Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:26

Xoşbəxtliyi yox, gözəlliyi seçən qadınla kiçicik söhbət...


Sara Oğuz Nəzirova
Sara Oğuz Nəzirova
Dekabrın 18-də Dövlət İncəsənət Muzeyində yazıçı və sənətşünas Sara Oğuz Nəzirovanın «Selected Works» (Seçilmiş əsərləri) kitabının təqdimat mərasiminə dəvət alanda, bunun sıradan bir tədbir olacağını düşünmüşdüm. Amma yox, İncəsənət Muzeyinin yenicə təmirdən çıxmış möhtəşəm binasına daxil olanda, içəridən gələn canlı klassik musiqini eşidəndə, özümü çoxdan yadırğadığım, ancaq doğma mühitdə hiss etdim.

Təəccüblənməli nə var? - deyə düşündüm. Sara xanımın—«Azərbaycan nəsrinin şlyapalı xanımının» təqdimatı başqa nə cür olmalıydı ki? Mərasimin səbəbkarı bütün varlığıyla, - yerişi, duruşu, danışığıyla zaldan səslənən canlı musiqi ilə həmahəng idi... Saat 7-də başlayan təqdimat ürək sözləriylə, «la-furşet»iylə az qala saat 10-adək davam etdi. Dostlar, həmkarlar bu gözəl xanımdan ayrılmaq istəmirdilər. Sonda hərə Sara xanımın ingiliscə çıxan kitabından bir nüsxə götürüb evinə yollandı. Mən heç Sara xanımdan AzadlıqRadiosunun “İz” proqramına müsahibə almadan gedərdimmi?!

Veriliş sizin qarşınızdadır. Onu həm dinləyə, həm də oxuya bilərsiniz.

- Sara xanım, AzadlıqRadiosunun təbriklərini qəbul edin. Çox gözəl kitabdır.

- Sağ olun! Mən də sevindim. Çünki hesab edirəm ki, bu təkcə mənim kitabım deyil. Həm də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə verilən qiymətdir, dəyərdir.

- Kitab necə yarandı?

- Necə yazıldı, yoxsa necə çap olundu?

- Hər ikisi. Hər yazılan kitab olmur...

- Mən yazıçı deyiləm. Yazıçının həyatını yaşayan insanam. Orada olduqca çoxlu həyat materialları var. Olduqca böyük sevgi var—vətənimə, xalqıma, əhatəmə. Doğrudan da, Azərbaycan mədəniyyəti elə elə yüksək səviyyədədir, elə zərif, incə çalarlıdır ki, onu sevməmək olmaz, onu elə-belə yazmaq olmaz. Görünür, bu kitabı nəşr etmək istəyənlər bunu hiss ediblər, ona görə xoşlarına gəlib. Və mən tenderin qalibi olmuşam.

- Kim keçirirdi tenderi?

- “Qaradağ sement”zavodu. Onların Azərbaycanda fəaliyyətlərinin 10 illiyi idi. Bu münasibətlə də istəyiblər ki, Azərbaycan mədəniyyətinə bir töhfə eləsinlər. Avropa da, elə dünya da Azərbaycanı tanısın. Tender elan etdilər. Yaradıcı Qadınlar Assosiasiyasının prezidenti Afaq Hüseynova layihəni təqdim etdi və layihə bəyənildi. Mən eşidəndə çox sevindim. Dünya oxucusuna çıxmaq məsuliyyətli iş idi. Diqqətli olmalıydım.

- Kitabda nələr var?

- Nəsr əsərləri, ssenarilər, pyeslər, incəsənətə aid esselər. Kitabda Azərbaycanın adət-ənənələri, incəsənəti, mədəniyyəti yığcam şəkildə əks olunub. Deyilənə görə, ona görə bu kitabı seçiblər. Düşünürəm ki, bu gün burada - İncəsənət muzeyində təqdimatın keçirilməsi heç də təsadüfi deyil. Mənim 65 yaşım tamam olur. Və bu kitabı Yaradanın hədiyyəsi kimi qəbul edirəm. Mən ömrüm boyu bunu istəmişəm. Yazı yazanda heç vaxt fikirləşməmişəm. Ot necə bitir, quş necə oxuyur? Fikirləşib oxumur ki? Sadəcə, qəlbindən gəlir. Ayrı cür mümkün də deyil. Ayrı cür yaşaya da bilməz. Bax, mən də yazmadan, yaşaya bilmirəm...Bir də ki, bu muzeydə uzun illər çalışmışam. Bütün gəncliyim burda keçib. Atamın evindən çox burda işləmişəm. Atamın evində 15 il yarım yaşamışam, burada 23 il işləmişəm...(Gülüşmə) Ekskursiyaçıdan ta baş elmi işçiliyə kimi, filial müdiri, sərgilər şöbəsinin müdirliyinə kimi çalışmışam. Yazılar yazmışam. Bu divarlar mənə o qədər doğmadır...Bu gün müstəqil ölkədə, muzeyin yenicə təmirdən çıxmış halında kitab təqdimatı keçirmək mənə xüsusi zövq verir. Həm də bir cavabdehlik hiss edirəm. Yazmalı olduğum işləri yazmalıyam. İllərdir topladığım materialları, hissləri, duyğuları bu insanlara, dünyaya, xalqıma qaytarmalıyam. Bu, hər bir sənətkarın borcudur. Mən çox şadam ki, ətrafımda bu qədər dostlarım var. Hər zaman onların dəstəyini hiss edirəm. İlk növbədə anama minnətdaram, anamın timsalında Vətənimə. Çünki onlar körpəlikdən məni bütün sevinclərdən elə təcrid ediblər ki, bu sevincləri öz qəlbimdə, kitablarda, sənətdə axtarmağa məcbur oldum. Onlar olmasaydı, yəqin sizin Sara Oğuz Nəzirova adında yazıçınız olmazdı...

- Sara xanım, bu neçənci kitabınızdır?

- 8-ci. İngilis dilində birincidir. ABŞ-da 1994-cü ildə “İkarus” jurnalında bir yazım çıxmışdı. 1996-cı ildə UNESKO-nun bir payız toplusu var idi, orda çap olunmuşdum. Bu kitabda gedənlər də illər ərzində tərcümə olunmuş yazılardır. Çoxu jurnallarda çap olunmuşdu. Kitab halında isə ilk dəfədir bu il nəşr edildi. Rəssam dostlarım ona çox gözəl tərtibat verdilər. Üz qabığına baxan kimi bilinir ki, bu Azərbaycan yazıçısının kitabıdır.

- Elə isə, rəssamların kimliyini də deyin...

- Elçin Axundov və Kəbirə Həşimova. Birincini hamınız tanıyırsınız. Kəbirə isə Rəssamlıq Akademiyasını yenicə bitirib. Amma çox istedadlıdır.

- Tərcümə işləriylə kim məşğul olub?

- Xarici Dillər Universitetinin müəllimləri Vahid Ərəbov Türksoy və Vaqif Qəmbərov. ABŞ universitetlərinin birində işləyən doktor Odri Alştadt və Jalə Vətənabadi. Hollandiyadan Çarlz Van Der Li. Mən onlara minnətdaram. Çox ürəkdən, cani-dildən tərcümə etdilər. Tərcümənin redaktoru Annne Tompson da daxil, mənə çox köməkləri dəydi. “Ayna” Yayın Evində cözəl dizayn verdilər. Türkiyədə çapını təşkil etdilər. Demək istəyirəm ki, bu sarıdan da bəxtim gətirdi.

- Sara xanım, Siz bayaq təqdimatda mənim diqqətimi çəkən bir söz dediniz. Dediniz ki...mən xoşbəxtliyi yox...

- Mən xoşbəxtliyi yox, gözəlliyi seçdim! Çünki xaliq sifətini gözəllikdə göstərir. Bu mənim həyat kredomdur! Əslində o cür yazmağa çalışıram.Çünki həyat materialı ilə dolu olan və gözəllik uğrunda çalışan yazıçıların əsərləri həmişə maraqlı olur...

- Masa üzərində kitab olacaq əlyazmalarınız varmı?

- Nəinki əlyazmalarım, ikicildlik rus dilində kitab hazırlamışam. Tərtibatını Tərlan Qorçu və İsmayıl Məmmədov ediblər.

- İki nəhəng tərtibatçı bir arada...bunu necə bacardız?

- Özü də, tərtibatı mənə hədiyyə ediblər. Bəxtim burda da gətirib ki, belə sənətkarlarla dostlaşmışam. İki cild də Azərbaycan dilində əsərlərim hazırdır. Tərtibatı da var. Ancaq çapa vermək qalır. Hələ yiyə duran yoxdur...

- Bəs yazılacaq şeylər necə, çoxdurmu?

- Əlbəttə, çoxdur! Əgər həyat qəlbimə, ruhuma yerləşdiribsə, mən onu gerçəkləşdirməliyəm. Məndə heç vaxt imkan olmayıb ki, oturub ancaq yazmaqla məşğul olum. Həmişə kargüzarlıqla, həyat uğrunda savaşa-savaşa, mövcudluqla uçurum arasında vuruşa-vuruşa yaşamışam. Bunun bir xeyri də o olub ki, məni həqiqətə yaxınlaşdırıb. İnsanları, olayları bir neçə nöqtədən görüb duya bilirəm.Tale özü məni bu nöqtədə yaşayıb-yaratmağa məcbur edib ki, mən illüziyalardan da uzaq olum. Fantaziyalardan da. Yazıçı fantaziyasından danışmıram. Mən həmişə belə hesab etmişəm ki, həyat həqiqətlərinə sadiq qalan yazıçılar daha çox şeyə nail olurlar.

- Kitab harada yayılacaq?

- “Əli və Nino” mağazalar şəbəkəsində və Yazıçılar Birliyinin “Bayatı” mağazasında.

- Sara xanım, Təqdimatda eşitdim ki, Parisdən qayıtmısınız?

- Bəli, Orda mədəniyyətlərin dialoqu adlı beynəlxalq sərgi var idi. Ora dəvət etmişdilər. İki məqalə də sifariş verdilər. Mən yazdım.Hətta sevindirici qonorar da verdilər. Çünki əgər dünyanın o başında, mədəniyyət mərkəzində sənə sifariş verirlərsə, təvazökarlıqdan uzaq olsa da, deyim ki, çox sevindim.

- Bəs Paris xəyalınızdakı şəhərə bənzədimi?

- İkinci gedişim idi Parisə. Birinci dəfə 2002-ci ildə Lil şəhərinə Avropa Ali Jurnalistika Məktəbinə oxumağa getmişdim.Bütün ömrümüz boyu oranın sənət əsərlərini, memarlıq abidələrini öyrənmişik. Mən özümə söz verdim ki, hamı kimi Parisə vurulmayacağam. Çünki o şəhər barədə hər şeyi bilirəm, qiymətləndirirəm. Amma olmadı, mən də eşqə düşdüm, Parisə vuruldum! Həm də, Fransanın mənə böyük dərsi oldu. Təsəvvür edirsinizmi, bu yaşda da dərs almaq olarmış! “Fransanın dərsləri”--elə bu adda da yazım olacaq. Artıq başlamışam. O dərslərin məğzi o idi ki, həyat həmişə bayramdır, hansı təzahürdə olur-olsun! Bunu mən Fransada dərk etdim. Bu mənum qəlbimdə dönüş yaratdı.

- Bəs Luvr necə təsir elədi sizə?

- Luvr, Paris Notr Dam kilsəsi, Monmartr, Versal sarayı...Hamısı nağıl idi. Əvvəlcə sənət əsərləri kimi kitablarda, kataloqlarda görmək, sonra müdrik yaşda bunları yaxından hiss etmək, onlarla təmasda olmaq özü böyük hədiyyədir.

- Təşəkkür edirəm, Sara xanım. İnşallah, növbəti kitabınızda yenə görüşərik!

- Ümidvaram, Sevda xanım.

P.S. Əziz oxucum! Mən o təqdimat mərasimində Sara xanımın həmkarları ilə də söhbətləşdim. Bu müsahibəni onlardan birinin - yazıçı Rafiq Tağının fikirləri ilə bitirmək istəyirəm:

“Sara xanımın Azərbaycanın etnoqrafiyasına aid çox gözəl əsərləri var. O çox gözəl insandır, çox da gözəl xanımdır. Əfsus ki, onun qədrini bilmirlər. Azərbaycan dövləti neftin qiymətini yaxşı bilir, insanlarının qiymətini bilmir. Arzum odur ki, Azərbaycan dövləti üzünü bu insanlara çevirsin, bu cür töhfə insanları görə bilsin! Milyardlarla havaya sovrulan pullardan bir az da Sara xanımın masa üzərində yatıb qalan əsərlərinin çapına ayırsın...”

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG