Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:23

İ. Əliyev: «Biz istəyirik ki, müharibə olmasın»


«Əfsuslar olsun ki, 2009-cu il də, Qarabağ münaqişəsinin həllində həlledici il olmadı».

Bunu dekabrın 24-də prezident İlham Əliyev Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı zamanı deyib.

Prezident bildirib ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün 2009-cu ilə böyük ümidlər bəslənilirdi. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə nəticəyə gələ bilməmişik. İlham Əliyev əlavə edib ki, «bu gün məsələ ilə məşğul olan bütün tərəflər problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyirlər. O cümlədən Ermənistan tərəfi də məcbur olub məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəzərdə tutan siyasi sənədə qol çəkib».

«Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində bütün parametrlər üzrə aparıcı ölkədir deyən» prezident bildirib ki, «bütün bölgədə iqtisadi tənəzzül yaşandığı bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişafdadır. İnfrastruktur layihələri, sosial məsələlərin həlli, şəhərlərin abadlaşması, ordu quruculuğu - Azərbaycan Ermənistanı bütün istiqamətlər üzrə bir neçə dəfə qabaqlayır».

Prezident qeyd edib ki, Azərbaycanın iqtisadi və hərbi gücü bizə məsələni hərbi yolla həll etməyə imkan verir: «Ancaq biz istəyirik ki, müharibə olmasın. Biz istəyirik ki, bundan sonra şəhidlər verilməsin. Biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Amma bununla bərabər, hər an Azərbaycan ordusu və Azərbaycan cəmiyyəti hazır olmalıdır ki, torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək».

Günün bütün mövzuları

XS
SM
MD
LG