Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:03
- Bizi elə adamlara dəyişdiriblər ki…2 günlük təbriklərdən sonra indi mənə zəng edib deyirlər ki, Hörmət, bu nədir, səni Səkinəyə dəyişdiriblər?

Bu sözləri İmişli rayonunun Qızılkənd bələdiyyəsinə keçmiş namizəd, Müsavat Partiyasının üzvü Hörmət Salahov deyir. Onun sözlərinə görə, 30 saylı İmişli-Beyləqan Seçki Dairəsində keçirilən bələdiyyə seçkilərində öncə onun qələbəsi tanınıb. Dekabrın 24-də DSK-nın protokolları qaliblərə təqdim olunub. Seçkidən 2 gün sonra MSK-nın saytından öyrəniblər ki, sən demə, seçkidə qalib gələn başqalarıymış.

Müsavatçı namizədin sözlərini eyni məntəqədən bələdiyyə üzvlüyü uğrunda mübarizəyə qatılan hakim YAP-ın təmsilçisi Ləkərə Əhmədov da təsdiqləyir:

«8 NƏFƏRİN ADI SİYAHIDA YOXDUR»

- Seçki bitdi, protokolları aldıq, bir-birimizi təbrik etdik. Ayın 25-də isə MSK-nın saytından xəbər tutduq ki, DSK-nın qalib elan etdiyi 8 nəfərin adı siyahıda yoxdur. Yalnız 1 nəfərin adı siyahıda saxlanıb. Qalan 8 nəfərin yerinə seçkidə ən az səs toplayanlar təyin olunub.

Hörmət Salahov deyir ki, səslərin sayılması prosesində ciddi qanun pozuntularına yol verilib:

- Səslər sayılmağa başlayanda ara qarışdı. Polis, icra nümayəndələri məntəqəyə axışdılar. Səslərin sayılması zamanı bəlli oldu ki, birinci yerdə mənəm. Məndən sonra da adı ilkin siyahıda olan 7 nəfər səslərin böyük çoxluğunu toplamışdı. Nəticələr artıq bəlli olanda icra nümayəndələri gördülər ki, onların təklif etdiyi siyahı keçməyib. Polislərlə bərabər seçki məntəqəsindən zorla məntəqə sədrini və üzvlərini, bütün bülletenləri götürüb maşınlarla ərazidən uzaqlaşdırmaq istədilər. Ancaq biz maşınların hərəkətinə imkan vermədik. Onlar qayıtdılar məntəqəyə və səhərə qədər nə məntəqə sədrini, nə də üzvləri kənara buraxmadılar.

Ləkərə Əhmədov isə deyir ki, icra strukturlarının bütün cəhdlərinə baxmayaraq, məntəqə üzvləri saxta protokollara imza atmayıb və seçkinin həqiqi nəticələrinin əks olunduğu protokollar onlara verilib. 2 gün sonra isə MSK DSK-nın siyahısından bütünlüklə fərqli siyahı açıqlayıb.

BƏLƏDİYYƏ ÜZVÜ ELAN EDİLƏN 9 NƏFƏRİN HAMISI YAP-ÇILARDIR

Haqlarının tapdalandığını iddia edənlər deyirlər ki, seçkidən öncə bələdiyyə üzvlərindən 3-nün qadın olacağı haqda xəbərlər dolaşırmış. MSK-nın açıqladığı nəticələr də belədir.
Ləkərə Əhmədov
Dediklərinə görə, rəsmi nəticələrə əsasən qalib gələn qadınlardan biri İmişlidə yox, Bakıda yaşayır, biri xəstəxanada tibb bacısı işləyir, üçüncüsü isə heç yerdə işləməyən ictimaiyyət fəaldır. Bələdiyyə üzvü elan edilən 9 nəfərin hamısı YAP-çılardır.

30 saylı DSK-nın 3 saylı məntəqəsinin sədri Niyaz Məmmədov isə deyir ki, seçkidə ona təzyiq göstərilməyib, proses isə şəffaf olub:

- Bizi heç kim burada girov saxlamayıb. Seçki bitib, biz də səsləri sayıb nəticələri elan etmişik. Daha MSK-da bizim saydığımız səslər artıb-azalıb- bunu biz bilə bilmərik axı.

«SEÇKİLƏRDƏ POLİS HƏMİŞƏ OLUB»

Səslərin sayılması prosesinə polis müdaxiləsinə gəlincə, məntəqə sədri deyir ki, bu, həmişə olur:

- Seçkilərdə polis həmişə olub. Polis yenə burdaydı. Ona görə burdaydı ki, əgər posesə müdaxilə olsa qarşısını alsın.

30 saylı dairənin 4 saylı məntəqəsinin sədri Mehdi Mehdyev də həmkarının sözlərini təsdiq edir. Onun dediyinə görə, seçki prosesi seçici aktivliyi və şəffaflıq şəraitində keçib:

- Seçki normal keçib, qanun pozuntusu olmayıb, protokollar yazılıb DSK-ya verilib. Daha orda kimin adı var, yoxdu, mən bu məsələyə qarışmıram.

Müsahiblərimiz baş verənlərlə bağlı ölkə prezidenti və MSK-ya şikayət ünvanlayıblar. Dediklərinə görə, MSK-da şikayət məktublarını almaqdan imtina edərək bildiriblər ki, məktubu poçtla göndərsinlər.

«BİZ HARDAN BİLƏK Kİ, BELƏ İNSANLAR DOĞRUDAN DA VAR?»


MSK-nın katibi Natiq Məmmədov isə bildirir ki, vətəndaşlar quruma istədikləri sayda şikayət göndərə bilərlər:

- Biz hardan bilək ki, belə insanlar doğrudan da var? MSK-ya rəsmi qaydada müraciətləri daxil olandan sonra araşdırarıq, şikayətlərinə də cavab verərik.

Şərhləri göstər

XS
SM
MD
LG