Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04
MƏN BİR ÖLÜYƏM

İndi mən bir ölüyəm, quyunun dibində bir cəsədəm.

Son nəfəsimi verəndən xeyli vaxt keçib, ürəyim çoxdan dayanıb, amma qatilimdən başqa başıma gələnləri heç kim bilmir.

O yaramaz, o alçaq məni öldürməyinə tam əmin olmaq üçün nəfəsimi dinlədi, nəbzimi yoxladı, sonra böyrümə bir təpik vurdu, məni quyuya tərəf sürüdü və qaldırıb aşağı atdı.

Daşla yardığı başım - meyitimin quyunun dibinə düşməsilə parça-parça oldu, üzüm, alnım, yanaqlarım əzilib yox oldu; sümüklərim qırıldı, ağzım qanla doldu.

Evə qayıtmamağımdan dörd gün keçdi: Arvadım, uşaqlarım məni axtarırlar.

Qızım ağlamaqdan əldən düşüb, bağçanın qapısına baxa-baxa qalıb. Hamısının gözü yolda, qapıdadır.

Görəsən doğrudanmı gözləri qapıdadır? Onu da bilmirəm. Bəlkə də yoxluğuma alışıblar. Nə pis!

Adam burda olanda ona elə gəlir ki, vidalaşdığı həyat əvvəlki axarıyla davam edir.

Mən dünyaya gəlməmişdən qabaq arxamda hüdudsuz bir zaman vardı. Mən öləndən sonra da bitib-tükənməyən bir zaman.

Sağ olanda heç bu haqda düşünməzdim; işıqlar içində ömrümü sürərdim - iki qaranlıq zamanın arasında.

Xəşbəxt idim, xoşbəxtiymişəm; indi anlayıram: Padşahımızın nəqqaşxanasında ən yaxşı təzhibləri mən yaradardım və ustalıqda mənə yaxın düşə biləcək bir müzəhhib yoxdu.

Kənarda götürdüyüm işlərdən ayda əlimə doqquz yüz ağça pul gələrdi.

Bunlar da təbii ölümümü daha da dözülməz edir.

Yalnız naxış və təzhib yaradardım; səhifələrin qıraqlarını bəzəyər, çərçivə içinə rənglər, rəngli yarpaqlar, budaqlar, güllər, çiçəklər, quşlar çəkərdim: Çin üslubunda qıvrım-qıvrım buludlar, bir-birinin içinə keçən yarpaqlar, əlvan meşələr, meşələrdə gizlənən ceyranlar, döyüş gəmiləri, padşahlar, ağaclar, saraylar, atlar, ovçular...

Əvvəllər bəzən boşqab içinə naxış vurardım, bəzən də bir güzgünün arxasına, bir kağızın içinə, Boğaziçində bir yalının, bir konağın tavanına, yaxud da bir sandığın üstünə...

Son illərdə isə yalnız bir kitabın səhifələri üzərində işləyirdim, çünki padşahımız naxışlı kitablara çox pul verirdi.

Deməzdim ki, ölümə tuş gələn kimi pulun həyatda heç bir əhəmiyyəti olmadığını başa düşdüm. İnsan həyatda olmayanda da pulun əhəmiyyətini anlayır.

İndi mənim bu vəziyyətimdə səsimi eşidə bilməyinizə - bu möcuzəyə baxıb nə düşünəcəyinizi bilirəm: Sağ olanda nə qədər pul qazandığını qoy bir qırağa, bizə orda gördüklərindən danış.

Ölümdən sonra nə var, ruhun hardadı, Cənnət və Cəhənnəm necə olur, orda nələr görürsən?

Ölüm nə olan şeydi, canın od tutub yanırmı? Haqlısınız. Həyatda olarkən insanın o üzdə nələrin baş verməsiylə çox maraqlandığını bilirəm.

Məhz bu niyyətlə qanlı savaş meydanlarında meyitlər arasında gəzişən birisinin hekayəsini danışırlar...

Can verməkdə olan yaralı cəngavərlər arasında ölüb-dirilmiş birisinə rast gələrəm, o da mənə o dünyanın sirlərini verər – deyə döyüş meydanını gəzən həmin adamı Teymurun əsgərləri düşmən bilib bir qılınc zərbəsiylə ikiyə bölürlər, o da o dünyada insanın ikiyə bölündüyünü sanır.

Belə bir şey yoxdu. Hətta dünyada ikiyə bölünən ruhların burada birləşdiyini də söyləyə bilərəm. Amma dinsiz kafirlərin, zındıqların və Şeytana uyan küfürbazların iddialarının əksinə olaraq şükür ki o biri dünya - mövcuddur. Səsimin ordan sizə yetməyi bunun sübutudur.

Öldüm, amma gördüyünüz kimi yox olmadım.

Amma o biri tərəfdən Quran-Kərimdə təsvir edildiyi kimi Cənnətdə - qarşısından bulaqlar axan, qızıldan, gümüşdən tikilmiş evlər, iri meyvəli, iri yarpaqlı ağaclar və bakirə gözəllərlə rastlaşmadığımı da söyləməyə məcburam.

Halbuki Vaqiyə surəsində təsvir edilən Cənnətdəki o iri gözlü hurilərin rəsmini dəfələrlə necə nəşəylə çəkdiyimi indi də çox yaxşı xatırlayıram.

Quranı-Kərimdə deyil, İbn-Ərəbi tək geniş təxəyyüllülərin şişirdərək vəsf etdiyi kimi süddən, şərabdan, ləzzətli sudan və baldan olan o dörd bulağa da təbii ki rast gəlmədim.

Haqlı olaraq o dünyanın ümid və xəyalları ilə yaşayan bir çox adamı inancsızlığa sürükləmək istəmədiyim üçün bütün bunları öz şəxsi durumumla bağlı olduğunu da burdaca qeyd etməyim lazımdır.

Ölümdən sonrakı həyat mövzusundan az da olsa məlumatı olan hər bir mömin mənim bu narahat durumumda Cənnətdəki bulaqları görməkdə çətinlik çəkdiyimi anlayar.

Uzun sözün qısası, nəqqaşlar və ustalar arasında Zərif Əfəndi kimi tanınardım. Amma dəfn edilmədim və buna görə də ruhum bədənimi tam tərk etmədi.

Cənnət, Cəhənnəm hardadısa, taleyim, ruhumun oralara yetişməsi üçün cismani çirkabdan azad olması lazımdır.

Başqalarının da başına gələn bu nadir hadisə ruhuma qorxunc əzablar yaşadır.

Kəlləmin param-parça olmasını, bədənimin yarısının yaralar və qırıqlar içində buz kimi suda çürüməsini hiss etməsəm də, cismimi tərk etmək üçün çırpınan ruhumun dərin əzablarını hiss edirəm.

Sanki dünya-aləm mənim içimdə sıxılaraq daralmağa başlayır.

Bu daralma hissini yalnız heç nəyə bənzəməyən o ölüm anında hiss etdiyim heyrətamiz genişlik hissiylə qarşılaşdıra bilərəm.

Heç gözləmədiyim daş zərbəsi ilə kəllə sümüyümün bir tərəfini qıranda o alçağın məni öldürmək istədiyini dərhal anlasam da, öldürülə biləcəyimə inanmadım.
İçim ümidlə doluymuş, amma nəqqaşxana ilə evim arasında solğun həyatımı yaşayarkən heç bunun fərqinə varmamışdım.

Həyata barmaqlarım, dırnaqlarım, onu dişlədiyim dişlərimlə bərk-bərk yapışdım.

Başıma dəyən digər zərbələrin acısıyla sizin canınızı sıxmayım.

Öləcəyimi kədərlə anladığım zaman içimə inanılmaz bir genişlik hissi hakim oldu.

Keçid anını bu genişlik hissi ilə yaşadım.

Bu yana keçməyim insanın özünü yuxuda yatan yerdə görməsi kimi rahat oldu. Ən axırda alçaq qatilimin qarlı, palçıqlı ayaqqabılarını gördüm.

Sanki yuxuya getdim - gözlərimi yumdum və şirin bir yuxu içində bu yana adladım.

İndiki şikayətim dişlərimin qanlı ağzıma ləbləbi kimi tökülməyindən, üzümün əzilib tanınmaz hala düşməsindən, yaxud bir quyu dibinin divarları arasında sıxılıb qalmağımdan yox, hələ də sağ sayılmağımdandı.

Məni sevənlərin indi məni tez-tez yada salaraq İstanbulun hansısa bucağında başımın axmaq-axmaq işlərə qarışdığını, hətta başqa bir qadının dalınca düşdüyümü zənn etmələrinə sıxılıram.

Tez mənim meyitimi tapıb namazımı qılsınlar, cənazəmi qaldırıb məni dəfn etsinlər! Ən əsası – qatilim tapılsın.

O alçaq tapılmasa, lap istəyirlər məni ən möhtəşəm qəbirdə dəfn etsinlər, bilin ki, narahatlıq içində məzarımda o üz-bu üzə çevrilib gözləyəcəyəm və hamınıza inancsızlıq təlqin edəcəm.

Siz - qatilim olan o qəhbə balasını tutun, mən də - sizə o dünyada görəcəklərimi bir-bir anladım!

Amma qatilimi tutandan sonra gərək ona məngənə alətiylə işgəncə verib sümüklərindən beş-onunu, əsas da döş qəfəsini yavaş-yavaş xırçıltıyla qırasınız, sonra da onun iyrənc və yağlı saçlarını - işgəncə verənlərin məhz bu iş üçün düzəldikləri şişlərlə - başının dərisini deşməklə bağırda-bağırda bir-bir yolasınız.

Bu qədər nifrət etdiyim qatilim kimdir, heç gözləmədiyim bir halda niyə məni öldürdü? Düşünün bu haqda! Bu dünya varlığı bir qara qəpiyə dəyməyən alçaq qatillərlə doludur, birmi-beşmi?

Odur ki, ehtiyatlı olun: Ölümümün arxasında dinimizə, ənənələrimizə, dünyagörüşümüzə qarşı qəsd niyyəti var.

Açın gözlərinizi, inandığınız və yaşadığınız həyatın, İslamın düşmənlərinin məni niyə öldürdüyünün, bir gün sizi də niyə öldürə biləcəyinin səbəbini öyrənin.

Bütün sözlərini göz yaşları içində dinlədiyim Ərzurumlu vaiz Nüsrət Hocanın dedikləri bir-bir düz çıxır. Başımıza gələnlər hekayə kimi bir kitaba yazılsa belə, əminəm ki, ən usta nəqqaşlar da həmin kitab üçün rəsm çəkə bilməz.

Qurani-Kərim kimi – yanlış anlamayın ha! – bu kitabın da təsir gücü elə böyükdür ki, ona rəsm çəkmək mümkün deyil. Bunu anlaya bildiyinizə şübhəm var.

Bilin ki, mən də şəyirdlik dövrümdə dərin qatlardakı həqiqətlərdən, başqa yerdən gələn səslərdən qorxub buna fikir verməz, belə şeylərlə məzələnərdim.

Axırda qismətim bu lənətə gəlmiş quyunun dibi oldu! Bu sizin də başınıza gələ bilər: gözünüzü dörd açın.

Bəlkə yaxşıca çürüsəm, iyrənc qoxumu hiss edib məni tapdılar. Buna ümid etməkdən başqa əlimdən bir şey gəlmir.

Bir də alçaq qatilimə tutulandan sonra xeyirxah bir adamın verəcəyi işgəncələri təsəvvür etməkdən başqa.

Tərcümə: AzadlıqRadiosu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG