Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

«Burdan alıb Bakıda yaxşı qiymətə satmaq olar…»


Rustavidə avtomobil bazarı

Rustavidə avtomobil bazarı

«2500-2300-ə bu maşını ala bilərəm. Bunu Bakıda yaxşı qiymətə satmaq olar».

Azərbaycandan Gürcüstana avtomobil almağa gələnlərin yolu 20 kilometr qısalıb. Tbilisinin Diğomi rayonunda yerləşən avtomobil bazarı Rustavi şəhərinə köçürülüb. Bazarın yerdəyişməsi onun müştəriləri üçün təkcə yaxınlığı ilə seçilmir. Köhnə bazardan fərqli olaraq yenisində 30 min avtomobilin saxlanmasına imkan yaradılacaq.

«Bu bazarda rahatçılıqdır, ən əsası təmizlikdi. Diğomi bazarında dizə kimi palçığa girirdik. Sənədləşmə burda ucuzdur amma orda 100 dollar idi. Burda çox ucuzdur 40-50 lari;

Kafelər təmizdir, patrulumuz yaxındı. Sənəd işlərimiz rahat görülür, 15-20 dəqiqəyə sənədləri hazırlayıb verirlər».

BAZARIN ƏRAZİSİ MÜXTƏLİF MƏNTƏQƏLƏRƏ BÖLÜNÜB

Alıcılar avtomobillərini yalnız park etmək yazılmış ərazidə saxlaya bilər. Avtomobil satıcıları üçün isə kateqoriyalar rənglərlə göstərilib. Məsələn, bazarın xəritəsində narıncı ilə rənglənən ərazidə yalnız qiyməti 10 min dollara qədər olan, qırmızıda isə 10 mindən-25 min dollara qədər olan avtomobil saxlamaq olar.

Avtobazarın direktoru Yevgeni Ustinovun sözlərinə görə, bazarda alıcılar üçün şərait yaradılıb ki, bəyəndikləri avtomobilləri yoxlayıb sonra alsınlar:

«Avtomobillər növünə görə düzüləcək ki, alıcılar hara gedəcəklərini bilsinlər və saatlarla vaxt itirməsinlər».

Bazardan avtomobil almaq üçün 15 dəqiqə sənədləşməyə, təxminən 50 manat isə dövlət rüsumuna sərf etmək lazımdı. Azərbaycana avtomobil aparmaq istəyənlər isə gömrükdə bunların üzərinə «şirinlik» də əlavə etməlidir.

100 MANAT DA ŞİRİNLİK OLAR?

45 yaşlı idman müəllimi Nizami Bağırov təzə bazarda da bu sualına cavab axtarır:

«Şirinlik olar 5-10 manat da, 100 manat deyir şirinlik ver. Biz o dəfə gedəndə dedi verməlisən, ya da deklarasiya yazmıram. 3500-lük maşın 6700-ə başa gəldi».

Bazardan Azərbaycana avtomobil aparanlar deyir ki, avtomobilin qiyməti qalxdıqca xərci də çox olur. Məsələn,

- 100 minlik maşını Azərbaycanda 125 minə alırsan. Burdan əgər 80 minə götürürsənsə, Azərbaycanın gömrüyü yüksək olduğundan 25 min ABŞ dolları artıq çıxır.

- Bakıya getsən hara baxsan köhnə maşınlardı. Gürcüsatana gəlirsən adamın ürəyi açılır. Bu «rasatamoşka»nı bir az azaltsalar, bizə yeni il sürprizi etsələr, biz cavanlar da gözəl maşınlar sürək.

- Bakıda «rasatamoşka» pulu alırlar. Qırmızı körpüdə də ayrıca 50-100 manat alırlar.

- Gürcüstanda gömrüyü keçirik heç nə demirlər. Gürcüstanda heç bir pul alınmır. Azərbaycana gedən kimi başlayırlar «Pul, pul, pul!»
Bazara giriş yeddi lari – təxminən dörd manatdır. Lakin Yanvarın 19-na kimi ziyarətçilər girişdən pulsuz istifadə edə bilər.

Avtobazarın tikilməsi üçün nəzərdə tutulan 40 milyon dolların 25 milyonu artıq xərclənib.
Və bazarda tikinti hələ də davam edir.

Şərhləri göstər

XS
SM
MD
LG