Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38
DHT metaləritmə müəssisəsinin 200-ə yaxın işçisi AzadlıqRadiosuna müraciət edib ki, onları xəbərdarlıqsız dekabrın 10-dan işdən çıxarıblar.

BƏS MƏNİM MAAŞIM HARA GETDİ?

Müəssisənin metallolom şöbəsində işləyən Elşad Rəhmanov deyir ki, bu haqda qapıdakı gözətçidən xəbər alıblar:

«Bizim pulumuz, təzminatımız - qabaqcadan əməkhaqqının ödənilməsi barəsində heç bir məlumat yoxdur. Kimdən də soruşursan, dəqiq bir məlumat deyən yoxdur».

Fəhlələr deyir ki, aldıqları sonuncu maaş oktyabrındır. Onu da dekabrın 10-da, zavodun bağlanma xəbərini eşidəndə ala biliblər. Noyabrın maaşındansa, söz salan yoxdur.

Ocaqçı Natiq Tahirov deyir ki, bu zavodda maaş gecikdirilməsi adi hala çevrilmişdi. Tələb etməsən, bəlkə, işçinin zəhmət haqqını ödəmək yada da düşməzdi.

AZƏRBAYCANDA MÜDİR-FƏHLƏ MÜNASİBƏTİ

DHT şirkətinin İdarə İşlərinin müdiri Elşən Mansurovla zavodun qapısı qarşısında yarım saat gözlədikdən sonra rastlaşdıq.

İşçilərlə müdirin arasındakı söhbəti nöqtə vergülünədək təqdim edirik:

- Ayıb olsun sizə, çörək yediyiniz yer haqqında gör nə danışırsınız.

- Bir söz soruşum, işdən çıxarılma ilə əlaqədar faiz ödənilməlidir?..

- Ayə, sizi kim işdən çıxarıb?

- İş saxlanılıb da...

- Saxlanma 3-5 gündür... Müvəqqəti saxlanılıb. Yeni, Azərbaycanda analoqu olmayan bir zavod tikilir... 10 gün gözləyəcəkdiniz. Amma bundan sonra gəlib məhz səni çağırmayacaqlar işə. Çünki iz yeri qoydun».

«BÖYÜK BİR ZAVOD TİKİLİR...»


Səsinin yazılmasına icazə verməyən Elşən Mansurov deyir ki, işçilər zavoddan çıxarılmayıb:

«Böyük bir zavod tikilir. Yeni zavodun o biri hissəylə birləşdirilməsi üçün müəyyən vaxt tələb olunur. İşçilər boş-boşuna bütün günü oturmalıdırlar burda?»

Elşən Mansurov deyir ki, maaş problemi yoxdur:

«Bizim qaydalara görə, hər ayın maaşı bir ay sonra verilir. Maaş günü ayın 25-dir. Bunlar gəlib noyabrın maaşını dekabrın 25-də alacaqlar».

Ayın 25-i işçilərlə əlaqə saxladıq. Bildirdilər ki, hələ maaş gəlməyib.

POZULAN ƏMƏK MƏCƏLLƏSİ HANSI HAQLAR VERİR?


Sahib Məmmədov
Vətəndaşların əmək hüquqlarının müdafiəçisi Sahib Məmmədov deyir ki, DHT-nin maaş qrafiki Əmək Məcəlləsinin tələblərinə uyğun gəlmir.

Məcəlləyə əsasən, əməkhaqqı ayın sonundan gec olmamaq şərtilə verilməlidir. Əks halda, fəhlələrin şirkətdən hər gecikdirilən günə görə 1 faiz əlavə ödəniş tələb etmək hüquqları var.

DHT şirkətində dəyişikliklərdən dolayı işçilərlə münasibət necə həll olunmalıdır?

Sahib Məmmədov: «Müəssisədə yenilik tətbiq olunursa və xeyli müddət iş dayanırsa, onda sənədləşdirmə olmalıdır və işçilər ödənişsiz məzuniyyətə göndərilməlidir. Sənədləşdirmədə işçinin hansı müddətə məzuniyyətə göndərildiyi də qeyd olunmalıdır. Bütün haqq-hesablar da ödənilməlidir».

Məzuniyyətin müddəti ilə bağlı isə heç İdarə İşləri müdiri Elşən Mansurov da konkret tarix göstərmədi.

«ƏMƏK MÜQAVİLƏSİ NƏ OLAN ŞEYDİR?»


DHT şirkətinin işçilərindən «əmək müqaviləniz varmı» soruşanda, ocaqçı Emin Əliyev «o nə olan şeydir» deyə cavab verdi.

Fəhlə Elşad Rəhmanov da bildirdi ki, onların yalnız əmək kitabçası var, müqavilə filan imzalamayıblar.

Sahib Məmmədov deyir ki, qanunvericiliyə əsasən, müqaviləsiz hər işçi üçün müəssisəni 20 min manat cərimə gözləyir.

DHT şirkətində Dövlət Əmək Müfəttişliyinin sonuncu yoxlaması 2008-ci ilin oktyabrında olub.

Baş əmək müfəttişi Telman Quliyev deyir ki, araşdırma zamanı iki pozuntu aşkarlanıb: şirkətin əmək müqavilələrinin tərtibatı və əmək müqavilələrinə xitam verilərkən əmrin məzmunu qanunvericiliyə uyğun deyil.

ƏMƏK MÜFƏTTİŞLİYİ DHT-DƏ YOXLAMA APARIR

Müfəttiş bildirir ki, DHT-də yenidən araşdırmaya başlanılıb. Bu dəfə işçilərin müraciətlərinə əsasən:

- Araşdırma zamanı məlum olub ki, DHT müəssisəsində yeni 50 tonluq ocağın qurulması ilə əlaqədar yenidənqurma və tikinti-bərpa işləri aparılır. Həmin sahədə işləyənlər 10 dekabr 2009-cu il tarixli əmrlə vəzifə maaşlarının 2/3-si ödənilməklə 2 ay müddətinə məzuniyyətə buraxılıblar.

- Amma işçilər və işçilərin yanında müdir də dedi ki, sonuncu ödənilən oktyabr maaşıdır. Noyabrın da, dekabrın 10 iş gününün də maaşı qalır…

- Şirkətin müqavilələrində nəzərdə tutulub ki, hər hansı ayın maaşı növbəti ayın 10-dək ödənilməlidir. Noyabrın maaşları ödənməyib. Amma şirkət zəmanət verib ki, noyabrın maaşı yanvarın 10-dək ödəniləcək.

- İşçilər deyir ki, onlar heç bir əmək müqaviləsi ilə tanış deyillər...

- Dövlət nəzarəti həyata keçirilən zaman həmin işçilərin əmək müqavilələri tərtib edilib. Əmək müqavilələri hazırda müəssisədə də var. Bir surəti də bizdədir.

Rəhbərliklə təqdim etdiyimiz mübahisədən sonra fəhlələr şübhə edirlər ki, onları yenidən işə qaytaracaqlar.

Dövlət Əmək Müfəttişliyinin rəsmisi isə belə halın olmayacağına söz verdi.
Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG