Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:38
Bulvarda - dənizin bir neçə addımlığında, ətrafında yaşıl otlar olan ərazidə buz meydançası görsəniz, təəccüblənməyin. Bur neçə günə bulvarın «Azneft» meydanına yaxın hissəsində buz meydançası açılacaq.

Bakı Bulvar İdarəsindən verilən məlumat görə, buz meydanı 1000 kvadratmetr sahədə salınıb. Uzunluğu 40 metr, eni 25 metrdir. Avadanlıqlar Hollandiyadan gətirilib, yerli mütəxəssislərsə quraşdırıblar.

MEYDANDAKI BUZ ƏSL BUZDUR

İndilik burda hələ işlər gedir. Buz meydanı hazır olsa da, meydanın ətrafı hələ tam hazır deyil. Maraq üçün baxmağa gələnlər meydandakı buzun əsl buz olub-olmamasını bilmək istəyirdilər. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, heç kimin şübhəsi olmasın, meydandakı buz əsl buzdur. Buz üstündə sürüşə bilməyənləri isə təlimçilər öyrədəcək:

«Məlumdur ki, Azərbaycandakı iqlim şəraiti adamların çoxuna buz üstündə sürüşmək imkanı vermir. Ona görə də burda xüsusi təlimçi olacaq. Bilməyənləri öyrədəcək. Buz üstünə çıxmağa isə 5 yaşdan yuxarı icazə verilir. Konkilərdən istifadə olunacaq. Sərxoş və əlillərə isə sürüşməyə icazə verilməyəcək».

Buz üstünə çıxmaq istəyənlər 10 dəqiqədən 1 saata qədər sürüşə bilərlər. Qiymətlərə gəldikdə isə 10 dəqiqə üçün 5 manatdan, 20 dəqiqə üçün 8 manatdan, 40 dəqiqə üçün 14 manatdan, 1 saat üçün 20 manatdan keçmək lazımdır. Eyni vaxtda 20-30 adam buz meydanından istifadə edə bilər.

BAKIDA HƏLƏ BELƏ BİR ŞEY OLMAYIB

Meydanın kənarından baxanlar deyirlər ki, indiyə kimi Bakıda belə şey olmadığından meydanda sürüşməyi maraqla gözləyirlər:

«Həmişə konki sürənlərə televizorda həvəslə baxmışıq. İndi özüm də sürüşmək istəyərdim.
Əlbəttə, çox maraqlıdır. Mən yıxılsam qorxmaram, onsuz da yıxıla-yıxıla böyümüşük».

Ərazinin təmiriylə məşğul olanlardan bir neçəsi meydana çıxıb sürüşdülər də, aralarında yıxılanlar da oldu:

Nazim Məcidov
«Maraqlıdır, ancaq həm də qorxuludur. Gərək öyrənib çıxasan, yoxsa mənim günümə düşərsiniz».

NƏ QƏDƏR VƏSAİT XƏRCLƏNİB?

Meydanın neçə müddətə fəaliyyət göstərməsinə gəldikdə, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, müvəqqəti olacaq:

«Mövsümü xarakterdir. Bu il gec açıldığına görə, martın axırına qədər fəaliyyət göstərəcək. Gələn ildən isə noyabrın axırından, dekabrın əvvəlindən açılacaq. Yay mövsümündə isə meydança qalacaq. Roller və skeytbord idman həvəskarları burdan istifadə edə biləcəklər. Burdakı avadanlıqdır elə avadanlıqlardır ki, sökülüb, yığıla bilir. Qışda isə yenə quraşdırılacaq».

Nazim Məcidov layihəni AzərÇobra adlı şirkətin həyata keçirdiyini desə də, bura nə qədər vəsait xərclənməsi haqqında məlumat verə bilməyəcəyini bildirdi. Buz meydançasının açılışı isə dekabrın 29-31-i arasında olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG