Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:48

«Nasosnı»dan Banqkoqa qədər… müəmma


Təyyarə geri dönüşdə yenidən yanacaq dodulrmaq üçün Banqkoqa enib və orada həbs olunub

Təyyarə geri dönüşdə yenidən yanacaq dodulrmaq üçün Banqkoqa enib və orada həbs olunub

Dekabrın 9-da Şimali Koreyadan silah daşıyan və həm yükü, həm də minik (uçuş) heyəti ilə birlikdə Tailandda həbs olunan təyyarə ilə bağlı qalmaqal böyüyür. ABŞ qaynaqları yazır ki, təyyarə havaya Bakı yaxınlığındakı «Nasosnı» hərbi hava limanından qalxıb. Daha sonra təyyarə yanacaq doldurmaq üçün Birləşmiş Ərəb Əmirliklərində və Tailandda yerə enib, son dayanacağı isə Şimali Koreya olub. Yükünü götürən təyyarə geri dönüşdə yenidən yanacaq dodulrmaq üçün Banqkoqa enib və orada həbs olunub.

SON DAYANACAQ – TEHRAN

Wall Street Journal yazır ki, saxlanarkən təyyarənin sənədlərində neft avadanlıqları daşıdığı və son dayanacağının Tehran olduğu göstərilib. Yoxlamalar zamanı isə İL-76-da 35 ton silah aşkarlanıb. Rəsmi Tehran faktla bağlı heç bir açıqlama verməyib.

Tehranın susqunluğu Azərbaycanda da müşahidə olunur. Rəsmilər xəbəri nə təkzib, nə də təsdiq edirlər. XİN-in sözçüsü Elxan Poluxov deyir ki, beynəlxalq silah qaçaqmalçılığı xarici siyasət mövzusu olmadığı üçün nazirlik bu məsələ ilə məşğul olmur. Bu səbəbdən faktla bağlı XİN-də hər hansı informasiya yoxdur. Poluxovun sözlərinə görə, bu məsələ daha çox Müdafiə və Milli Təhlükəsizlik Nazirliklərinə aid məsələdir.


Milli Mətlükəsizlik Nazirliyinin sözçüsü Arif Babayev isə məsələ ilə bağlı açıqlama yox, məsləhət verib:

«Bizdə faktla bağlı heç bir xəbər yoxdur. Suallarınızı xəbəri yayan ABŞ-ın Milli Kəşfiyyat Agentliyinə ünvanlayın».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bir neçə saatlıq araşdırmalardan sonra AzadlıqRadiosuna belə cavab verdi:

«Müdafiə Nazirliyində Banqkokda saxlanan təyyarə ilə bağlı heç bir informasiya yoxdur».

AzadlıqRadiosunun «hansı hallarda mülki təyyarə hərbi hava limanına enə bilər?» sualına cavabında Eldar Sabiroğlu bildirdi ki, bu məsələyə də hər hansı münasibət bildirməyəcək.

Fakta yalnız AZAL münasibət bildirir. Şirkətin mətbuat xidmətinin başçısı Məhərrəm Səfərli:

«Tailandda saxlanan təyyarə ilə bağlı AZAL-da heç bir informasiya yoxdur. Belə bir təyyarə Azərbaycan Respublikasına enməyib. Deyilənlər yalandır».

ƏGƏR AZƏRBAYCAN HAVA MƏKANINDA BELƏ BİR OBYEKT OLUBSA…

Hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan rəsmilərinin susqunluğunun anlaşılmaz olduğunu deyir. Onun sözlərinə görə, əgər Azərbaycan hava məkanında belə bir obyekt olubsa, onunla bağlı rəsmi orqanlarda xəbər mütləq olmalıdır. Mülki təyyarənin hərbi hava limanına enməsinə gəlincə, ekspert deyir ki, xüsusi hallarda bu, mümkündür:

Üzeyir Cəfərov
«Əgər təyyarədə hər hansı nasazlıq olursa, təyyarə həmin ölkənin razılığı ilə hərbi hava limanına enə bilər. Ancaq indiki halda bu məndə bir qədər şübhə doğurur».

Adı çəkilən «Nasosnı» hərbi hava limanı NATO standartları ilə yenilən qurulub. Oraya hər hansı təyyarənin «təsadüfən» enməsi mümkün deyil. Rəsmi orqanlar mütləq bu məsələyə aydınlıq gətirməlidirlər.

Ehtiyatda və İstefada Olan Zabitlər Birliyinin başçısı Yaşar Cəfərli da deyir ki, əgər belə bir fakt olubsa, rəsmi Bakı bundan xəbərdardır:

«Əgər hər hansı obyekt hava məkanını razılaşdırmadan pozursa, bu, təcavüz faktı kimi dəyərləndirilir. İndiki halda isə rəsmi Bakı təcavüz faktı ilə bağlı hər hansı açıqlama yaymayıb. Təyyarə «Nasosnı»ya enibsə, bu mütləq qaydada icazəlidir».

Mülki təyyarənin hərbi hava limanına enməsində isə Yaşar Cəfərlinin fikrincə, hər hansı problem yoxdur. Onun sözlərinə görə, ekstremal situasiyalarda, o sıradan yanacaq doldurmaq üçün hərbi təyyarələrin mülki, mülki təyyarələrin isə hərbi hava limanlarına enməsi praktikası mümkündür.

Şərhləri göstər

XS
SM
MD
LG