Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

«Gürcüstanda adi qrip yoxdur»


Tibbi maska alan insanların sayı son bir həftədə çoxalıb

Tibbi maska alan insanların sayı son bir həftədə çoxalıb

Kimi təqaüdünün, kimi maaşının, kimi də diləndiyi pulların hər gün 40 tetrisini – təxminən 20 qəpiyini tibbi maskaya verir. Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi küçələrindən olan Rustavelidə yolçulardan pul dilənən uşaqlar da ağızlarına tibbi maska taxıb gəzir. Son bir həftə ərzində 5 nəfərin ölümünə səbəb olan H1N1 virusu maska taxan insanların sayını artırıb.

«ÇOXLU QRİP YAYILIB»

Küçədə göy-göyərti alan 67 yaşlı qadın alverçinin onu başa düşməməsinə baxmayaraq yenə ağzına taxdığı tibb maskanı çıxarmır:
- Mən bu gündən taxmağa başlamışam. Çünki çoxlu qrip yayılıb. Mənim isə ürəyim xəstədir və qorxuram.

Digər sakinlər də maska taxmanın səbəblərindən danışır:

- Maska taxmaqla özümü sığortalayıram. Evdə balaca uşağım var.

- Bir az soyuqlamışam deyə, dünəndən maska taxıram. Vəziyyət elə də təhlükəli deyil, amma bununla daha təhlükəsizdir.

MASKA ÇATIŞMAZLIĞI

Paytaxtın mərkəzində yerləşən apteklərdən də bildirdilər ki, tibbi maska alan insanların sayı son bir həftədə çoxalıb. Bəzi mərkəzi apteklərdən iki gün tibbi maska istəsək də, olmadığını, lakin tezliklə gətirəcəklərini bildirdilər. Yerli televiziyalar da Tbilisi sakinlərinin apteklərdə maska çatışmazlığından şikayət etdiyini xəbər verir.

Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Şota Çanava deyir ki, tibb müəssisələrində maska ilə bağlı problem yoxdur, əgər apteklərdə maska satılmırsa bu o deməkdir ki, biznesmenlər fürsəti qaçırır.

700-Ə YAXIN İNSANIN «DONUZ QRİPİ»NƏ YOLUXDUĞU TƏSDİQLƏNİB

Mərkəzdən aldığımız məlumata görə, hazırda Gürcüstanda 700-ə yaxın insanın «donuz qripi»nə yoluxduğu laboratoriyada təsdiqlənib. Mərkəzin direktoru Şota Çanava:

- Virusun yayılmasının bir səbəbi də vaxtında həkimə müraciət etməmələridir.

Digər Tbilisi sakinləri isə ümumiyyətlə, Gürcüstanda bu virusun olduğuna inanmırlar:

-İnsanlar acından ölür. Heç bir «donuz qripi»-filan yoxdur burda. Adi halda da insanlar ölür. Bu sadəcə hökumətin uydurması, rəqəmlər isə şişirdilmədir.

«BİRDƏN-BİRƏ ZİYARƏTÇİLƏRİMİZİN SAYI AZALDI»

İctimai yerlərdə H1N1 virusuna yoluxma riski yüksək olduğundan valideynlər uşaqlarını məktəbə qoymur. Yelena Mamaladze, Gənc Tamaşaçılar Teatrının nümyəndəsi deyir ki, onların tamaşaçılarının çox hissəsi şagirdlər idi. İndi isə:

- Bu yaxınlarda tamaşalarımız olmalı idi. Və birdən-birə ziyarətçilərimizin sayı azaldı. Mənə məlum olduğuna görə, valideynlər və məktəb direktorları bunu «donuz qripi» ilə əlaqələndirir.

Tələbə Lika Kasradzenin anası 4 gündür ki, 39-40 dərəcə qızdırma ilə xəstədir. Lakin Kasradze ailəsi evin xanımını həkimə aparmaq fikrindən vaz keçiblər. Səbibini Lika özü danışır:

«GÜRCÜSTANDA ADİ QRİP YOXDUR»

- Biz eşitdik ki, H1N1 virusunun insanda olub-olmamasını yoxlayan labaratoriya bağlanıb. Səbəbini soruşanda belə deyirlər – «Gürcüstanda adi qrip yoxdur, əgər başın ağrıyır, qızdırman varsa, deməli, «donuz qripi»nə yoluxmusan».

Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Şota Çanava bildirir ki, laboratoriyada yalnız risk qrupuna aid olan – yəni, hamilə və xroniki xəstələrin müayinəsi aparılır. Qızdırma, başağrısı olan digər insanlar isə sadəcə həkimə müraciət edə və adi qaydada müalicə oluna bilərlər.

Tbilisi şəhər meriyası isə bütün polikinikalarda həkimlər tərəfindən pulsuz tibbi müayinə və müalicələrin aparılması ilə bağlı qərar çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG