Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:55

«Onlara qələm verin»


8 saylı Binəqədi Seçki Dairəsinin 12 saylı seçki məntəqəsi

8 saylı Binəqədi Seçki Dairəsinin 12 saylı seçki məntəqəsi

8 saylı Binəqədi Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi məktəbin idman zalında yerləşir. Müşahidəçilərin masasıyla seçki komissiyasının masası qapaq-qabağa olsa da, müşahidəçilərin masaları bom-boş idi. Masanın üstündə olan qadın çantası deyir ki, sahibi buralardadır. Elə bizim içəri girən kimi boş müşahidəsi stullarını video-lentə almağımız da komissiya üzvlərinin xoşuna gəlmədi, ortalıqda görünməyən müşahidəçiləri səslədilər:

«ONLARA QƏLƏM VERİN»

- Gərək boş stolları çəksinlər, gəlin oturun da.

Onlar da gəlib otururlar, amma qarşılarında nə qələm, nə də dəftər var. Elə 11 saylı Qaradağ Seçki Dairəsinin 27 saylı seçki məntəqəsindəki müşahidəçilər də qollarını çarpazlayıb yorğun-arğın oturmuşdular. Soruşduq ki, qələmləri varmı? Cavab məntəqə sədrindən gəldi:

- Onlara qələm verin.

Bu dairənin 30 saylı məntəqəsində isə müşahidəçi masasının arxasında əyləşmiş iki gənc qızın başı söhbətə qarışmışdı. Məntəqəyə jurnalist gəlməsindən xəbər tutan bir müşahidəçi isə məntəqədə sədrinin otağından gəldi. Qızlar isə söhbətdən ayrılmalı oldu:

«ÖZ TƏŞƏBBÜSÜMLƏ GƏLMİŞƏM»

- Neçə seçicinin gəldiyini qeyd eləmisiz?

Qızlar gülümsünür.

- Haranı təmsil eləyirsiz?

Biri dilli-dilavərliyini göstərir:

- 11 saylı Qaradağ seçki dairəsinin 30 saylı seçki məntəqəsindəyik.

- Onu görürəm. Soruşuram ki, müşahidəçi kimi haranı, kimi təmsil eləyirsiz?

Cavab gecikir. Oturduqlarından yaxalarındakı müşahidəçi vəsiqəsinin üstünü oxuya bilmirəm:

- Baxın vəsiqənizə də, görək sizə haranı veriblər.

Bayaqkı dilli-dilavər qız vəsiqəyə göz gəzdirən kimi cavab verir:

Adil Fərəməzov bilmir ki, müşahidəçidir, yoxsa bələdiyyəyə namizədin vəkili
- Öz təşəbbüsümlə gəlmişəm.

8 saylı Binəqədi Seçki Dairəsinin 12 saylı seçki məntəqəsinə gələn Adil Fərəməzov isə bilmir ki, müşahidəçidir, yoxsa bələdiyyəyə namizədin vəkili. MSK-dan verilən vəsiqəni oxuyan məntəqənin komissiya rəhbərliyi də bir şey başa düşmürlər.

BƏZİ MƏNTƏQƏLƏRDƏ MÜŞAHİDƏÇİLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Seçki məsələləri üzrə ekspertlər artıq seçki müşahidəçiliyinin formal xarakter daşıdığını deyirlər. Bunun səbəbləri barədə bir az sonra.

Müxalifət partiyalarının və bəzi qeyri-hökumət təşkilatlarının müşahidəçisi olan seçki məntəqələrində proses səs-küylü keçib. Bəzi məntəqələrdə müşahidəçilər təzyiqlə üzləşib. Məsələn, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin açıqlamasına görə, bir neçə məntəqədə müşahidəçidə MSK-nın verdiyi vəsiqə olsa da, məntəqə sədrləri onlara müşahidəyə imkan verməyib. Əsas da gətirilib ki, vəsiqədə dairə seçki komissiyasının möhürü yoxdur.

Başqa bir məntəqədə isə sədr müşahidəçinin qanun pozuntusunu qeydə aldığı aktı cırıb.

MSK-nın mətbuat katibi Azər Sarıyev isə mərkəzin bu açıqlamasıyla razılaşmır. Deyir ki, bu cür ittihamlar seçkinin demokratikliyini şübhə altına almaq məqsədi güdür.

Əvvəlki seçkilərdə gördüklərini qeydə alan, məntəqə komissiyasına alternativ seçici saylarını hesablayan, səssaymada bütün diqqətilə prosesi izləyən, hər qanunsuzluğa akt bağlayan müşahidəçilərə çox tez-tez rast gəlmək olardı. Bəs niyə bələdiyyə seçkisində alternativ müşahidəçilik hiss olunmur?

MÜŞAHİDƏÇİLƏRDƏ İNAMSIZLIQ YARANIB

Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov hesab edir ki, müxalifət partiyalarının seçkiyə tam qüvvəsiylə qoşulmaması müşahidəçiliyə öz təsirini göstərir. Onun fikrincə, əvvəlki seçkilərdə müşahidəçilərin üzə çıxardığı çoxsaylı qanunsuzluqlara baxmayaraq, beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə kəskin tənqidi yanaşmayıblar. Bu isə ənənəvi müşahidəçilərdə inamsızlıq yaradır:

8 saylı Binəqədi Seçki Dairəsinin 12 saylı seçki məntəqəsi
- Azərbaycanda müşahidəçilərin sayı əvvəlki seçkilərdəkindən çoxdur, amma keyfiyyət yoxdur. Bunun bir səbəbi də odur ki, qeyri-hökumət təşkilatları əvvəlki kimi seçkini müşahidə eləməyə maraq göstərmirlər. Azərbaycanda yaranan müşahidəçilik institutu güclənmədi, təəssüf ki.

Ölkənin əksər seçki məntəqələrini müşahidəçiylə təmin edən, alternativ hesabatlar hazırlayan bir qrupp QHT və siyasi partiyaların yaratdığı Ədalətli Sekilər Uğrunda Məşvərət Şurası niyə bələdiyyə seçkisində görünmədi? Şuranın əməkdaşı Aynur Elgunəş deyir ki, əvvəlki seçkilərdə kənardan dəstək olmadan işləyiblər, bu dəfə isə bunu bacarmadılar:

- Bu dəfə də dəstəyimiz olmadı. Amma parlament seçkisini müşahidə eləyəcəyik.

MSK-nın mətbuat katibi Azər Sarıyev isə deyir ki, müşahidəçinin onlardan vəsiqə alandan sonra öz missiyasını necə həyata keçirməsi onun öz işidir.

Şərhləri göstər

XS
SM
MD
LG