Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:21

Maliyyəsi az olan bələdiyyə necə işləsin?


Bu günlərdə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyələrin mövcud olduğu 10 il ərzində ölkədə vətəndaşların yerli özünüidarəetmə hüququ təmin olunubmu? Bu hüquq tam formada reallaşıbsa, niyə hələ də bələdiyyələrə etimad yaradılmayıb?

AzadlıqRadiosu və «İnternyus-Azərbaycan» təşkilatının birgə proyekti olan «Hər kəsin haqqı var» verilişində məhz bələdiyyələrin səlahiyyətləri, nailiyyət və problemləri müzakirə olundu.

«BƏLƏDİYYƏLƏR HƏLƏ DƏ FORMALAŞMAQDADIR»

Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev demokratik cəmiyyətdə bələdiyyənin zəruri olduğunu etiraf edir. Amma onu da deyir ki, bu gün bələdiyyələr yerlərdə əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində fəal iştirak etmirlər. Millət vəkili bunun səbəblərini belə izah edir:

«Bu təsisatın yaşı azdır. Digər tərəfdən, vətəndaşların da bələdiyyə qurumlarına münasibətləri birmənalı deyil. Hələ bu gün də bələdiyyələrdə formalaşma, təkmilləşmə gedir».

«BƏLƏDİYYƏLƏR ÖZLƏRİNİ PİS ETMƏK İSTƏMİRLƏR»

Tahir Rzayev
Millət vəkili hesab edir ki, bələdiyyələrin işindəki nöqsanların əksəriyyəti onların maliyyəsinin azlığı ilə əlaqədardır. Amma Tahir Rzayev onlara maliyyənin hamısının dövlətdən verilməsini də düzgün saymır:

«Bələdiyyələr öz vergilərini yığa bilmirlər. Bu məsələdə bələdiyyələrin özlərinin də təşəbbüsü lazımdır. Vətəndaşlarla münasibət yaratsınlar, izah etsinlər ki, bizi seçmisizsə, gərək kömək də edəsiniz. Vətəndaş vergi vermirsə, ona qarşı müəyyən sanksiyalar həyata keçirilməlidir. Bələdiyyələr isə özlərini pis etmək istəmirlər».

İCRA NÜMAYƏNDƏLİKLƏRİ NƏYƏ LAZIMDIR?

Bələdiyyələr Alyansının koordinatoru Abil Bayramov deyir ki, bələdiyyələrin bir neçə əsas problemi var: səlahiyyət bölgüsündə problem, səlahiyyətlərin məhdudluğu, maliyyə azlığı. Ekspert deyir ki, icra strukturlarına milyonlarla manat xərcləməkdənsə, həmin vəsaiti bələdiyyələrə yönəldib işləri daha effektiv qurmaq olardı:

«İcra nümayəndəliklərinin saxlanmasına 12 milyon manat sərf olunur. Bələdiyyələrə ayrılan dotasiyalar 3.5 milyon manatdan artıq deyil. Onda yerli icra nümayəndəliklərinə nə ehtiyac var? Onların səlahiyyətlərini bələdiyyələr asanlıqla həyata keçirə bilər. Əslinə qalsa, heç yerli icra nümayəndələrinin konstitusion əsasları da yoxdur».

«BƏLƏDİYYƏLƏR VERGİ TOPLAYA BİLMİR»

Abil Bayramov
A.Bayramov 2008-ci ildə yalnız 244 bələdiyyənin əmlak vergisini, 39 bələdiyyənin mədən, cəmi 7 bələdiyyənin mənfəət vergisini topladığını deyir:

«Bələdiyyələrin hazırkı mənbələri effektiv deyil. Onların kadr potensialı zəifdir, ixtisaslarının artırılması sistemi təkmil deyil. Onların problemlərini aradan qaldırmaq üçün kompleks islahatlar aparılmalıdır».

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli deyir ki, indi bələdiyyələrin 62 faizinin özünəməxsus inzibati binası yoxdur, 98.7 faizinin internet resursuna malik deyil. Bələdiyyələrin 65-70 faizi isə işçilərini öz hesabına məzuniyyətə buraxmaq məcburiyyətindədir.

Vüqar Tofiqli hesab edir ki, bütün bu problemlərin ortaya çıxmasının əsas səbəbi maliyyə çatışmazlığı ilə əlaqədardır. Amma onun dediyinə görə, bələdiyyələrin hüquqları torpaq hərraclarında da pozulur:

«Məsələn, sənəd vaxtında verilmir, hərrac komitəsi lazımi formada formalaşmır, tək bir bələdiyyə sədri 20 bələdiyyəni təmsil edir, torpaq satışa çıxarılmazdan əvvəl şəhadətnamə almaq olmur».

«BÖHTANA GƏLƏNDƏ, HƏR KƏS BƏLƏDİYYƏNİN ÜSTÜNƏ GƏLİR»

Vüqar Tofiqli
Badamdar bələdiyyə sədrinin müavini Ramiq Mustafa isə günahın bələdiyyənin üstünə atılmasını düzgün saymır. O, deyir ki, bələdiyyələrə qanunla verilən hüquqları da təmin olunmur:

«Monitorinq keçirilsə, camaat deyəcək ki, qurumların əksəriyyəti işləmir, onların fəaliyyətini görmürük. Amma böhtana gələndə, hamı düşür bələdiyyənin üstünə».

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aparat rəhbəri Rafiq Süleymanov isə bələdiyyələrin inkişafa nail ola bilməməsinin səbəbini onların özlərində görür:

«Bələdiyyə sədrləri qanunvericilik aktlarını öyrənmirlər. Bakıda torpaqların icarəyə verilməsində ciddi problemlər ortaya çıxır. Bir də görürsən, dövlət mülkiyyətində olan, neft quyularının mühafizə zonalarında torpağın satılması barədə qərar qəbul edirlər. Vətəndaş orda tikdiyi ev üçün sənəd ala bilməyəndə, verməkdən imtina edəndə, şəxs dövlət orqanlarından narazı qalır. Bəzi hallarda bələdiyyələrin fəaliyyətində cinayət xarakterli hallar olur».

Emil Məmmədov
Hazırda bir nəfər bələdiyyə üzvü, iki nəfər də bələdiyyə namizədi həbsdədir.

«HƏR KƏS SƏDR OLUB TORPAQ SATMAQ İSTƏYİR»

Hüquq müdafiəçisi Emil Məmmədov hesab edir ki, bələdiyyə seçkilərinə maraq ancaq sədr olmaq uğrundadır:

«Onlar istəyirlər ki, bələdiyyəni ələ alıb gələcəkdə torpaq satmaq və s. yollarla qazanc əldə etsinlər».

«KASIB BƏLƏDİYYƏ XARİCDƏ RESTORANDA NECƏ HESAB VERİR?»

«Vətəndaş Cəmiyyəti Uğrunda» Məsləhət və Yardım Mərkəzinin sədri Eldar İsmayılov deyir ki, bələdiyyələr həmişə maliyyəsizlikdən, kasıblıqdan danışırlar. Amma bəzi bələdiyyə sədrlərinin xarici ölkələrdəki kafe və restoranlarda az olmayan hesab verməsi bu deyilənlərlə heç cür uzlaşmır.

Millət vəkili Tahir Rzayev təklif edir ki, vətəndaşlar bələdiyyənin fəaliyyəti ilə yaxından maraqlansınlar, onlardan haqq-hesab istəsinlər:

«Vətəndaş seçdiyi orqanın yığıncağında iştirak etməli, 6 aydan bir hesabat almalıdır. Bələdiyyənin büdcəsi formalaşanda əhali ilə birlikdə müzakirə olunmalıdır».

T.Rzayev deyir ki, icra strukturları ilə bələdiyyələrin səlahiyyətləri arasında qarışıqlıq yoxdur:

«Yəqin ki, nöqsansız olmayacaq. Amma seçkilərdən sonra bələdiyyələrə səlahiyyət verilməsi, onların problemlərinin həlli istiqamətində xeyli addımlar atılacaq, onlar üçün yaşıl işıq yandırılacaq».

Şərhləri göstər

XS
SM
MD
LG