Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40

Nəriman Əbdürrəhmanlı "Şeytan mövsümü" (HEKAYƏ)


Azerbaijan -- Azeri writer Nariman Abdurrahmanli, undated

Azerbaijan -- Azeri writer Nariman Abdurrahmanli, undated

… - Allah mənim ömrümdən kəssin, sənin ömrünə calasın!

- Pah, Kişi ağzından dürr tökür!

Bayaqdan bu sözləri azı onuncu dəfəydi deyirdi; hər dəfə də, elə bil, dediklərinin tərsi baş verirdi: oturduğu yerdəcə gözgörəsi dirçəlirdi, az qala cavanlaşırdı, uzun həsrətdən sonra vüsala yetmiş aşiqsayaq yanaqları allanır, gözləri vurğun adamın baxışları kimi alışıb-yanırdı; üstəlik də, ötən illərin dadlı-yağlı xatirələri yaddaşının neçənci qatı altındansa, baş qaldırır, kino lenti kimi gözlərinin qabağından gəlib keçirdi.

Beləcə, vücudunu sarmış mübhəm duyğulardan dinc otura bilməyib qurcalanır, kreslosunu televizora bir az da yaxın çəkirdi.

Kişi də, elə bil, ekranda yox, onunla üzbəüz oturmuşdu, yarıörtülü göz qapaqları altından xəncər kimi iti, boz gözlərilə onun içinə baxırdı, vəcdə gəlməyindən xəbər tutub çıxışının məqsədini unutmuşdu, neçə illərdən bəri adət elədiyi mövzudan – ətdən, bolluqdan, firavanlıqdan özünəxas ilhamla danışırdı: dediyinin təsirini artırmaqdan ötrü əlini cümləbaşı masaya çırpırdı, hərdənsə, barmağını tüfəng lüləsi kimi yuxarı qaldırır, sonra balta tiyəsi kimi aşağı endirirdi.

Kişinin görkəmi də, üzünün ifadəsi də, danışığı da həmənkiydi, elə bil, aradan bu boyda vaxt – az qala bir igidin ömrü ötməmişdi: vücudunda dəyişən yalnız azca seyrəlmiş saçları, gözlərinin altındakı tuluqlar, bir də baxışlarında açıq-aşkar sezilən anlaşılmaz kədəriydi.

Amma dəyişkənliyin və naməlum kədərin seyrçisinə zərrə qədər də dəxli yoxuydu; başlıcası oydu ki, ömürünün ən yaxşı illərini qurban verdiyi adam gözlərinin qabağındaydı, həm də ovaxtkı kimi zabitəli, qətiyyətli, doğmaydı ürəyinə yağ kimi yayılan sözlər deyirdi və ola bilsin ki, bəxt quşu neçə illərin ayrılığından sonra təzədən qayıdıb onun da başına qonacaqdı…

***

….Kişini texnikumu bitirəndən düz yeddi il sonra tanımışdı və bu yeddi il ərzində ət kombinatının kiçik bir qulluqçusu kimi çax-çuxunu eləmişdi.

Düzü, o vaxt vəzifə-filan ağlına gəlmirdi, amma bir bir paralarının yaxşı qazandığının, yaxşı yaşadığının fərqinə varanda özünə yer tapa bilmirdi. Yeddi ilin tamamında gözlənilmədən hər şey dəyişdi:

Kişi nazirlikdəki hansısa ortabab qulluqdan kombinata direktor göndəriləndə içinin qurdu tərpəndi.

Amma tamam bir ay Kişinin üzünü görən, sözünü eşidən olmadı; bu sükut ağlasığmaz dərəcədə əzici, üzücüydü, hamı öz içinə çöküb, taleyini yuxarıdan hər an gözlənilən işarənin hökmünə bağlamışdı.

O bir ayda qorxusundan sarısını udan da oldu, ürəktutmasından yanıüstə yıxılan da. Elə bil, havadan naməlum bir vahimə asılıb qalmışdı, bu vahimə gözlə görünməyən, əllə duyulmayan rəngsiz, cismsiz varlığıydı, heç kəsi dikəlməyə, səsini çıxarmağa qoymurdu.

O bir ayın tamamında ağlagəlməz şeylər baş verdi: vahimənin yiyəsi yuxarı vəzifədəkilərin bir parasını gedərgəlməzə göndərdi, yerlərinə özünün tanıdığı adamları gətirdi.

Qəribə burasıydı ki, bəxti açılanlar arasında yeddi il kiçik qulluqda can qoymuş bu kimsə də varıdı: dayısı Kişinin yaxın adamlarındanıymış, hardasa sözarası qandırıbmış.

Vaxtı çatanda sözün məzənnəsini ona da başa saldılar, o da arifanə şəkildə sözü qiymətləndirib heç ağlına gətirə bilməyəcəyi bir qulluğa durdu: «boynu sex»in yiyəsi oldu.

«Yiyəsi» deyəndə ki, burda «Yiyə» ancaq Kişiydi; o, olsa-olsa, böyük etimada layiq görülmüşdü, başlıca vəzifəsi özünü oda-közə vurub bu etimadı doğrultmaqdan ibarətiydi.

Ovaxtdan bütün həyatını boynuna qoyulmuş borcun altından çıxmağa həsr eləmişdi:

Kişinin ailəsinin, qohum-qardaşının, dost-tanışının ətə olan gündəlik ehtiyacını yüksək səviyyədə ödəməliydi, xeyirdə-şərdə tapşırıqsız-filansız lazım gələn işləri görməliydi, yaxından-uzaqdan qonaq-qarası gələndə ət məsələsiylə bağlı bütün problemləri həll eləməliydi; üstəlik də, sexin işçilərini dolandırmağın, yuxarının kəsmətini çatdırmağın qayğısına qalmalıydı.

Anadangəlmə «düzüb-qoşmaq» qabiliyyəti dadına çatmışdı: etimadın bir ili başa çatmamışdı ki, adı etibarlı adamların siyahısına düşmüşdü: bu da o deməyiydi ki, nə qədər qədər Kişinin canında can var, nə qədər kölgəsi bu idarənin üstündədi, ona güldən ağır söz deyən olmaz.

«Boynu sex»ə yiyələnməyiynən murdar tükünü də tökdü: indi sabahın dərdini çəkmirdi, bəy balası kimi geyinib-kecinirdi, hörmətli-sanballı dost-tanışları varıdı, işə veteran əmisinin adına aldığı maşınla gedib-gəlirdi, ev-eşiyi də əməlli-başlı abıra mindirmişdi, arvadının idimi, uşaqların əyin-başı düzəlmişdi.

Ailəsinə korluq vermirdi, Kişinin etimadını doğrulda-doğrulda özünü, çörəyinə səbəb olmuş dayısını, veteran əmisini də yaddan çıxarmırdı, kəsdirdiyi cöngələrin yaxşı yerindən günaşırı üç-dörd kilo üç evə pay-püş eləyirdi.

Evində az qala gündə üç dəfə ət xörəkləri bişirilirdi; o qədər ət yeyirdilər ki, uşaqları danışanda az qala cöngə kimi böyüyürdülər, gözləri irilənib hədəqəsindən çıxırdı, günün yarısını da cöngəsayaq səvərib yatırdılar.

Daha sabaha qalan əti də xoşlamırdılar, arvadı qonum-qonşuya pay göndərib hamam suyunnan dost tuturdu, əliaçıq, hörmətcil adı qazanırdı.

Kişi nə təhər qayda yaratışdısa, aşağıdan - yuxarıyacan hamı borcunu, vəzifəsini, gəlir-çıxarını dübbədüz bilirdi; qaydanı pozanın, cızığından çıxanın aqibəti bıçaq altına gedəcək cöngələrin taleyinə oxşayırdı;

Kişi öz sözünü deyənəcən, hökmünü verənəcən gündə yüz dəfə ölüb-dirilirdi, axırını gözləyə-gözləyə əsəb, ya ürək xəstəliyi tapırdı, ən yaxşı halda, Kişinin mərhəməti sayəsində gəldiyi kimi lümlüt işdən çıxıb canını qurtarırdı.

Onun burnunun ucundaca belə şeylər tez-tez olurdu, gözü çıxan qardaşlarının başına gələnləri gördüyündən işini ehtiyatlı tutmağa, yoldan sapmamağa çalışırdı, qazandığı etibarın üstünə kölgə salmamaqdan ötrü dəridən-qabıqdan çıxırdı.

Kişinin iş günü «boynu sex»dən başlayırdı: hər səhər başının adamlarıyla sexə baş çəkirdi, üz-gözündə qayğılı ifadə işlərin gedişiylə maraqlanırdı, çatışmazlıqları soruşurdu: onda o, əli əl üstdə durub, anışdıra bilmədiyi vahimə içində aqibətinin necə olacağını gözləyirdi, Kişinin bir əzələsi də də tərpənməyən ifadəsiz üzündən, yarıqapalı boz gözlərindən nəsə unamağa çalışırdı, amma fikirlərinin kələfini aça, ucunu bir tərəfə çıxara bilmirdi.

Həmin o beş-on dəqiqənin ərzində, elə bil, içinin bir tərəfini nəsə gəmirib yoxa çıxardırdı, qıçlarının taqətini sorub aparırdı.

Kişi reydini başa vurub getməmişdən qabaq kəsilməyə gətirilmiş cöngələrinə yanında ayaq saxlayırdı, heç kəsin baş açmadığı baxışlarla «edam» gözləyən heyvanların iri gözlərinə uzun-uzadı baxırdı; bu baxış, Allah bilir, neçə saniyə çəkirdi, amma üzüntülü əbədiyyət qədər uzanırdı.

Sonra Kişi heç kəsə fikir vermədən «Yaxşı, işinizdə olun», - deyirdi və çıxıb vacib işlərinin dalınca gedirdi.

Hər gəlişi ardından o, çəkilib otağında yarım saat dinməz-söyləməz otururdu, özünü tarazlayıb əl quzusuna dönmüş cöngələrin fatihəsini vermək üçün yollanırdı.

Kişinin yuxarıda böyük hörməti, ağır çəkisi varıdı: adı ilbəil öncüllər sırasında çəkilirdi, təltiflər, mükafatlar başına dolu kimi yağırdı.

Nə sirdisə, bu boyda pay-püşün qabağında kombinatın aylıq, rüblük, illik planları artıqlamasıyla dolurdu; bunun da axırı o oldu ki, bir müddət sonra Kişinin xidmətlərini qiymətləndirdilər, yuxarı-nazir müavini apardılar.

Gedəndə yerinə öz müavinini qoydu, hamını yığıb halal-hümbət elədi, bu vaxtacan necə işləmişdilər, eləcə də işləmələrini arzuladı. Kişinin gedişiylə, elə bil, heç nə dəyişmədi; özü yuxarıda olsa da, kölgəsi kombinatın üstündən çəkilmirdi.

Vaxt tapan kimi işlərin gedişiylə maraqlanırdı, hər dəfə gələndə də yolunu əvvəlki sayaq «boynu sex»dən salırdı, üz-gözündə elə həminki ifadə bıçaq altına gedən cöngələrin iri, donuq gözlərinə uzun-uzadı baxırdı, sonra da eyni söyləri deyirdi: «Yaxşı, işinizdə olun».

Hər dəfə də ona elə gəlirdi ki, vaxt irəli axmaq əvəzinə Kişinin varlığıyla geri qayıdır, yaratdığı qayda-qanun dəyişməz, əbədidi, heç bir qüvvə onun çarxını tərsinə döndərə bilməz.

Axır dəyişilməz, əbədi şey çat verdi, gözəgörünməz qüvvə Kişinin çarxını tərsinə döndərdi: xəstəlik adıyla işdən çıxartdılar, amma elə bil, vücudu, nəfəsi, baxışları kombinatın ab-havasına qarışmışdı, daş-divarına hopmuşdu, çəkilib getmək bilmirdi.

Bu dönümdən sonra bir neçə ay Kişidən səs-soraq çıxmadı, amma günlərin bir günü əlaltından toplaşıb ona baş çəkməyə gedəndə dəyişənin nəsə başqa şey olduğunu anladı: düzdü, Kişi azca sınıq, hökmsüz-zabitəsiz görünürdü, varlığının doğurduğu vahiməsə, hələ ölməmişdi, dipdiriydi və onu həyət iti kimi zəncirində saxlayırdı.

Onda həm də anladı ki, Kişi elə-belə, kiminsə istəyinnən meydandan çəkilməz, hələ görəsi günləri qabaqdadı.

Kişidən sonra kombinatda qurduğu tifaq dağılmağa sarı üz qoymuşdu; amma elə bil, bu tifağın dibi sudanıydı, dağıldıqca qurtarmırdı. Bu tifaq Kişinin yerinə gələnləri bir-birinin dalınca gedərgəlməzə yola salırdı.

Səhərdən-axşamacan ət çeynəməyə alışmış cəhənglər indi söz üyüdürdülər, gələnin başını yemək üçün çeşidli planlar cızırdılar; ucu-bucağı görünməyən hörümçək torunda çabalayan binəvaların Kişinin qurduğu tifaqı dağıtmağa, təzə bir şey icad eləməyə nə gücləri çatırdı, nə də bacarıqları.

Axırda istədiklərinə çatdılar: yuxarıdakıların məsləhəti və planı, aşağıdakıların xeyli qisminin arzusu və yardımıyla Kişi kombinata qayıtdı.

Bu qayıdış bir anın içindəcə hər şeyi köhnə axarına qaytardı, onun dəyişilməzlik barədə fikirlərini bir növ təsdiqlədi.

Düzdü, Kişi onu məsləhətsiz-filansız ayrı qulluğa – təsərrüfat müdirliyinə təyin elədi, amma daha bunun məsələyə dəxli yoxuydu; neçə illər uzunu Kişinin kölgəsində dolanmışdı, «boynu sex»dən barınıb, yükünü tutmuşdu, yığdığı ömrünün axırınacan bəsiydi.

***

Kişinin hökm, vahimə dairəsindən qıraqda olub-qalanı təkcə köhnə azarıydı: evlilik həyatına başlayandan bəri evinin yanında çəpərlədiyi altı sot sahədə çiyələk becərirdi.

Əlinin aşağı olduğu vaxtlar bu azarı qolundan əməlli-başlı tutmuşdu: satdığını satırdı, satmadığından qohum-qonşunun payını verirdi, mürəbbə, kompot bişirtdirirdi.

«Boynu sex»ə keçəndən bağa baxmağın yükü arvadının boynuna düşmüşdü, amma özü də Kişinin vahiməsindən canını qurtarmaq üçün boş vaxtını bağda keçirirdi, çiyələyə qulluq eləyə-eləyə üzüntülərdən üzülmüş canını bir balaca rahatlandırırdı.

İndi də işdən günün qulağı yaxmamış gəlməyə macal tapmışdı, su şlanqını çiyələkliyə qoyub Kişinin seçkiqabağı çıxışına baxırlı, seçilməyini cani-dildən arzulaya-arzulaya ötən günlərin yağlı-dadlı xatirələrinə cumurdu.

…Kişi çıxışını qələbə əzmiylə bitirdi; sözünün axırında nəsə yağlı bir şüar deyib, dik qaldırdığı əlini masaya çırpdı, sonra dodaqlarında həminki təbəssüm bir neçə saniyə ekrana baxdı.

Bu baxış bıçaq altına gedən cöngələrin köpünü nə təhər alırdısa, onun da eləcə bənd-bərəsini kəsmişdi, beyninin hüceyrələrinə, düşüncələrinin yeddi qatına tuşlanmışdı.

Qurcuxub bayaqdan bəri dediyi sözləri bir də dilinə gətirdi:

—Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın!

Bunu deyib bir balaca yüngülləşən kimi oldu. amma canı hələ sıxıntıdan qurtarmamışdı:

Kişi ekrandan çəkilib getsə də, elə bil, vücudunun şüası otağı doldurmuşdu, hələ də səsi, nəfəsi, üz-gözünün ifadəsi, yarıqapalı bəbəklərinin arasından işıldayan baxışları hörümçək toru kimi divardan asılıb qalmışdı, əl-ayağına dolaşır, tərpənməyə qoymurdu.

Birtəhər dikəlib televizoru söndürdü, dönüb divanda mürgüləyən kürəkəninə baxdı: eynəyi gözündəydi, bayaqdan oxuduğu qəzet sürüşüb döşəməyə düşmüşdü, sifətindəsə, həmincə mağmınlığa oxşar rahatlıq varıdı.

Beli qırılmışı, elə bil Allah vurmuşdu, neçə illəridi ki, quru maaşa qulluq eləyə-eləyə, özü də qupquru qurumuşdu; külfəti ilin doqquz ayını burda keçirirdi, özü də günaşırı sellofon torbasında bir-iki şey-şüy, qoltuğunda bir dəstə qəzet gəlib çıxırdı, ordan-burdan beş-on kəlmə kəsəndən sonra gözünü qəzetə dikib çorta gedirdi, ta yuxulayanacan divandan tərpənmirdi. İndi də arvad-uşağı yuxuya verib, guya söhbət eləmişdilər, amma Kişi ekranda görünəndə artıq kürəkənin mışıltısı aydınca eşidilirdi.

Qapını astaca açıb eşiyə çıxdı.

Ayın dünyanı bürümüş aydınığı, havanın sərinliyi bir göz qırpımında kişiylə bağlı yaşantılarını yuyub apardı, fikri-zikri səhər gördüyünün üstünə qayıtdı: obaşdan durub çiyələyin siftəsini yığmaqdan ötrü bağa getmişdi, hələ şehi tökülməmiş yamyaşıl ləklərə göz gəzdirib xeyli fərəhlənmişdi, «bismillah» eləyib əlini tağlara atandasa, qəfilən duruxmuşdu.

Yarpaqların altında nəm torpağın üstünə səpələnmiş, dan qızartısına oxşayan yetişmiş çiyələklərin hamısının böyrü yeyilmişdi, çoxunun da bircə saplağı qalmışdı. əvvəl ağlına gələn axır vaxtlar məhəllədə artıb çoxalmış dolaşalar olmuşdu: beş-on toyuq-cücə varıdı, onu da həyətdən qırağa buraxmırdılar, sonra ağlından keçirimişdi ki, dolaşalar olsaydı, yəqin ki, tağların üstündə izləri qalardı.

Beynindəki çək-çevirlə bir müddət donuq-donuq ləklərə baxmışdı, sonra görüb-tanımadığı ziyankarın qarasına söylənə-söylənə çiyələyin olub-qalanını yığmağa girişmişdi.

Elə onda yarpaqların altına yapışmış ilbizlər gözünə sataşsa da, ağlına bir şey gəlməmişdi: ilbizlər əlinə çiyələk salandan bağda vardılar, o vaxtlar da ara-sıra böyrü yeyilmiş çiyələklər rastına çıxırdı; amma belələri az olurdu, ona görə də səbəbkarı tapmaq barədə indiyəcən fikirləşməmişdi.

Bu ovqatnan səhər da çayını içib işə getmişdi. Kombinatın qapısından girəndən sonra çiyələk-filan yadından çıxmışdı, qayıdandasa, bağı üç-dörd dəfə gəzmişdi, dolaşalardan, toyuq-cücədən əsər-əlamət tapmayıb fikirlərinin kələfini əməlli-başlı dolaşdırmışdı.

Bağın qapısını açanda cırcıramaların və ilbizlərin bir-birinə qarışmış səsi qulaqbatırıcı xora çevrildi. Səslər hardansa, çəpərin dibindəki otluq tərəfdən gəlir, dalğa-dalğa bağın o başına, çiyələkliyə doğru daşdanırdı.

Otsuz cığırın torpağı üstündəki hörümçək toruna oxşayan qəribə, gümüşü izlər ay işığından solğun-solğun parıldayırdı. Bağı ağzına götürmüş səslə bu anlaşılmaz izlərin barəsində fikirləşə-fikirləşə cığırla çiyəlikliyi ayıran otluğu adlamaq istəyirdi ki, ayağının altında nəsə xırçıldadı.

Elə bil, dişlərinin arasında torpaq qalmışdı; əti ürpəşə-ürpəşə çöməlib oturdu, gözləri gördüyündən yerindəcə mıxlanıb qaldı: gəlib otluğa yapışmış ilbizləriydi, ot-əncərin arası, nəm torpağın üstüylə ağır-ağır çiyələkləklərinə sarı sürünən ilbiz sürüsündən bir neçəsinin fırtlığa oxşayan vücudunun iyrənc qoxusu ürəyini bulandırdı.

Yetişmiş çiyələklərin qəniminin bu ziyansız görünən, gündüzlər küncdə-bucaqda, kölgə yerlərdə gizlənən, gecələr beləcə, beliyüklü dəvələr karvanı sayaq dalğalana-dalğalana yol gedən həşaratlar olduğu indi ağlına gəldi.

Xeylisi artıq çoxdan ləklərə daraşmışdılar, rəngsiz, ətmətənə başlarını gün işığını, torpaq şirəsini içmiş qıpqırmızı çiyələklərin içinə soxub rahat-rahat sorurdular.

Bir müddət domuşduğu yerdə əlacsız-əlacsız duruxub qaldı, sonra dikəlib içinin hirsini-hikkəsini ayaqlarına verə-verə otluqda atılıb-düşməyə, ilbizləri əzməyə girişdi.

Qıraqdan baxan olsaydı, gecənin bu vaxtı kiminsə şıdırğı oynadığını zənn eləyib, mat-məəttəl qalardı, hansısa Allah bəndəsinin ağlının azdığını kəsdirərdi.

Amma onun dünyaya baxası, bu haqda fikirləşəsi halı yoxuydu; uzun illərdən bəri amanını kəsmiş düşməni axır ki, tapmışdı, alın təriylə yetirdiyinə şərik çıxanı yaxalamışdı.

Ayaqları yorulanda köhnə vedrəni götürüb altıyla əzdi, qoları heydən düşəndə beşdaş kimi yığıb vedrəyə doldurdu, iri kəsikdən birini qapıb yuxarı darmaşmağa çalışan ilbizləri elə vedrənin içindəcə əzişdirməyə başladı.

Vurduqca söyürdü, söydükcə qızışırdı, qızışdıqca bu iyrənc canlıların öhdəsindən gələ bilməyəcəyini görüb taqətdən düşürdü.

Qınlarından çıxmış ilbizlər bir göz qırpımında rəngsiz, sürüşkən vücudlarını içəri çəkib onun qəzəbindən qurtulmağa çalışırdılar, amma hər zərbədən sonra vedrənin içindən qalxan kəsif iy daha da artırdı.

Yorulmuş it kimi ləhləyə-ləhləyə bir xeyli oturub dincini aldı. Bundan sonra neyləcəyini bilmirdi.

Durub əlini çiyələk tağlarının gündəyməz yerlərinə atanda, gücsüzlüyünü açıq-aydın dərk eləyib ilbizlərlə döyüşdə uduzduğunun fərqinə vardı: səhərəcən əlləşsəydi belə, sayı-hesabı bilinməyən bu canlıların öhdəsindən gəlməyi ağsığmazdı.

Xeyli çar-naçar durub döyüş meydanına baxdı, sonra qəzəblə ilbizlərə sarı tüpürüb əl-üzünü təmiz-təmiz yudu, köynəyinin ətəyinnən qurulanıb, evə getmək məqsədiylə ayağını yerdən götürdü; yarıyolda ağlına nə gəldisə, ilbizlərdən birini kağız parçasına büküb doqqaza sarı getdi.

Qapının səsinə kürəkəni qımıldanıb gözlərini açdı, yuxulu-yuxulu sifətini ovuşdurub təəccüblə: «Hələ yatmamısan?» - soruşdu.

Cavab verməyə həvəsi yoxuydu, ovqatı nə təhər pozulmuşdusa, Kişinin varlığı, dadlı-yağlı xatirələr, coşğunluq hissi yaddaşından tər-təmiz silinmişdi, orda ilbizşəkilli məxluqlardan başqa heç nə qalmamışdı.

Kağız parçasını açıb kürəkəninin gözlərinin qabağına tutdu: «Bunun adına kitabda nə deyirlər?».

Kürəkəni eynəyini düzəldib anlaşıqsız nəzərlərini onun üzünə dikdi: «İlbizdi də, nolub ki?» «Heç, - o kağızı büküb var gücüylə ovcunda sıxdı, ilbizin çanağının xırçıltısı kəsiləndən sonra hirsini saxlayammadı, - ilbiz nədi, şeytandı, lənətə gəlmişlər, bütün aləmi bürüyüblər, aşıma zəhər qatıblar».

Kürəkəni çiyinlərini çəkib heyrətlə onu süzdü, bir şey anlamayıb eynəyini çıxarmadan divana uzandı.

Soyunub yerinə girəndə qəfildən yadına düşdü ki, şeytanlar bağa ilk dəfə «boynu sex»ə yiyələndiyi il daraşmışdılar.

Amma onda bu qədər çox deyildilər, bir balaca əl gəzdirəndən sonra vurduqları ziyan azalırdı.

Bir də onu xatırladı ki, çiyələk nəsə, uşaqlıqda yediyinin dadını vermir; elə təzə əkdiyi illərdə ətrindən ləzzətindən doymaq olmurdu. Sonra fikirləşdi ki, sabah gərək bir əlac tapsın, yoxsa şeytanlar bağı viran qoyacaqlar…

May, 1999.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG