar bu ildən razı qaldılarmı? Bu suallara cavab almaq üçün uyğun şəxslərlə danışıb söhbətləşdik.

İntiqam Hümbətov - Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri:

«2009-cu ili Bakı islam mədəniyyətinin paytaxtı olmaq missiyasını şərəflə daşıdı. Bu tək bizim verdiyimiz qiymət deyil, həm İslam ölkələrinin, həm İSESKO rəhbərlərinin, həm də Avropadan gələn qonaqların fikirləridir. Onlar il çərçivəsində həyata keçirilən tədbirləri, layihələri dəstəklədilər və Bakının əsl mədəniyyət paytaxtı olduğunu təsdiqlədilər.

Təbii ki, Azərbaycan paytaxtı bu missiyanı ilk dədə idi ki daşıyırdı. Və iki il öncə bu qərar qəbul olunanda, bizim öz daxilimizdə mədəniyyət paytaxtı statusunu nə dərəcədə doğrultmaqla bağlı bir sual işarəsi vardı. Amma hər şey yaxşı oldu. Bakı il ərzində keçirilən milli, beynəlxalq tədbirlərin - ilin təntənəli açılış mərasimində İSESKO rəhbərliyinin, ölkə rəhbərliyinin iştirakından tutmuş, ta noyabrda keçirilən İslam ölkələri mədəniyyət nazirlərinin konfransına qədər həyata keçirilən çoxsaylı və geniş mədəni-kütləvi tədbirlər, sərgilər, görüşlərin mərkəzinə çevrildi. Bu tədbirlərdə iştirak edən qonaqlarımız hətta Bakının islam mədəniyyəti paytaxtı kimi, dialoqlar paytaxtı kimi bir statusa hazır olduğunu söylədilər.

Bakı özünün iqtisadi, mədəni yüksəlişinə görə Avropa və İslam dünyası arasında çox mühüm bir mövqedə yerləşir və biz islam paytaxtları ilə bərabər bu tədbirlərdə Avropa ölkələrinin iştirakına da şərait yaratdıq.

Danışılmalı çox şeylər var. Amma qısa desək, ilin təhlili göstərdi ki, indiyədək mədəniyyət paytaxtları statusunu daşıyan şəhərlərə verilən qiymətləri saf-çürük etsək, bizim eşitdiklərimiz ancaq xoş sözlər oldu.

Hər halda, bizə məlum olan rəylər, fikirlər onu göstərdi ki, Bakı islam mədəniyyətinin paytaxtı kimi şərəfli missiyanı layiqincə daşıdı».

«BU İL MƏNİ TAM QANE ETMƏDİ»

Nizami Zöhrabi - «Yom» Türk Dünyası mədəniyyət dərgisinin Azərbaycan təmsilçisi:

«Bu il məni tam qane etmədi. Yadınızdadırsa, ilin əvvəlində «Can Bakı» proqramının bu mövzu ilə bağlı təşkil etdiyi müzakirədə də demişdim ki, islam mədəniyyətinin paytaxtı olmaq özünü dünyada tanıtmaq üçün bir vəsilədir. Hətta söyləmişdim ki, çinlilər bizi türkcə danışan ruslar adlandırırlar. Bunun əsası da var. Yaxamızı kənara çəkə bilmərik. Rusiyanın hər hansı bir şəhəri ilə Bakının arasında elə də böyük fərq yoxdur. Bəlkə də, Moskvada, Rusiyanın başqa şəhərlərində daha çox məscidlər var, nəinki Bakıda. Bakının islam mədəniyyəti paytaxtı olduğu ildə biz heç də xoş olmayan şeylərlə üzləşdik. Keçən il olmayan işlər bu il oldu. Keçən il camelər bağlanmamışdı. Bu il camelər qapandı, söküldü, dağıdıldı. Bu yaxınlarda Türkiyədən qonaqlarım gəlmişdi. Dedilər, arkadaşım, bu yaxında bir came yoxmu, namazımızı qılaq? İstanbuldan gələn adama camelərin azlığı, gözə görünməməsi qəribə gəlir.
Təbii ki, Mədəniyyət və Turizm Nazirliyi bir çox işlər gördü. Bir az da təcrübəsizlik vardı. İnşallah, gələcək zamanlarda aradan qalxar. Məsələn, islam mədəniyyətinin paytaxtı olan ölkədə islami dəyərlərə zidd olan şeylər müşahidə etdim. Bakıda atəşpərəstliklə bağlı «Sönməyən alovlar» foto-sərgisi oldu. Atəşpərəstlik islamdan əvvəl olan inancdır və islama ziddir... Yaxud, «Atəşgah»da keçirilən «Alovlu gecələr» adlı ədəbi-musiqili axşam da həmçinin...

Bir çox tanınmış sənət adamlarının, yazıçıların yubileylərinin bu ilin tədbirləri sırasına salınması da mənə qəribə gəldi. Onların arasında başı səcdəyə gəlməyən adamlar vardı.

Mən bu il gözləyirdim ki, islam memarlıq əsərlərinin, xəttatlıq əsərlərinin müsabiqəsi olacaq - olmadı. İslami mövzuda yazılacaq ən yaxşı bədii əsər müsabiqəsinin keçirilməsini istəyərdim - bu gözləntim özünü doğrultmadı.

İlahilər yazıldı. İslam ehkamına görə, qadın ilahi oxuya bilməz. Ancaq kiminsə xətri xoş olsun deyə, belə şeylərə göz yumuldu.

Eşitdiyimə görə, 2014-cü ildə islam mədəniyyətinin paytaxtı Naxçıvan olacaq. Yəqin ki, indi buraxılan səhvlər orada təkrarlanmaz».
XS
SM
MD
LG