Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:30
- Yatmışdım, bir də gördüm ki, tıqqıltılar gəlir, elə bildim tülküdür, toyuq-cücəyə gəlib, durub «zajiqalka»nı yandırdım, gördüm bu oğlandı, gəlib. Tutdu saçımdan, bir-iki pillə qalxdı, sürüyə-sürüyə saldı yerə. Dedi ki, bu dəfə əlimdən çıxa bilməyəcəksən.

Cəlilabad rayonunun Ağdaş kənd sakini Rəna Niftullayeva Cəlilabad rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşı Ravin Niftullayev tərəfindən zorlandığını iddia edir. Qadının sözlərinə görə, ötən il oktyabrın 23-dən 24-nə keçən gecə Ravin Niftullayev onun yaşadığı mənzilə girərək onunla zorakı yolla cinsi əlaqədə olub:

- Qaldırıb məni qoltuğunun altına aldı, başladı telefonda pis-pis şeylər göstərməyə. Başladım ağlamağa, hay-küy salmağa, uşaqlar yatmışdı, eşitmirdilər. Tutdu, itələdi üzü üstə, başıma yumruq vuranda huşumu itirdim. Ayılanda gördüm ki, hər şey bitib.

«BU DƏFƏ ƏLİNDƏN ÇIXA BİLMƏDİM»


Rəna Niftullayeva əvvəllər də həmin polis işçisinin onun mənzilinə girdiyini, lakin niyyətinin baş tutmadığını deyir:

- Üç-dörd dəfə evə basqın edib, çırpılmışam, barmağını dişləmişəm, sinəsinə yumruqla vurmuşam, imkan verməmişəm. Ancaq bu dəfə əlindən çıxa bilmədim.

Qadın polis işçisinin əvvəllər təcavüzkar hərəkətləri barədə susduğunu belə əsaslandırır:

- Dedi səni əlimdəki tapançayla öldürəcəyəm, evini yandıracağam. Mən də qorxumdan heç kəsə demədim. Dərənin-təpənin dibindəyəm 3 körpə uşaqla, ona görə qorxumdan heç kəsə bildirmədim.

Rəna Niftullayevanın qayınatası Əlisahib Niftullayev deyir ki, oğlu Rusiyadadır, gəlini üç azyaşlı övladı ilə yeni salınmaqda olan yaşayış massivində şəraitsiz bir tikilidə yaşayır. Ötən il gəlininin polis işçisi tərəfindən zorlanması ilə bağlı Cəlilabad rayon Prokurorluğuna şikayət ediblər. Rayon prokurorluğu faktla əlaqədar cinayət işi başlasa da, sonradan işə xitam verib:

- Keçmiş prokuror Ceyhun Əliyev məni qəbul elədi, ərizə aldı bizdən, dedi, mən onun dərsini verərəm, narahat olma. Üç gün sonra bizi çağırdı, dedi Əlisahib kişi, oğlan deyir, mən olmuşam orda, üç-dörd dəfə. Hər gedəndə onunla əlaqədə olmuşam. İzahatı bizdən aldı, verdi «pomprokurora». «Pomprokuror» çıxıb çöldə mənə nə desə yaxşıdı? Dedi, Əlisahib kişi, sənin oğlun da gəzir də Rusiyetdə, sən özün cavan olanda gəzməmisən? Dedim, ayıb olsun sənə, nə danışırsan sən?

Bu il Cəlilabad rayon Prokurorluğunun müstəntiqi Cəlaləddin Axundov cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb. Müstəntiqin çıxardığı qərarda qeyd olunur ki, cinayət işi üzrə aparılmış istintaq zamanı Rəna Niftullayeva ilə Ravin Niftullayev arasında 2007-ci ilin oktyabrından 2008-ci ilin oktyabrınadək cinsi əlaqədə olmaları təsdiqlənib. Bu, könüllü baş verdiyindən istintaq Ravin Niftullayevin əməlində cinayət tərkibi aşkar etməyib. Rəna Niftullayevanın Ravin Niftullayev tərəfindən döyülməsini də sübuta yetirmək mümkün olmayıb.

«O ADAM HADİSƏ BAŞ VERƏNƏDƏK POLİS ORQANINDA İŞLƏYİB»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, Ravin Niftullayev Göytəpə polis bölməsinin polis əməkdaşı olub. Ancaq hələ sözügedən hadisə baş verməmişdən əvvəl öz raportu ilə daxili işlər orqanından xaric edilib:

- Bu adam polis orqanlarından öz raportu ilə gedib. Biz maraqlanmışıq. O vaxt Cəlilabad rayon Prokurorluğunda istintaq işi həyata keçirilib və qadının zorlanması ilə əlaqədar fakt öz təsdiqini tapmayıb.

Ehsan Zahidov Ravin Niftullayevin polisdən getməsinin səbəbini belə izah edir:

- Bəs niyə gedirdi, cavan adam idi, onu nə vadar edirdi polisdən getməyə?

- Deyir, məsələn, polisdəki ağır iş şəraitinə uyğunlaşa bilmir, ona görə də gedib. Orda nə var ki?

- Hadisə baş verərkən polis geyimində olub...


- Onu kim deyir?

- Həmin zərərçəkən.

- Noolsun deyir? Mən də deyirəm prokurorluqda cinayət işi qaldırılıb, ancaq qadının iddiaları sübuta yetməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovsa başqa söz deyir:

- O adam hadisə baş verənədək, o müddətədək polis orqanlarında işləyib. Sonradan polis orqanlarından öz ərizəsinə əsasən xaric olunub. Aparılmış istintaq zamanı Rəna Niftullayevanın həmin şəxs tərəfindən döyülməsi faktı təsdiq olunmayıb. Yəni bu məsələlər istintaq zamanı öz təsdiqini tapmayıb.

Rənanın qayınatası Əlisahib Niftullayevin sözlərinə görə, Respublika Baş Prokurorluğuna vurduğu saysız teleqramlara əhəmiyyət verən yoxdur. Ravin Niftullayev hadisədən bir neçə gün sonra daxili işlər orqanından xaric edilsə də, onu yalnız bura qədər cəzalandırmaqla kifayətləniblər. Onlarsa təcavüzkarın daha layiqli cəzalandırılmasını tələb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG