Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:59
Şair-publisist Məmməd Aslanının 70 yaşı tamam oldu. O, yubiley ərəfəsində xatirələrini, fikirlərini «Lent.az»-la bölüşüb. Xatırladaq ki, M.Aslan “Dərədən-təpədən” televiziya verilişinin yaradıcısı və aparıcısı olub. Onunla müsahibəni ixtisarla təqdim edirik. Şair ixtiyar yaşın təəssuratlarını belə xarakterizə edir:

- Təpələri görmədən çatdım 70 yaşa. Çünki o yurda həsrət qaldıq, elə bilirəm ki, həmişə zindandayam.

O ki, öyrənirsən dağa-daşa, sonra əlinə düşməyəndə elə bilirsən ki, zindandasan. Mən altmışımda heç yana demədim, indiki kimi, nə Yazıçılar Birliyinə, nə də başqa yerə. Çünki bu ömürdə bir fərəh görmədim. Əlbəttə, o böyük ədəbiyyata onun bir zərrəsi kimi xidmətimi bir Allah bilir ki, namusla yerinə yetirdim.

Hər namusla böyük əsər yaratmaq olmur, oğul. O da Allahın bir işidir, yəni süründürür belədən-belə, sən istədiyin bir yanda qalır, sənə istəmədiyin bir tale yazır. Bəzən bir ömrün qiyməti haçansa bilinir, bəzən də heç bilinmir. Buna baxmayaraq, mən yenə də namusla ədəbiyyata xidmət elədim.

Hətta xəstə olanda gələn ilhamın da qabağını kəsdim, qoymadım söz deməyə. Ona görə kəsdim ki, mənim xəstəliyim deyəcəyim o fikrə hopa, ədəbiyyatın xoşuna gəlməyib qaş-qabaq tökə bilər. Yəni mən ömrümdə o qələmə sarıldığım vaxtlar özümü gərəkli saymışam.

- Çıxışlarınızın birində demişdiniz ki, yazıçı Anar Azərbaycan ədəbiyyatının pasportudur. İndi də belə düşünürsünüz?

- Bəli, elə düşünürəm. Özü də mənim Anarla dostluğum yoxdur. Rəsul Rzanı yaxından bircə dəfə Yazıçılar İttifaqına keçəndə gördüm. Oğlu da o ədəbiyyatın bir parçasıdır. Mənim onunla dostluğum yoxdur, amma həqiqət budur ki, Anar ədəbiyyatımızın pasportudur.

Xaricdə, dünyada ən çox tanınan odursa, mən bunu deməliyəm. Adamlar bir-birinə mənafe cəhətdən qiymət verməməlidir. Anarı dünya tanıyır, dünya sevir, Anar böyük qələm sahibidir.

- Məmməd müəllim, ədəbiyyatsevərlər sizi kitablarınızdan, “Dərədən-təpədən” verilişindən tanıdı. İndi sizin duzlu-məzəli söhbətlərinizi bir televiziya verilişi formasında, yaxud yazı formasında davam etdirə biləcək şagirdiniz varmı?

- Mən yetişmişdim də. Mən özümü “Dərədən-təpədən” verilişində tapdım, xalq da məni tapdı. Baxmayaraq ki, məndən çox publisistika yazan olmayıb. Qəzetlərdə ömrüm boyu yazılar yazmışam və o yazılar çox heyrətlə oxunub.

Amma mən özümü “Dərədən-təpədən” verilişində tapdım. İranda, Türkiyədə, Dağıstanda, Borçalıda mənə çox maraqla qulaq asırdılar.

Mən elə bilirdim ki, bu xalq mənim o verilişimə barmaq uzadanın barmağını kəsər, göz dikənin gözünü çıxarar. Amma nə xalq “niyə məni o verilişdən qovdular” deyə səsini qaldıra bildi, nə səlahiyyət sahibləri birini itirir deyə dad eləmədi.

Mən gördüyüm işi indi heç kəs davam etdirmir. Bu, rəzalətdir. Məndən bircə barmaq artıq demirəm, elə mənim səviyyəmdə biri o verilişi davam etdirəydi, bizim uşaqlara, gənc nəslə gərəkdir. Gərək bu verilişi qoymayaydılar ki, ölsün.

Onda fəxr eləyərdim ki, mənim ortaya atdığım ideya yaşayır. Amma mən neyləyə bilərəm ki, bir günün içində həm mənim verilişimi, həm də işimi - qafiyəli gəldi, bağışla - əlimdən alıb məni bu yerdə qoydular.

Və hökumət orda susub baxdı, xalq da burda. Əslində mən arsız adamam ki, dəli olmamışam. “Dərədən-təpədən”i dayandırandan hər günüm bir il kimi gəlir mənə.

- Siz öz haqqınızı kimdənsə tələb etmisinizmi? Məhkəməyə müraciət yazdınızmı?

- Kimdən tələb eləyim?! Kommunistlər dövründə 10 kommunistin üstünə getsəydim, onlardan 7-8-i məni eşidərdilər. Bu vətəndə canımı verdim, 20 Yanvar qırğınında göz yaşlarımla “Ağla, qərənfilim, ağla!”nı yazan adamam.

Qarabağ müharibəsinə dair nə qədər şeirlərim, yazılarım var, - mənim də mübarizəm budur. Amma bunun qabağında mən eşidildimmi? Neyləməliyəm?!

Mən o adam deyiləm ki, gedib ya rəhbərə söyəm, ya da başqa işlər görəm. İndi dediklərimi prezidentin də, başqalarının da yanında danışa bilərəm, bu, mənim vətəndaşlıq haqqımdır. Amma bu nə nəslimə yaraşar, nə uca Kəlbəcər dağlarına, nə də ümumən insanlığa.

Belə bir bir şeyi bacarırsansa, yaz, yüz yerdən də qol çəkim altına, bacarmasan, sözum yoxdur.

- Şeirlərinizin birində demisiniz ki, “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər”. Nə demək istəyirsiniz bununla?


- Bu suala görə çox sağ ol. Kəlbəcər təkcə sərvəti ilə, təbiəti ilə deyil, insanı ilə də gözlərimin önündədir. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb. Qarabağı almaq o demək deyil ki, Kəlbəcər əbədi erməniyə qalacaq.

Mən deyirəm ki, “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər”. Kəlbəcər eldən-obadan, mərkəzdən uzaq bir yer idi, onun ağsaqqalı, qarasaqqalı vardı.

Onun deyib-gülən, bir-birini sevən, bir-birinin başına dönən əhalisi vardı. Kəlbəcərin bu başından o başına yüz kilometr yolu ölü üçün təziyəyə gedən insanları vardı. Yəni Kəlbəcər öz-özünə cənnətin bir parçası idi. Amma indi dağılmışıq ölkənin 50-60 rayonuna.

Bir də Kəlbəcər qayıtsa, insanlar o şəkildə, o mənəviyyatla qayıtmayacaq. Biz kəlbəcərlilər bu çöllərdə çox pisliklər, çox əyriliklər, çox yalanlar öyrəndik, oğlum! Mən “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər” deyəndə bunları nəzərdə tuturam. Yəni yüz Kəlbəcər qayıdar, amma o Kəlbəcər qayıtmaz.

O Kəlbəcərin qayıtması üçün yüz illər lazımdır. O da mümkün deyil, çünki tarixin gəlişi və gətirdiyi ayrı bir şeydir.

- Məmməd müəllim, bu 70 ildə duzlu, şirin danışığınızın sirrinin nədə olduğunuzu bildinizmi?

- Bunu məndən çoxları soruşur. Bəzən deyirlər ki, söhbətlərim insanları maqnit kimi özünə çəkir, niyə sən də mənim kimi danışmırsan. Deyirəm ki, anam məni mənim kimi doğub, sənin kimi yox.

Mənim içim də, çölüm də, bütün varlığım da budur. Bir Allah bilir ki, on dəfə müxtəlif yerdə qabağımı tapança ilə kəsib desələr, bunlardan ayrı bir şey demərəm.

Heç kəsə daş atmadan, heç kəsdən heç nə istəmədən, heç kəsin ölüsünə söymədən, dediklərim elə həqiqətdir ki, hər sözüm o konstitusiyamıza, insanlığımıza bağlıdır. Amma indi necə deyərlər, yaşım yetmiş, işim bitmiş. Təzə yazdığım bir şeirin iki misranı deyim, heç olmasa, acısı xəyalında qalar, şirinliyi bir yana:

Bircə yol əllərim dolub daşmadı,
İnşallah, boş qalmaz torpağın altda.

- Nədən narahatsınız belə?

- Səhhətim sözümə baxmır, xəstəyəm.

Amma ən böyük narahatlığım Kəlbəcərdən, bir də mənəviyyatımızın korşalmasındandır. Gəncliyimiz dəyişir və bu, məni çox üzür. Biz yurd-yuvamızdan çıxanda Kəlbəcər 64 min nəfər idi. Bir qadının adı pisə çıxmamışdı.

Amma Kəlbəcərdən çıxandan sonra çox şey dəyişib, buralarda çox üzlər gördük. İnsanlarda mənəviyyat, abır-həya azalır. Ona görə də yaşamaq çətinləşir. Yenə deyirəm, “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər”... Çox şeylər əlimizdən gedib...

"Bizim yol"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG