Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22
ABŞ-dan - Los-Anceles Koliforniya Universitetinin Çarlz Yonq kitabxanasından yenə xəbər var! Bir neçə gün öncə bu kitabxananın əməkdaşı «Molla Nəsrəddin» dərgisinin birillik nüsxələrini tapıb!

Bu barədə daha geniş bilgi almaq üçün həmin universitetdə çalışan həmyerlimiz tanınmış tarixçi Altay Göyüşovu aradıq. Onunla atüstü telefon söhbətini sizə təqdim edirik:

- Altay bəy, xoş gördük sizi! «Molla Nəsrəddin»in Çarlz Yonq kitabxanasından tapılması xəbəri bizi yaman sevindirdi. Lütfən tapıntı barədə bir az ətraflı danışın.


- Məmnuniyyətlə, Sevda xanım. Los-Anceles Koliforniya universitetində bir kitabxanaçı var -Liladhar Pendse adında, bizə rəğbəti olan adamdır. Bir gün gəldi ki, «Molla Nəsrəddin» jurnalının nömrələrini tapmışam. Düşündüm ki, yəqin bir-iki nömrədir. Məlum oldu ki, yox, 1906-cı il nömrələrinin hamısıdır! Özü də, bir-ikisini çıxmaq şərti ilə, qalanları əla vəziyyətdədir. Nəzərinizə çatdırım ki, ümumiyyətlə, Qərbdə «Molla Nəsrəddin»ə böyük maraq və rəğbət var. Onun Amerikaya gətirilməsi, burdan tapılması isə bir azərbaycanlı kimi bizim üçün xoş xəbər idi…

- Təbii, təbii! Hamımız üçün xoş xəbər oldu! Altay bəy, siz özünüz gördünüzmü tapılanları?

- Bəli, görmüşəm. İndi Liladhar Pendse onu öz sözləriylə desək, «digitire» halına salır. Bundan sonra kitabxanadan onu istəyəndə, daha ələ verilməyəcək. Yəni artıq onun kompyuterləşdirilmiş formatından istifadə olunacaq. Dostumuz Liladhar kompyuter variantını hazırladıqca mənə göndərir. 7-8 nömrəsi hazırdır.

- Necə qorunub, necə saxlanılıb? Zarafat deyil, üstündən 103 il keçib, axı. Doğrudanmı, dediyiniz kimi yaxşı qalıb?

- (Gülür) Yox, yaxşıdır! Bayaq dediyim kimi, 1-2 nömrəni çıxmaq şərti ilə. Onlarda problem var. Hiss olunur ki, əl vursan, ovxalanar. Qalanları yetərincə yaxşı haldadır. Əsas məsələ onun bura necə gəlib çıxmasındadır.

- Elə növbəti sualım o olacaqdı. Doğrudan da, bir versiyanız varmı?


- Vallah, dəqiq məlumat yoxdur. Amma müəyyən fikirlərimiz var. Düşünürük ki, İkinci Dünya müharibəsindən sonra kimsə onu bura gətirə bilər. Bu «kimsə» Azərbaycan Cümhuriyyətinin devrilməsindən sonra Türkiyəyə köç etmiş mühacirlərdən biri ola bilər. O ABŞ-a gəlib və bunları kitabxanaya təhvil verib. İndi Liladhar Pendse bu istiqamətdə araşdırmalar aparır. Bir məlumat olsa, Bakı ilə bölüşəcəyik. Bir şey söyləyim ki, buradan Əhməd Cavadın 1914-cü ildə Bakıda çapdan çıxmış ilk kitabını – «Qoşma»nı da tapmışıq. Mirzə Bala Məmmədzadənin «Azərbaycan musəvi-millisi» kitabını da aşkara çıxarmışıq.

Azərbaycanlı tələbələr artıq kitabxananın əl dəyməyən yerlərinin axtarışına girişiblər. İndiyə qədər kitablar əski əlifba ilə olduğundan, oxuyan olmayıb. Adətən, onu ya farsa, ya ərəbə göstəriblər. Onlar da oxuya bilməyib, çünki dil başqadır - türk dilidir. Bu səbəbdən diqqətdən kənarda qalıb. Amma indi bizdə tələbələr var ki, kitabları tapmaqla kifayətlənmirlər. Məsələn, M.Ə.Rəsulzadənin yazda tapılan «Azərbaycan Cümhuriyyəti» kitabını ingilis dilinə çevirirlər. Bunun üçün də, ana dili ingilis dili olan tələbə tapıblar. O, artıq əsəri tərcümə edir. «Molla Nəsrəddin»lə bağlı bir xəbər də verim sizə. Mənim Fransada yaşayan bir dostum var - Stefan Danyon - Fransanın məşhur alimlərindən biridir. O öz ölkəsində jurnalın fransız dilində nəşrini hazırlayır. Hansı nömrələri əhatə etdiyindən xəbərim yoxdur, ancaq onu bilirəm ki, artıq nəşriyyatla müqavilə imzalanıb. Tərcümə işi bitib. Deyilənə görə, sanballı bir iş olacaq və gələn ilin 1-ci rübündə işıq üzü görəcək.

- Altay bəy, həmişə xoşxəbər olasınız. Təşəkkür edirik verdiyiniz bigilərə görə!

- Sağ olun.

Şərhləri göstər

XS
SM
MD
LG