Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:41

«Mənim həqiqətim təzə deyil»


şair İlyas Tapdıq
şair İlyas Tapdıq
AzadlıqRadiosunun «Tanınmışlar» verilişinin budəfəki qonağı şair İlyas Tapdıqdır:

- İlyas müəllim, ilk növbədə bu günlərdə 75 yaşınızın tamam olması imünasibətilə sizi təbrik edirik.

- Çox sağ olun. Bəli, artıq 76-dan xırdalayıram.

- 76-dan xərcləməyə başlamısınız. Tələbxərc deyilsiniz?

-Yox. Taleyimdə belədir ki, son dərəcə o işdə təmkinliyəm. İlin necə gəlib getməsindən heç xəbər tutmuram. İşləmədiyim gün olmur. Bu gecə də işləmişəm.

- Nə işləmisiniz?


- Mənim yarımçıq yazılarım var. Məsələn, eləsi var ki, bir misrasına görə çap etdirməmişəm. Onları işləyirəm. 4-5 cilddə əsərlərim çap olunur. Artıq 600 səhifədən ibarət 1-ci cild çıxıb. Qalan şeirlərimi nəzərdən keçirirəm. Bu günün və gələcəyin gözü ilə baxıram onlara ki, yalnız yaşamaq haqqı olanları kitaba salım.

- Yaşamaq haqqı olmayanlar çox olur?

- Nə deyim. Zamana görə bəzən olur də. Məsələn, vaxtı ilə mənim Lenin haqqında, Moskva haqqında şeirlərim olub. Moskva şəhərdir, onları yenə də çap etdirmək olar. Ancaq Lenin ideyası ilə bu günkü ideyamız uyğun gəlmədiyinə görə hələlik onu kənara qoymalı olursan.

- «Hələlik» dediniz, necə fikirləşirsiniz - Lenin haqqında şeirlər nə vaxtsa yenidən aktuallaşa bilər?

- Bu, elə bir dünyadır ki, çarxı tez-tez gah o, gah da bu yana dönür. Vaxtı ilə əlimizdən çıxan kapitalizm gəldi yenə də özünə yer elədi.

- Kapitalizm sizə necə, sərf elədi, ya yox?

- Biz SSRİ dövründə o ictimai həyata çox alışmışdıq və pis-yaxşı dolanmağı qəbul eləmişdik. Ancaq indiki mühitdə bəzi adamlar, xüsusilə ziyalı qismi çətinlik çəkir. Müəllim, həkim və bu sıradan olan digər insanlar daha çox çətinlik çəkir.

- Siz də çətinlik çəkirsiniz?

- Şübhəsiz ki, bir az da mən çətinlik çəkməliyəm. Yəni təbii haldır bu.

- Amma yubiley keçirtməyə imkan oldu məncə. Yazıçılar Birliyi təşkil eləmişdi?

- Yazıçılar Birliyi təşkil etmişdi. Hər halda bütün o xərcləri də birlik ödəmiş olar.

- Gədəbəydə də qeyd elədiniz.

- Gədəbəydə keçirilən belədir ki, orada doğulduğuma görə gəlib–getmə xərci yoxdur. Onlar özləri gəlir hamısı. Amma hər halda oradakı klubun təmizlik işləri, təşkilatçılıq, aşıqların dəvəti ola bilsin ki, havayı olmayıb.

- İlyas müəllim, yaradıcı adamsınız, birdən başa düşsəniz ki, heç bu yazıb-yaratmaq da vacib deyilmiş, onda necə olar?

- Yox, o vacibdir. İnsan dünyaya gəlirsə artıq o yaşamağa məhkumdur. Yaşamaq üçün də işləmək, zəhmət çəkmək lazımdır.

- Nədir sizin həqiqətiniz?


- Mənim həqiqətim təzə teyil. Böyük Nizaminin, Füzulinin, Sabirin, Səməd Vurğunun həqiqəti bu gün mənim həqiqətimdir. Zəmanənin tərəzisi tez-tez əyilir, dəyişir. İnsan gərək o dəyişmədə özünü sabit saxlaya bilsin. Əgər o zəmanənin bütün əyintilərinə əyilsə, onda insan olmaz ki…

- Zəmanə dediniz, 90-cı illərdə yazdığınız bir şeir yadıma düşdü. «Çox şükür». Bəxtiyar Vahabzadənin də xoşuna gəlmişdi o şeir. Bəlkə bir bənd deyəsiniz?

- Hə, Bəxtiyar Vahabzadə tərifləmişdi onu. O vaxt «Ədəbiyyat» qəzetində dərc olunan bəndi deyim:

Qəbir bəzəyir daşçılar
Su qatır aşa aşçılar
Paz olur xalqa başçılar
Palıd, pazına çox şükür

İLYAS TAPDIQ

İLYAS TAPDIQ

1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub.

O vaxtkı APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb.

Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1972). «Uşaqgəncnəşr»də redaktor (1957-1962), «Azərnəşr»də redaktor, böyük redaktor (1962-1968), «Gənclik» nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), «Azərnəşr»də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, «Azərbaycan» qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.

1989-cu ildən «Azərnəşr»də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır.

Buna da bax:

XS
SM
MD
LG