Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:35

Vergilər Nazirliyi Naxçıvandakı İnsan Hüquqları Resurs Mərkəzində yoxlamalara başlayacaq


Vergilər Nazirliyi on beş gün müddətində Naxçıvandakı İnsan Hüquqları Resurs Mərkəzində yoxlamalara başlayacaq.

Bu barədə AzadlıqRadiosuna Mərkəzin əməkdaşı İlqar Nəsibli məlumat verib.

«Dekabrın 21-də Muxtar Respublikanın Vergilər Nazirliyindən Fazil adlı şəxs zəng edib dedi ki, siz 2004-cü ildə dövlət qeydiyyatından keçmisiniz, amma sizin Mərkəzdə indiyə qədər vergi yoxlamaları aparılmayıb və buna görə sizin vergi sənədlərinizi yoxlamaq istəyirik».

Mərkəz nümayəndəsinə görə, o mərkəz əməkdaşı kimi altı gün əvvəl sorğu keçirən vaxt hücuma məruz qalıb, daha sonra Daxili İşlər Nazirliyi onların qanunsuz fəaliyyət göstərdiyi barədə məlumatı yayıb. Bundan sonra da Vergilər Nazirliyi Mərkəzin fəaliyyətini yoxlayacağı ilə bağlı xəbərdarlıq edir.

Bu səbəbdən də İlqar Nəsibli deyir ki, onlar bütün hadisələrin ardıcıllıqla baş verməsini təsadüf saymırlar və hesab edirlər ki, bu daha çox Mərkəzin fəaliyyətinin dayandırılmasına doğru atılan addıma oxşayır.

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyindən isə yoxlamaların nə ilə bağlı olduğuna cavab ala bilmədik. Amma Resurs Mərkəzinin əməkdaşı İlqar Nəsibli deyir ki, onlara müraciət edən əməkdaş bu yoxlamaların hər hansı məsələlərlə bağlılığını təkzib edib və belə yoxlamaların digər qurumlarda da aparıldığını bildirib.

İlqar Nəsiblinin sözlərinə görə, Naxçıvandakı İnsan Hüquqları Resurs Mərkəzinə qarşı hələ 2007-ci ilin dekabrından təzyiqlər başlayıb. Həmin vaxt xəbərdarlıq olunmadan polislər qapını qırıb mərkəzə giriblər. Elə həmin vaxt Mərkəzin 2004-cü ildən 2007-ci ilə qədər olan bütün sənədləri də yoxa çıxıb.

Mərkəz əməkdaşının dediyinə görə, sonradan bəzi avadanlıqlar geri qaytarılsa da, vergi və bir sıra sənədləri hələ də ala bilmirlər. Baş verənlərlə bağlı yerli məhkəmələrə edilən müraciətlərə müsbət cavab verilmədiyindən Mərkəz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG