Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:02
Bu il dünyada dahi yazıçı, Azərbaycan oxucusuna “Müfəttiş”, “Ölü canlar” və başqa ölməz əsərlərindən yaxşı tanış olan Nikolay Qoqolun anadan olmasının 200 illiyi qeyd edilir.

Amma bəlkə də yazıçının özü onun irsinin iki slavyan xalqı – rus və ukraynalılar arasında mübahisəyə səbəb olacağını ağlına da gətirməzdi.

Azərbaycanda və dünyada əvvəldən onu “rus yazıçısı” kimi tanıyıblar.

Ona görə bəziləri təəcüblənə bilər ki, dekabrın 18-də İsveçrənin Vevey şəhərində, Cenevrə gölünün sahilində “dahi Uktayna şairi Qoqol”un abidəsinin təntənəli açılışı olub.

Bu ifadə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı press-relizdəndir. Abidənin açılışında Ukraynanın xarici işlər naziri Pyotr Poroşenko da iştirak edib.

(Qoqol 1830-40-cı illər arasında Avropanı gəzərkən İsveçrədə də olub).

Nazir bildirib ki, “Ukrayna yazıçısı Qoqolun yaradıcılığı qlobal əhəmiyyətə malikdir. Qoqol bütün dünyaya bizim dövlətimiz və onun qəhrəmanlıq tarixini tanıdıb. Dünya 200 ildir ki, onun əsərləri vasitəsilə Ukrayna xalqının ənənəsini, mənəviyyatını, xarakterini və ruhunu anlayır”.

Ukraynada Qoqolun qəhrəmanlarına da abidə qoyulub. Ukrayna prezidenti Yuşşenko Qoqolun 200 illik yubileyində iştirak edir. Poltava vilayəti, 1 aprel 2009
Nazir abidənin ucaldılmasına köməklik etmiş bütün “isveçrəli tərəfdaşlarına”, o cümlədən Vevey şəhərinin meri Loran Ballifə minnətdarlığını bildirib.

Bu məlumatı verən rus saytları isə “Ukrayna yazıçısı” ifadəsini ya verməyib, ya da onu “rus ədəbiyyatının klassiki” ilə əvəz edib.

Hələ ki Rusiya rəsmilərinin bu abidənin təqdimatına reaksiyası bəlli deyil.

Abidənin qoyulmasını Ukraynanın Rusiya ilə münasibətləri korlanan qərbyönümlü hakimiyyətinin Qoqola sahib çıxmaq yönündə ilk açıq-aşkar addımı saymaq olar.

“Qoqol məsələsi” qaz, Ukraynanın NATO-ya üzvlüyü məsələsi qədər olmasa da, Moskva və Kiyev arasında mübahisə obyektidir. Amma indiyəcən hər iki tərəfdən bu sahiblik iddiaları daha çox “pərdələnmiş şəkildə” səslənirdi.

Yazıçının 200 illiyi ilə bağlı yubiley tədbirlərində Rusiyanın baş naziri Vladimir Putin Qoqol haqda belə deyib:

“Dahi rus yazıçısı Qoqol öz yaradıcılığı ilə iki qardaş xalqı – rus və Ukrayna xalqını bir-birinə bağlayır”. Burda hətta geopolitik sətiraltı məna axtaranlar da oldu.

O mənada ki, Putin Rusiya və Ukraynanın vahid olduğunu və gələcəkdə bu cür olacağını demək istəyir.

Kurqan vilayətindən olan senator Oleq Ponteleyev isə Qoqol məsələsində fikrini açıq deyir.

“Qoqol bizim ümumi yazıçımızdır. O həmişə Böyük Rusiyadakı xalqların birləşməsini istəyirdi.

İndi Ukraynada baş verənlər isə müvəqqətidir. Ukrayna və rus xalqları eyni dinə və yaxın dillərə malikdirlər. Ona görə bizim böləcəyimiz bir şey yoxdur.

Sadəcə indiki Ukrayna hakimiyyətinin ideologiyası xaricdən qaynaqlanır, amma düşünürəm ki, gələcəkdə hər şey öz axarına qayıdacaq”.

İvanovo vilayətindən olan senator Vladimir Qusev isə bildirir ki, “bəzi ukraynalı siyasətçilərin Qoqolu rus ədəbiyyatından qoparmaq cəhdi Ukraynanın parçalanması ilə nəticələnə bilər”.

Odessada Qoqola abidənin açılışı. 1 aprel 2009
Ukrayna prezidenti Viktor Yuşşenko isə Mirqorod şəhərindəki yubiley tədbirlərində çıxış edərkən deyib ki, Qoqol Avropanı gəzərkən həmişə özünü ukraynalı adlandırırdı.

“Harda olmasından asılı olmayaraq, Qoqol Ukraynanı öz qəlbində yaşadıb, Ukrayna ilə fikrən, bütün hissləri, varlığı ilə bağlılığını qoruyub... “Dikanka yaxınlığında xutor axşamları”, “Mirqorod”, “Taras Bulba” kimi əsərləri yalnız qəlbi və ruhu Ukraynaya sadiq olan əsl vətənpərvər yaza bilərdi”.

Qoqol 1809-cu ildə indiki Ukrayna ərazisində doğulsa da, 19 yaşında Sankt-Peterburqa köçüb və bütün əsərlərini rusca yazıb.

Qoqolun özü üçün də milli mənsubiyyətini dəqiq müəyyən etmək asan deyildi.

O, məktublarının birində yazır: “Özüm də bilmirəm ki, ruhən kiməm – xoxol, yoxsa rus?”.

ƏDƏBİYYAT SƏHİFƏMİZDƏ HƏMÇİNİN OXU!

Ramiz Mehdiyev yenə ədəbiyyat məsələsinə qayıtdı

"Ramiz müəllim, ədəbiyyatın dərdi RƏQABƏT dərdirir"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG