Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:49

Vətəndaşların 1 milyon manatı mənimsənilib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Qalaktika Kosmos» Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Sevda Mustafayevanın və şirkətin əməkdaşı Anar Eyvazovun məhkəməsi başlayıb. Onların hər ikisi 1 milyon manat mənimsəməkdə təqsirləndirilir.

Bu cinayət işi üzrə ibtidai istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparıb.

Müəyyən edilib ki, “Qalaktika Kosmos” MMC humanitar yardım təşkilatı adı altında fəaliyyət göstərib. Ötən ilin noyabr ayında bir neçə vətəndaş Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək şirkət rəhbərliyi tərəfindən aldadıldıqlarını iddia ediblər. Sonradan şikayətçilərin siyahısı genişlənib və şirkət tərəfindən vətəndaşlardan mənimsənilən pulların məbləği 1 milyon manata çatıb.

Zərərçəkmişlər ibtidai istintaqa verdikləri ifadələrində göstəriblər ki, onları şirkətə çəkib gətirən səbəb Sevda Mustafayevanın xeyriyyəçiliyindən bəhs edən telekanallarda yayımlanan reklam çarxları olub. “Qalaktika Kosmos”un Cəfər Cabbarlı küçəsindəki ofisinə gələn vətəndaşlara bildirilib ki, təşkilat xeyriyyə təşkilatı kimi əlillərə, qaçqınlara, məcburi köçkünlərə, kimsəsizlərə, uşaq evlərinə yardım göstərməklə məşğul olur.

Şirkət rəhbəri ofisə gələn vətəndaşlara bir sıra təkliflər edib. Həmin təkliflərə görə, vətəndaşlar təşkilata vəsait qoyacaq, bir müddət sonra isə ikiqat qazanc əldə edəcəklər. Zərərçəkmişlərin ifadələrinə görə, “Qalaktika-Kosmos”un rəhbəri onlara qohumu Ruslan Xəlilovun rəhbərlik etdiyi “Continental” bankdan maddi yardım göstərəcəyini, hətta Almaniya və Norveç səfirliyindən də maddi dəstək olunacağını bildirib. Pul yatıran vətəndaşların bir qismi “Qalaktika-Kosmos”da bir müddət müxtəlif vəzifələrdə işləyərək maaş da alıblar. Ancaq ötən ilin sonlarında onlar aldadıldıqlarını başa düşərək pullarını geri almaq üçün hüquq-mühafizə orqanına müraciət ediblər.

İstintaq zamanı üzə çıxıb ki, şirkətin fəaliyyət müddətində Lənkəranda, Gəncədə, Qubada, Sumqayıtda, Ağcabədidə, Bərdədə, Şamaxıda, Abşeronda, Bakının Əzizbəyov rayonlarında filialları da açılıb. Həmin filiallarda da adamlar eyni qaydada aldadılıb. Şirkət rəhbəri Sevda Mustafayeva istintaqa verdiyi ifadəsində göstərib ki, perspektivdə Qobustanda, Şirvanda və 20-dək başqa şəhər və rayonlarda da filial açmağı planlaşdırırmış.

Məhkəmə prosesi davam edir.
XS
SM
MD
LG