Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39

«Mən SSRİ-dən Polşaya ordu yeritməsini istəməmişəm»


General Voyçex Yaruzelski

General Voyçex Yaruzelski

Polşada ölkənin keçmiş kommunist lideri general Voyçex Yaruzelski ilə Sovet ordusunun marşalı Viktor Kulikov arasında danışığın stenoqramı nəşr olunub. Onlar arasında söhbət 1981-ci ilin dekabrında - Polşada hərbi vəziyyət elan olunan ərəfədə baş tutub. Bu stenoqram qalmaqala səbəb olub. Orada qeyd olunur ki, Yaruzelski Polşaya Sovet ordusu yeritməyi xahiş edir. Halbuki, buna kimi general iddia edirdi ki, Sovet ordusunun ölkəyə daxil olmasının qarşısını almaq üçün hərbi vəziyyət elan edibmiş. AzadlıqRadiosunun rus xidmətinə verdiyi müsahibəsində də Voyçex Yaruzelski bu fikri bir daha təkrarlayıb və ünvanına deyilən ittihamları rədd edib. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

- Polşanın Milli Yaddaş İnstitutunun bülletenində nəşr olunmuş stenoqramın mənşəyi barədə nə deyə bilərsiz?

- Mən bu barədə böyük kədər hissi ilə danışıram. Çünki baxmayaraq ki, bu indi Polşada dəb deyil, amma mən həmişə bunu qeyd edirəm: mən böyük rus xalqına, Rusiyaya hörmət edirəm, rusları sevirəm. O cümlədən Polşa ərazisində vuruşan dostum marşal Kulikova da hörmətim var. Buna görə də mənə çox ağır gəlir ki, məhz bu mənbədən hansısa sənədlər üzə çıxır və deyilənə görə, məni xəyanətdə məhkum edib-etməmək barədə məhkəmə qərar çıxararkən məhz bu sənədlərdən istifadə edəcək.

JURNALİSTƏ SATILAN QARA DƏFTƏRDƏ YAZILANLAR


On iki il bundan əvvəl – 1997-ci ildə Varşava yaxınlığında beynəlxalq konfrans keçirilirdi. Orada Rusiyadan və Amerikadan nümayəndələr, o cümlədən mən də iştirak edirdim. Həmin konfransda marşal Kulikovun adyutantı Anoşkin Amerikadan olan jurnalistə öz qara dəftərini satmışdı. Bu dəftəri o, Kulikovun 1981-ci il dekabrın 7-dən 17-dək Polşada olduğu müddətdə yazmışdı. Bu alqı-satqı barədə jurnalistin özü onu Milli Yaddaş İnstitutuna verərkən demişdi. 1997-ci ildə həmin konfransı da Milli Yaddaş İnstitutu təşkil etmişdi. Polşada dərc olunmuş dəftərdə marşal Kulikovun mənimlə söhbəti barədə bir cümlə də yoxdur, o cümlədən Kulikovun iştirakı ilə mənim SSSR-nin baş nazir müavini Nikolay Baybakovla da söhbətim barədə də heç nə yazılmır. Heç bir söz!

On iki il sonra isə birdən mənim dekabrın 8-dən 9-na keçən gecə marşal Kulikovla söhbətimlə bağlı elə həmin Anoşkinin qeydləri üzə çıxır. Məni təəccübləndirəm odur ki, bu qədər vaxt keçib və birdən bu cür oyanış baş verir. Marşalın adyutantı 28 il cibində hansısa qeydi saxlayır. Sovet İttifaqında bürokratik məsələlərə çox ciddi əməl olunurdu: hər bir sənədin qeydiyyatı, səhifələrin nömrələri olurdu...Ona görə də adyutantın dəftərini rəsmi sənəd hesab etmək olmaz. Bu sənədi mənə qarşı məhkəmədə əsas kimi istifadə cəhdi çox acıdır, ləyaqətsizlikdir, ağrıvericidir.

«MƏN DEMİRƏM Kİ, BU SAXTADIR»


İndi isə məzmun barədə. Mən demirəm ki, bu saxtadır. Mənim dediyim odur ki, bu elə yazılıb ki, müxtəlif cür yozula bilər. Ən əsası da son söz olan söhbət. Mən onu xatırlamıram, amma Anoşkin belə yazır: söhbətin sonunda marşal Kulikov məndən soruşur ki, Leonid İliçə məruzə edə bilərmi ki, biz hərbi vəziyyət tətbiq etməklə bağlı razılığa gəlmişik. Mənim cavabım: o şərtlə ki, siz bizə kömək edəcəksiz. Onun cavabı: heç bir kömək olmayacaq.

Onda məntiq nədir? Biz öz gücümüzə arxayın deyilik, çünki kömək istəyirik, bizə kömək etməkdən imtina edirlər və mən hərbi vəziyyət elan edirəm? Bu məntiqlə mən ya kömək olmadan hərbi vəziyyət elan etməməli idim, ya da hərbi vəziyyət elan edirəm və bu təhlükəli qanlı fəlakətə çevrilir. Bunlarınsa heç biri baş verməyib.

- Yəni, siz Polşaya SSSR-i ordusunu yeritməyi xahiş etməmisiz?

- Mən Polşaya Sovet ordusu yeritmək xahişi ilə bağlı söz deməmişəm. Mən hesab edirdim ki, biz bunu öz gücümüzə həll edəcəyik, amma mən marşal Kulikova bizim həll edə biləcəyimiz daha təhlükəli vəziyyəti təqdim etdim. Bu sözlərdən müxtəlif cür nəticə çıxarmaq olar: əgər mən deyirəm ki, vəziyyət ağırdır, deməli, mən gözləyirəm ki, bizə kömək edəcəklər.

VƏTƏNDAŞ MÜHARİBƏSİ TƏHLÜKƏSİ VAR İDİ


Bu əsas məqamdır: biz öz gücümüzlə keçinə bilərdik! Kədərlidir ki, Sovet İttifaqının keçmiş vətəndaşları, mənim çox hörmət etdiyim həbrçilər – biz birlikdə döyüşmüşük – indi əllərindən gələni edirlər ki, Polşa məhkəməsi məni ən ağır cinayətdə ittiham etsin. Mən hesab edirəm ki, onlar mənə və Polşa silahlı qüvvələrinə minnətdar olmalıdırlar: biz onların bizdə məsələ vətəndaş müharibəsinə gedib çıxsaydı gec və ya tez etməli olduqlarını öz əllərimizlə etmişik. Vətəndaş müharibəsi təhlükəsi isə var idi.

«BİZİM XAHİŞİMİZ OLMADAN DA SOVET ORDUSU POLŞAYA DAXİL OLACAQDI»


Dünya iki bir-birinə zidd bloka ayrılıb, Polşa geostrateji baxımdan mühüm yer tutur. Əgər bizdə vətəndaş müharibəsi kimi avantüra meydana gəlirsə, onda təbii ki, bizim ərazidə təxribatlara qarşı mübarizə üçün zərurət yaranır. Bizim «daxil olaq və ya olmayaq» kimi təminata ehtiyacımız yox idi, çünki sərhədlərimizin ətrafında yüzlərlə və minlərlə tanklar, diviziyalar dayanmışdı. Bizim xahişimiz olmadan da Sovet ordusu Polşaya daxil olacaqdı.

Mən heç vaxt Sovet İttifaqı rəhbərliyini bunu istəməkdə günahlandırmıram: bu onlar üçün də qara ssenari olardı. Bu məqam istər-istəməz olmalı idi. İş o yerə çatmasın deyə, biz hərbi vəziyyət elan etdik və bununla da Polşa xalqını bədbəxtlikdən xilas etdik. Və düşünürəm ki, dostlarımıza da çox şeydə köməyimiz oldu, onları Polşaya daxil olmaqdan və bunun yarada biləcəyi bütün nəticələrdən azad etdik.

«...YƏQİN Kİ, ALNIMDAN GÜLLƏLƏNƏRDİM»

- Daha dəqiq hansı nəticələrdən?

- Hərbi vəziyyət, demək olar ki, rahat keçdi. Demək olar ki, heç bir nümayiş olmadı. Ordu böyük nüfuza malik idi. Bu barədə bilirdilər. Əgər Sovet İttifaqından «yardım» olsaydı, tarix boyu Polşa xalqının meylini nəzərə alsaq, bu, hərbi vəziyyət yox, müharibə olardı. Polşa silahlı qüvvələrinin yarısı da bunun əleyhinə olardı. «Sovet ordusunun həqiqətən də, ölkəyə girməsini xahiş etsəydim, yəqin ki, alnımdan güllələnərdim». Bu məsələyə tam məntiqlə baxmaq lazımdır, nəinki rəsmi olmayan mətndən qoparılmış cümlələr əsasında.

- Bəs sizcə, Rusiya-Polşa münasibətlərində əsas problem nədədir?

- Mən bizim münasibətlər yaxşılaşanda həmişə sevinirəm, müxtəlif lazımsız konfliktlər xüsusən də, tarixi qiymətləndirməklə bağlı konfliktlər yarananda isə kədərlənirəm. Tarixi isə müxtəlif cür qiymətləndirmək olar. Hamı üçün ümumi olan faktlardır, onların qiymətləndirilməsi isə subyektivdir, bu isə bizim bugünkü münasibətlərə təsir göstərməməlidir. Bizim heç də bütün siyasətçilərimiz bunu başa düşmürlər. Bundan da müxtəlif konfliktlər yaranır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG