Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40

Seçkidəki pozuntularla bağlı hüquqşünas rəyi


Hafiz Həsənov
Bələdiyyə seçkiləri ilə bağlı seçki məntəqələrindən AzadlıqRadiosuna daxil olan məlumatlarda və faktlardakı hüquqi aspektlərdən seçki hüququ üzrə ekspert Hafiz Həsənov danışır.

- Şəxsiyyət vəsiqəsində Abşeron rayonuna qeydiyyatda olduğu yazılan 5 nəfər gənc 20 saylı Nərimanov ikinci dairəsinin 8 saylı məntəqəsində səs verməyə gəliblər.

- Seçki Məcəlləsinin tələblərinə görə, hər bir seçici yaşadığı yer üzrə seçki məntəqəsində qeydə alınmalıdır, qeydə alındığı seçici siyahısı üzrə də müvafiq seçki məntəqəsində səs verməlidir. Bu fakt qanunsuz haldır, Seçki Məcəlləsinin tələblərinə zidd haldır. Burda qanunu pozanlar həm də məntəqə seçki komissiyasının üzvləridir. Buna görə qanunda həmin məntəqə seçki komissiyasının üzvlərinin inzibati məsuliyyəti nəzərdə tutulub.

- 3 saylı dairənin seçki komissiyasının katibi Ədalət Partiyasından Vəfa Rəhimovu 46 saylı seçki məntəqəsinə buraxmayıblar.


- Bu, qanun pozuntusudur. Seçki Məcəlləsinin tələblərinə görə, seçki komissiyasının nəinki katibi, üzvü də öz səlahiyyətlərini həyata keçirməlidir. Bu, artıq məntəqə katibinə öz səlahiyyətlərini həyata keçirməyə mane olmadır. Buna görə də qanunda həmin şəxslərin inzibati məsuliyyəti var. Həmin müşahidəçinin təmsil olunduğu təşkilatlar bu məsələni qaldıra bilər. Dairə seçki komissiyasına şifahi, sonra isə yazılı müraciət edə bilər. Bu cür kobud pozuntulara yol vermiş adamların məsuliyyətə cəlb olunması haqqında prokurorluğa məlumat verilməlidir. Çünki bütün hallarda inzibati məsuliyyətinə cəlb etmə və cinayət işinin başlanması ilə bağlı məsələlər prokurorluğun səlahiyyətində olan məsələdir.

- 17 saylı Yasamal 3-cü seçki dairəsinin 29 və 30 saylı məntəqələrində seçicilərin barmaqları mürəkkəblənmir və şüa ilə yoxlanmır.


- Barmaqların işarələnməməsi, yaxud da sağ əlin barmağının işarələnməsi karusel üçün imkan yaratmaqdan ibarətdir. İşarələmirlər ki, növbəti məntəqələrdə də onlar səs verə bilsinlər. Yaxud bu məntəqəyə gələndə eyni adamlar günün sonuna yaxın yenidən gəlib həmin məntəqələrdə səs verə bilsinlər. Seçici üçün təkrar səsverməyə şərait yaradan komissiya üzvləri qanunla inzibati məsuliyyət daşıyır.

- 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 30 saylı seçki məntəqəsinin yanında polis dayanıb. 45 saylı Abşeron seçki dairəsinin 6 saylı məntəqəsinin qarşısında da polis işçisi dayanıb.


- Əslində polislərin seçki məntəqəsinin qarşısında dayanıb-dayanmaması barədə konkret müddəalar yoxdur. Ancaq qanun həm də demir ki, polis gəlib seçki məntəqəsinin qarşısında dayanmalıdır. Polis sadəcə seçkilərdə asayişin təmin olunması üçün iştirak edə bilər. Əgər ictimai asayiş məntəqənin içərisində pozularsa məntəqə seçki komissiyasının sədri polis işçilərini dəvət edə bilər. Polis niyə dayanmalıdır ki, məntəqənin qarşısında? Seçki Məcəlləsi də bunu nəzərdə tutmur.

- 45 saylı Abşeron dairəsinin Masazırda yerləşən 20 saylı məntəqəsində kabinəyə eyni vaxtda bir neçə nəfər girir.

- Əgər seçicinin köməyə ehtiyacı varsa, söhbət fiziki cəhətdən köməyə ehtiyacı olanlardan gedir, yaxud ona hansısa izahın verilməsinə ehtiyac varsa, bunu qanunla yalnız başqa bir seçici edə bilər. Heç o da gizli səsvermə kabinəsinə daxil ola bilməz. Bu da seçkinin gizliliyinin pozulmasıdır. Qanun nəzərdə tutur ki, seçicilər səsvermə kabinəsinə tək-tək girməlidirlər.

- 11 saylı dairənin 30 saylı məntəqəsində seçicilər səs verdiklərini təsdiqləyən sənəd istəyiblər. 37 saylı dairənin 15 saylı məntəqəsində də seçicilərdən bəziləri bildiriş vəsiqələrinə möhür vurulmasını istəyiblər. Səs verdiklərini təsdiqlətmək üçün.


- Tam qanunsuzdur. Ümumiyyətlə, heç seçki bildiriş sənədinin məntəqəyə təqdim edilməsi nəzərdə tutulmur, o ki qala ona məntəqənin möhürünün vurulması. Bu, onu göstərir ki, büdcə təşkilatlarında işləyən vətəndaş sabah iş yerində sübut etməlidir ki, o həqiqətən də səsvermədə iştirak edib. Bu da seçicinin iradəsinə, hüququna təzyiq, təsir göstərməkdir. Seçki seçicinin hüququdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG