Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:01

Polisi aldadan məktəb direktorunun məhkəməsi başlayıb


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə orta məktəb direktoru Hidayət Hüseynovun məhkəməsi keçirilir

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə orta məktəb direktoru Hidayət Hüseynovun məhkəməsi keçirilir

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayonu, Çənlibel kənd orta məktəbinin direktoru Hidayət Hüseynovun məhkəməsi keçirilir. Məktəb direktoru rəhbərlik etdiyi məktəbə bomba qoyması ilə bağlı polisə yalan məlumat verməkdə təqsirləndirilir.

Hadisə bu il oktyabrın 17-də baş verib. İttiham aktına görə, məktəb direktoru həmin tarixdə günorta saatlarında Şəmkir rayon Polis Şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin 112 zəng xidmətinə zəng edərək, orta məktəbə bomba qoyduğunu və bir neçə dəqiqə ərzində partlayış baş verəcəyini deyib. Hər iki qurumun əməkdaşları dərhal hadisə yerinə gəliblər. Şənbə gününə təsadüf etdiyindən məktəbdə yalnız müəllim heyəti olub ki, onlar da məktəb binasından kənarlaşdırılıblar. Araşdırmalar nəticəsində bomba xəbəri təsdiqini tapmayıb. Polisə gələn zəng araşdırılarkən məlum olub ki, bomba həyəcanını yaşadan elə həmin məktəbin direktoru imiş. Məktəb direktoru polisə dəvət edilərkən bəlli olub ki, o, sərxoş vəziyyətdədir. Əməli də sərxoş vəziyyətdə törədib.

Hidayət Hüseynov ibtidai istintaqa verdiyi ifadəsində özünü təqsirli bildiyini və hadisəni anlaqsız (sərxoş) vəziyyətdə törətdiyini, əməlindən peşman olduğunu bildirib. Məhkəmədə isə o, özünü təqsirli hesab etməyib. O, ifadəsində göstərib ki, məktəbə bomba qoyulması barədə onun özünə şagirdlərdən biri xəbər verib. O da öz növbəsində bu barədə polisi məlumatlandırıb. Ancaq polisə zəngi nəyə görə anonim şəkildə etməsini məktəb direktoru məhkəməyə izah edə bilməyib. Bundan başqa, bomba xəbərini ona vermiş şagirdin də kimliyi barədə məhkəməyə heç nə söyləyə bilməyib.

Məhkəmədə şahid qismində məktəbin xadiməsi Şahzadə Mehdiyeva dindirilib. O, məhkəmənin nəzərinə çatdırıb ki, oktyabrın 17-də dəhlizi süpürüb silərkən məktəb direktoru sərxoş vəziyyətdə dəhlizə çıxıb və ona məktəbə bomba qoyduğunu, bir neçə dəqiqədən sonra məktəb binasının göyə uçacağını bildirib.

İndi Hidayət Hüseynov terrorla hədələmədə və bilə-bilə terror barədə yalan məlumat verməkdə təqsirləndirilir. Məktəb direktoru hakimlərin nəzərinə çatdırıb ki, məhkəmədən yeganə xahişi cəza təyin edərkən 33 illik pedaqoji fəaliyyətini nəzərə alınsın.

Məhkəmə prosesi davam edir.

Şərhləri göstər

XS
SM
MD
LG