Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:33

31 dindarın məhkəməsinə hazırlıq iclası keçirilib


Dekabrın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə təqsirləndirilən 31 azərbaycanlıdan ibarət dəstənin məhkəməsinə hazırlıq iclası başlayıb.

Dəstə üzvləri qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmaqda, terrorçuluğa cəhddə, qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etməkdə və həmin qurğuları hazırlamaqda, quldurluqda, silah qaçaqmalçılığında, qəsdən adam öldürməyə cəhddə, qanunsuz yolla avtomobil ələ keçirməkdə, dövlət sərhədini qanunsuz keçməkdə, narkotik vasitələrdən istifadədə təqsirləndirilirlər.

İttihama görə, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradıb, dövlət əleyhinə yönələn qanunsuz hərəkətlər törətməyi planlaşdırıb. Qrupun rəhbəri «Abdulla» ləqəbli Azər Misirxanov vaxtilə müxtəlif münaqişə zonalarında qanunsuz silahlı birləşmələrin tərkibində xüsusi təlimlərdə və döyüş əməliyyatlarında iştirak edib. O, 2001-ci ildə Azərbaycan dövlət sərhədini qeyri-qanuni keçərkən saxlanılıb. Sərhədi qanunsuz keçməyə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində iştirak etməyə görə məhkum olunub. Cəza müddəti bitdikdən sonra antiterror koalisiyası qüvvələrinə qarşı terrorçuluq əməllərində iştirak etmək məqsədilə Azər Misirxanov xarici ölkə ərazisinə keçib.
İttihama görə, dəstə üzvləri «Əbu Bəkr» məscidində ötən il törədilən partlayışda təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş «Meşə qardaşları» adlı silahlı birləşmənin rəhbərlərindən biri «Süleyman» ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər. Həmçinin qrup Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində sabitliyi pozmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən «Bakı-Novorossiysk» neft boru kəmərini partlatmağı planlaşdırıb.

Belə ki, dəstə üzvü Rəşid Mustafayev ötən ilin oktyabr ayında silahdaşı Asid Əmikişiliyə Azərbaycandan Rusiyaya gedən neft kəmərinin yerinin müəyyənləşdirilməsi və partladılması üçün partlayıcı qurğular hazırlanması məsələsini tapşırıb. Asif Əmikişili Xaçmaza gələrək ərazidən keçən böyük həcmli boru kəmərlərini «Bakı-Novorossiysk» neft kəməri hesab edərək həmin borularda partlayış törədilməsi üçün əlverişli yeri müəyyənləşdirib və bu barədə Rəşid Mustafayevə məlumat verib. Bu ilin yanvarın 14-də MTN-in keçirdiyi antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri yaxalandığından partlayış planı baş tutmayıb.

İttiham aktında göstərilir ki, MTN-in əməliyyat qrupu dəstə üzvlərindən qanunsuz yolla əldə edilmiş xeyli silah-sursat, döyüş ləvazimatları götürüb.

Təqribən 10 gün əvvəlsə KİV-də Azər Misirxanovun Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı birləşmələrə qarşı həyata keçirilən əməliyyat zamanı öldürüldüyü barədə məlumat yayılıb.

Məhkəmə baxışı yanvarın 6-na təyin olunub.
XS
SM
MD
LG