Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:15

«Yaşıl hərəkat»ın ruhani atası


Dəfn mərasimində iştirak edən minlərlə insan hökumət əleyhinə şüarlar səsləndirib
Dəfn mərasimində iştirak edən minlərlə insan hökumət əleyhinə şüarlar səsləndirib
İranın din xadimi Ayətullah Hüseyn Əli Müntəziri dekabrın 21-də Qum şəhərində dəfn olunub. Müxalifət veb-saytları və şahidlərin məlumatına görə, dəfn mərasimində minlərlə adam iştirak edib.

Müntəziri dekabrın 19-da 87 yaşında vəfat edib. O ölkənin ən nüfuzlu din xadimlərindən biri hesab olunurdu.

«YAŞIL HƏRƏKAT»IN RUHANİ ATASI

Bir vaxtlar İran İslam Respublikasının banisi Ayətullah Xomeneyinin xələfi olan Müntəziri sonradan İrandakı dini hakimiyyətin kəskin tənqidçisinə çevrilmişdi. Son aylarda isə Müntəziri ölkədə başlayan «yaşıl hərəkat»ın ruhani atası sayılırdı.

Bugünkü dəfn mərasimində iştirak edən minlərlə insan hökumət əleyhinə şüarlar səsləndirib. Adının çəkilməsini istəməyən mərasim iştirakçılarından biri belə deyib:

«Səhər saat 7-dən kütlə Müntəzirinin evinin qarşısında toplaşmağa başladı. Onlar «Allahu Əkbər!» və digər şüarlar qışqırırdılar».

«MÜNTƏZİRİNİN YOLU DAVAM EDƏCƏK!»

Mərasimdə iştirak etmiş bir başqa şahid isə deyib ki, adamlar «Diktatora ölüm!», «Müntəzirinin yolu davam edəcək!», «Müntəziri, sənin yolunu davam etdirəcəyik!», «Bu gün matəm günüdür!» kimi şüarlar da qışqırıblar.

YouTube-da yerləşdirilmiş həvəskar videorüntüdə isə camaat «Siyasi məhbuslara azadlıq!» şüarı qışqırıb. Verilən məlumatlara görə, müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi də mərasimdə iştirak ediblər. Onlar dekabrın 21-ni İranda matəm günü elan ediblər.

XARİCİ MEDİANIN QUM ŞƏHƏRİNƏ GETMƏSİNƏ İMKAN VERİLMƏYİB

Müxalifət veb saytları polislə əhali arasında toqquşalar baş verdiyini də yazıb. Bu cür məlumatları müstəqil şəkildə yoxlamaq çətindir. Çünki xarici medianın Qum şəhərinə getməsinə imkan verilməyib.

Ölkənin həm dini, həm də siyasi xadimlərindən başsağlıqları gəlib. Keçmiş prezident Məhəmməd Xatəmi Müntəzirinin ölümünü böyük itki kimi qiymətləndirib. Nobel sülh mükafatı laureatı Şirin İbadi isə başsağlığında Müntəzirini insan hüquqlarının atası adlandırıb.

Müxalifət veb saytlarının məlumatına görə, Mədəniyyət Nazirliyi qəzetlərinə göstəriş verib ki, ali dini lider Əli Xameneyinin başsağlığından başqa digər başsağlıqları dərc etməsinlər, qəzetlərin birinci səhifəsində Müntəzirinin şəkillərini verməsinlər. Adının çəkilməsini istəməyən bir jurnalist qəzetlərin belə göstəriş aldığını təsdiq edir:

«AZI İKİ QƏZETƏ BELƏ BİR GÖSTƏRİŞ VERİLİB»

«Bu göstərişin nəticəsidir ki, bu gün çıxan qəzetlərin əksəriyyəti Müntəzirinin şəkillərini ön səhifələrində verməyiblər. Baxmayaraq ki, onların çoxu bunu istəyirdi. Mən bildiyim qədər azı iki qəzetə belə bir göstəriş verilib».

Müntəziri Xameneyi hakimiyyətini kəskin tənqid etdiyinə görə, 7 il müddətinə ev dustağı olmuşdu. Ev dustaqlığı baş çatandan sonra da o müxalif fikirlərini davam etdirib, insan hüquqları müdafiəsinə çevrilmişdi. O, Xameneyinin dini biliklərini şübhə altına alıb.

Müntəziri 1979-cu il İslam inqilabının əsas ideoloqlarından biri olub. Son seçkilərdən sonra o dəfələrlə indiki hakimiyyəti İslam dininin adından istifadə edib ölkədə diktatura qurmaqda ittiham edib. Müntəziri avqustda demişdi ki, prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları indiki rejimin yıxılmasına səbəb ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG