Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:20

«AzadlıqRadiosuna zəng edən o «delovoy» oğlan kimdir elə?»


«Bələdiyyə seçkilərindən şikayət edənlər şifahi müraciətlərlə heç nəyə nail ola bilməyəcəklər»
«Bələdiyyə seçkilərindən şikayət edənlər şifahi müraciətlərlə heç nəyə nail ola bilməyəcəklər»
Seçki saxtakarlıqları ilə bağlı AzadlıqRadiosuna çoxsaylı şikayətlərə baxmayaraq, əksər dairə seçki komissiyalarından deyirlər ki, onlara pozuntularla bağlı şikayətlər daxil olmayıb. Sabirabaddan çoxsaylı şikayətlər gəlsə də, 64 saylı Sabirabad DSK-nın sədri Şükür İmanov deyir ki, onlara bir nəfər də şikayət etməyib:

- Ay müəllim, AzadlıqRadiosuna nə şikayət ediblər?

- Deyirlər xeyli saxtakarlıqlar olub, polis səslər sayılmamış qutuları götürüb aparıb DSK-ya...

- Bahooo! Sabirabadda aləm dağılıb? Kimdir onu AzadlıqRadiosuna deyən «delovoy» oğlan, gəlib elə onu dairəyə deyəydi də. Niyə onlar bizə bu barədə rəsmi müraciət eləmirlər ki, belə hadisələr olub?

64 saylı Sabirabad Dairə Seçki Komissiyasının Şıxsalahlı kənd bələdiyyəsinə namizədliyini irəli sürən, hələ də nə qədər səs topladığını öyrənə bilməyən Murad Məmmədov isə müraciətin mənasız olduğunu bildirir. Deyir əgər məntəqədən polis gücünə götürülən seçki qutusu DSK-ya aparılıbsa, o, həmin ünvana yenidən nəyə görə müraciət etməlidir?

HÜQUQİ NİHİLİZM SÖZÜNÜN MƏNASINI DSK QARŞISINDA TAPAN NAMİZƏD

Şəkidən Mərkəzi Seçki Komissiyasının sədrinə və digər rəsmi şəxslərə elektron poçtla altı məktub göndərən Bakıxan Qəribov isə daha sonra eyni məzmunlu məktubu 115 saylı 2-ci Kənd Seçki Dairəsinə aparıb, amma polisdən başqa heç kimi tapmayıb:

- İndi gəlmişəm DSK-ya, bir sıravi üzv də tapa bilmirəm ki, şikayət məktubumu ona verim. Mən indi məktubu kimə verim? Mən hüquqi terminlər içərisində hüquqi nihilizm sözünə rast gəlirdim, deyəsən, elə hüquqi nihilizm bu imiş.

Bakıxan Qəribovun tapa bilmədiyi 115 saylı 2-ci Kənd Seçki Dairəsinin sədrini, katibini və sıravi üzvlərini biz də tapa bilmədik. Tapdığımız həmin dairənin 23 saylı məntəqəsinin katibi oldu, o da toyda olduğundan ətraflı danışa bilməyəcəyini dedi:

- Vallah, mən indi Aşağı Çəldəkdə toydayam.

ÇOX AXTARIB TAPMAYIB, İNDİ DƏ GETMİR


Salyan rayonunun Arbatan kənd bələdiyyəsinə namizədliyini verən Vüqar Əliyev də 59 saylı DSK-nın sədrini iki gün axtarıb tapa bilməyib. Ona görə də şikayətini Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanlayıb. Bundan sonra DSK sədri onu axtarmağa başlayıb. Vüqar Əliyev deyir ki, indi də o dairəyə getmək istəmir:

- Mən MSK-ya yazdığım şikayətdə qeyd eləmişəm ki, bu şikayəti DSK-ya təqdim eləmək üçün iki gün sədri axtarıb tapa bilməmişəm. Mənim müraciətimdən sonra o mənə zəng elətdirir ki, gəlsin ərizəsini versin. Nəyimə lazımdır mən yenidən ərizə verim.

Salyan rayonu 59 saylı DSK-nın sədri Səlamət Kərimov deyir ki, o doğrudan da, Bakıya - MSK-ya getdiyi üçün bir müddət işdə olmayıb. Amma telefonu həmişə açıq olub. Salyana qayıdandan sonra MSK-nın hüquq şöbəsindən ona zəng edib şikayət olunduğunu bildiriblər. İndi iş yerində olduğunu deyən komissiya sədrinin sözlərinə görə, seçki saxtakarlığı ilə bağlı bir şifahi şikayətdən başqa ona ikinci bir adam müraciət etməyib.

Salyanda hüquq müdafiəçisi Emil Məmmədov deyir ki, seçki günündən indiyə qədər narazı adamlar dəstə-dəstə icra hakimiyyətilə
Abil Bayramov
DSK arasında get-gəldədirlər, amma onlara dəqiq cavab verən yoxdur.

Emil Məmmədov deyir ki, 20 namizəd seçki saxtakarlığına yol verənlərin cinayət məsuliyyətinə cəlb olunmasıyla bağlı bu gün prezidentə müraciət ediblər.

ŞİFAHİ MÜRACİƏTLƏR ŞANSLARI İTİRİR

Hüquqşünas Abil Bayramov deyir ki, bələdiyyə seçkilərindən şikayət edənlər şifahi müraciətlərlə heç nəyə nail ola bilməyəcəklər. Hüquqşünasa görə, seçki saxtakarlıqlarından danışanlar seçki komissiyalarına rəsmi müraciət etmirlərsə, onlar sonradan məhkəməyə müraciət etmək şanslarını itirmiş olurlar.

Mərkəzi Seçki Komissiyasından AzadlıqRadiosuna verilən məlumata görə, indiyə qədər MSK-ya cəmi 10 şikayət daxil olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG