Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:26

2009-cu il hansı hadisələrlə yadda qaldı?


Martda, Azərbaycan vətəndaşlarının milli efirində müstəqil elektron KİV-in praktiki olmadığı şəraitdə ölkənin tarixində ciddi qərarlardan biri verildi
Martda, Azərbaycan vətəndaşlarının milli efirində müstəqil elektron KİV-in praktiki olmadığı şəraitdə ölkənin tarixində ciddi qərarlardan biri verildi
2009-cu ilin ilk saniyələri «Azadlıq», BBC və «Amerikanın Səsi» radiolarının yayımının Azərbaycan dalğalarında kəsilməsi ilə başlandı.

Hakimiyyətin siyasi opponentləri bu qərarı onunla əlaqələndirdilər ki, iqtidar ölkədəki antidemokratik dəyişikliklər qabağı alternativ məlumat kanallarının qarşısını almaq istəyir.

Martda, Azərbaycan vətəndaşlarının milli efirində müstəqil elektron KİV-in praktiki olmadığı şəraitdə ölkənin tarixində ciddi qərarlardan biri verildi.

Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum martın 18-də keçirildi. Seçicilər referenduma HƏ deməklə prezident postuna müddətsiz seçilmə imkanı tanıdılar.

Azərbaycan vətəndaşları referendumun mahiyyətini necə başa düşüblər, necə səs veriblər, bunu həmin gün seçkiyə gələnlərin cavablarından bilmək olar:

Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum martın 18-də keçirildi
«BİR PREZİDENT SEÇİB ONA HƏMİŞƏ DƏ SADİQ OLMALIYIQ»


SUAL: Nələr dəyişilir, xəbəriniz varmı?

CAVAB: Mən HƏ dedim möhtərəm prezidentimizə. Ona mən səs vermişəm, verəcəyəm də.

SUAL: Digər dəyişikliklər var, bəs onlar necə?

CAVAB: Onlarla maraqlanmıram. Onlar mənlik deyil.

SUAL: Dəyişikliyə çıxarılan hansı maddələrlə tanışsınız?

CAVAB: Dəyişikliyə çıxarılan...çünki necə əvvəl idi, indi yenə həmən şeydir. Əvvəl necə prezident seçkilərində yenə də bu referendumda seçməliyik.

SUAL: Yəni nəyi seçməlisiniz?

CAVAB: Referendumda «ediniy» bizim prezidentimizdir, onu seçməliyik.

SUAL: Bu, prezident seçkisi deyil axı, referendumdur.

CAVAB: Prezident seçkisi olmadı, bu referendumda ona görə seçirik ki, biz, nətər dövlətimiz müharibə şəraitində olduğuna görə, day nətər deyərlər, qaçmayaq ora-bura, bir prezident seçib ona həmişə də sadiq olmalıyıq.

Rəsmi açıqlamaya görə, dəyişiklikləri demək olar ki, hamı dəstəkləyib.

NEFT AKADEMİYASINA SİLAHLI BASQIN

Referendumun gətirdiyi «məşhurluğ»un ardınca Azərbaycanın adını dünya KİV-ində qanla yazan olay gətirdi. Aprel ayının 30-da Azərbaycan Neft Akademiyasına silahlı oldu. Cinayətkar Fərda Qədirovun universitet binasının birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə atəş açması nəticəsində 13 nəfər öldü, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Azərbaycan ictimaiyyəti bu hadisənin şokundan bir müddət çıxa bilmədi. Qəzetlər yazdı, insanlar müzakirə etdilər, tələbələr həmrəylik nümayiş etdirmək üçün küçələrə axışdı, etiraz dalğası Bakını bürüdü.

«Azərbaycan, söz azadlığı-2009» sözlərini Google-da yazan hər kəsin qarşısına bu ilin bloqqerlər əhvalatı çıxacaq
BLOQQERLƏR ƏHVALATI


Okeanın o biri üzündə «Azərbaycan, söz azadlığı-2009» sözlərini Google-da yazan hər kəsin qarşısına bu ilin bloqqerlər əhvalatı çıxacaq.

Gənc fəallar Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Bu hadisənin sorağı dünyanın ən nüfuzlu media orqanlarından gəldi, söz azadlığı və insan haqları təşkilatlarının Azərbaycan hakimiyyətinə müraciətlərinə səbəb oldu.

Son tənqidlərdən biri isə Avropa Parlamentinin Azərbaycanda söz azadlığının vəziyyətilə bağlı qətnaməsidir. Müzakirələr zamanı deputatların çoxu Bakını kəskin tənqid edib, bloqqerlər Emin Milli və Adnan Hacızadəni dərhal azad etməyə, «Azadlıq» və başqa xarici radioları FM-ə qaytarmağa çağırıblar.

«BUNUN SƏBƏBİ ÖLKƏDƏKİ NƏHƏNG KORRUPSİYA REJİMİNİ ÖRT-BASDIR ETMƏKDİR»

İrlandiyadan olan deputat Co Higgins Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti «dəhşətli» adlandırıb.

- Mən Azərbaycanda ınsan haqlarının ardıcıl şəkıldə pozulmasına diqqət cəkilməsini alqışlayıram. Media azadlığı yoxdur, axır illərdə onlarla jurnalist həbs olunub, bəziləri döyülüb, öldürülən də var. Biz cənab Əliyev rejimindən açıq səkildə soruşmalıyıq ki, niyə dəhşətli repressiyalar tətbiq edir. Əlbəttə, bunun səbəbi ölkədəki nəhəng korrupsiya rejimini ört-basdır etməkdir. Azərbaycanın hakim elitası sürətlə varlanır, xüsusilə neftdən və qazdan. Lakin əhalinin 90 faizi kasıbçılıq içində yaşayır. Azərbaycanın təbii ehtiyatlarından faydalana bilmir.

«EUROVISION-2009» DA 3-CÜ YER

2009-cu il dünya ictimaiyyətinin gözündə Azərbaycan üçün təkcə tənqidlə başa çatmayıb. Ölkə bu il «Eurovision-2009» mahnı müsabiqəsində qazandığı nailiyyətlə dünya musiqi tarixinə düşüb.

Müsabiqənin Moskvada keçirilən finalında Azərbaycan 207 xal qazanaraq 3-cü yerə çıxdı. «Eurovision-2009»da Azərbaycanı Aysel Teymurzadə və İranlı Araş «Həmişə» («Always») mahnısı ilə təmsil edib.

Aysel və Araş Azərbaycana3-cü yeri qazandırdılar
«Eurovision»da erməni mahnısına səs verənlər də «Azərbaycan - 2009» boxçasını bir qədər zənginləşdiriblər. Müsabiqədən bir neçə ay sonra Azərbaycandan erməni mahnısına sms göndərənlər Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb, sorğu-sual ediliblər.

Ermənistan-Azərbaycan konflikti təkcə beynəlxalq müsabiqələr kontekstində müzakirə olunmayıb. Politoloqların sözlərinə görə, 2009-cu il danışıqlar tarixində ən məhsuldar il olub:

- Yaddaqalan məqamlardan biri o oldu ki, bir qədər Madrid prinsipləri açıqlandı ki, onun mahiyyəti nədən ibarətdir. Və məlum oldu ki Madrid prinsipləri əsasən münaqişənin mərhələli həllini özündə ehtiva edir. Digər tərəfdən, mənim fikrimcə, onunla yadda qaldı ki, son bir il ərzində prezidentlər 6 dəfə görüşdülər. Hər halda bu intensiv görüşlər idi. Baxmayaraq ki, heç bir nəticə əldə olunmadı.

«HƏR İKİ ÖLKƏ BAŞA DÜŞDÜ Kİ, HANSI HƏDLƏRİ KEÇMƏK OLAR»

Hamının Qarabağ konfliktiylə bağlı danışıqlardan nəticə gözlədiyi bir vaxtda Azərbaycan bu il yaxın tərəfdaşı və qonşusu Türkiyə ilə münasibətlərində Ermənistanla sərhədlərin açılışına dair protokollar səbəbindən böhran yaşadı. Politoloq Fərhad Mehdiyev krizisin detalları barədə danışır:

– Daha sonra bu krizis bayraq məsələsinə görə kuliminasiya nöqtəsinə çatmışdı. Bu protokollara görə artıq aydın oldu ki, Türkiyə sərhədləri açmayacaq. Bu etimadsızlıq ortamı aradan qalxıb. Lakin münasibətlər köhnəki kimi qalmayıb. Soyumanın tamamilə aradan qalxdığını iddia etmək mümkündür, amma bu bir az mübahisəlidir. Bu bir faktdır ki, iki ölkə arasındakı münasibətlər ruslar demiş, «zakalka»dan keçdi. Hər iki ölkə başa düşdü ki, hansı hədləri keçmək olar, hansını keçmək olmaz – bayraq məsələsilə bağlı olaraq. Məncə, çox uğursuz səhnə alınmadı axırda. Bu bizim üçün, iki ölkə üçün münasibətlərin bir sınağı oldu, bəlkə bir az romantik olmaqdan çıxdı, realist oldu.

Dünya mediasında işaran bu xəbərlər Azərbaycanın adının ən sıx hallandığı olaylarla bağlı idi.

2009-cu ili belə yola salan Azərbaycanı 2010-cu ildə nə gözləyir sualı da maraq doğurur. Gələn illə bağlı əlimizdə hələ ki, ancaq dövlət büdcəsinin proqnozu var. 2010-cu ilin büdcəsində xərclər 11 milyard 264 milyon, gəlirlər isə 10 milyard 15 milyon manat proqnozlaşdırılıb.

2010-cu ildə cari illə müqayisədə iqtisadi fəaliyyət, mədəniyyət və idman, sosial müdafiə, hüquq-mühafizə və dövlət aparatının saxlanması xərcləri artacaq. Nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı və ekologiya, kommunal təsərrüfat, səhiyyə və təhsilə ayrılan vəsaitlər azalacaq.
XS
SM
MD
LG