Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22
«Kommunist» qəzetinin 1990-cı il 19 dekabr tarixli sayında marağıma səbəb olan bir məqaləyə rast gəldim. Əli Quliyev adlı müəllifin hazırladığı bu məqalə bir müddət Azərbaycan Fövqəladə Komissiyasının sədri işləmiş və sonradan həbs edilərək güllələnən Novruz Rizayevin həyatından bəhs edirdi. Məqaləni ixtisarla sizə təqdim etmək qərarına gəldim.

«1927-ci ildə Mircəfər Bağırov işdə ciddi nöqsanlara və pozuntulara yol verdiyinə görə Azərbaycan Fövqəladə Komissiyasının sədri vəzifəsindən azad edilmişdi. Yerinə köhnə bolşevik 1920-ci ildən YİK(b)P-nin üzvü Novruz Kərim oğlu Rizayev təyin edilmişdi.

Novruz Rizayev 1886-cı ildə Ordubadda doğulub. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər Ordubad, Naxçıvan, Bakı və Təbrizdə çar mütləqiyyətinə qarşı inqilabi iş aparıb. 1920-ci ildə partiya sıralarına qəbul edilib. Ona zəmanət verənlərdən biri M. S. Ordubadi olub. Bir qədər sonra Bakıda raykom katibi, şəhər icraiyyə komitəsinin sədri, sonralar Azərbaycan fövqəladə komissiyasının sədri vəzifələrində işləyib. 1929-cu ildə isə öz ərizəsi ilə işdən çıxıb, Qazaxıstana gedib, vilayət icraiyyə komitəsinin sədr müavini təyin edilib.

«MƏZLUM BƏŞƏRİYYƏTİN BÖYÜK RƏHBƏRİ İ. V. STALİNƏ...»


Rizayevin həbsxanadan Stalinə yazdığı məktubdan bir parça:

«Məzlum bəşəriyyətin böyük rəhbəri İ. V. Stalinə, on bir aya yaxındır ki, həbsxanalarda yatıram. Nə üçün yatdığımı özüm də bilmirəm. Yeddi həbsxana dəyişmişəm. Bu müddətdə mənimlə birlikdə olan dustaqlardan nələr eşitməmişəm?!
Axırda bu qənaətə gəlmişəm ki, Azərbaycanda «üstü açılmış və ifşa edilmiş əksinqilabi təşkilatların» üzvləri bizim xarici və daxili düşmənlərin iftirasına düşmüş adamlardır...»

İNTİQAM YANĞISI


1929-cu ildə Bağırov Zaqafqaziya Dövlət siyasi idarəsinin rəhbəri Redensə məktub yazıb xahiş edir ki, Rizayevin sədr olduğu vaxtda Azərbaycan fövqəladə komissiyasında baş vermiş «əyintilər və pozuntular» yoxlanılsın. Guya Rizayev Moskvada Əliheydər Qarayev və Ruhulla Axundovla görüşürmüş. Yoxlamada aydın olur ki, yuxarıda göstərilən «əyintilər və pozuntular» əslində M. Bağırovun öz vaxtında baş verib.

Rizayevdən intiqam alınmalı idi. Bağırovun havadarı Beriyanın bircə işarəsi ilə 1936-cı ilin oktyabrında Qazaxıstan çekistləri Rizayevi həbs etdilər və keçmiş Cənubi Qazaxıstan Vilayət partiya Komitəsinin birinci katibi Mirzoyanı onun üzünə qoydular.
İki ilə yaxın istintaq aparıldı. Sonda hərbi tribunal Rizayevə bəraət verdi. Rizayev Bakıya qayıtdı. Amma Bağırovun qorxusundan ona heç kim iş vermədi.

ÖLÜM HÖKMÜ

1940-cı il 6 yanvar tarixində Rizayev yenidən həbs edildi. Bu dəfə ona «ingilis kəşfiyyatının agenti» damğası vuruldu. 25 il qabaq Azərneftin nümayəndəsi Roxlin istintaqda verilən işgəncələrə dözməyərək Bağırovun yazdırdığı kağıza imza atdı. Sənədə görə guya Roxlinlə Rizayev İngiltərəyə gedərək ingilis kəşfiyyatının əməkdaşları Manço və Sternlə görüşmüş, onlardan 500 min frank alaraq Bakının neft və hərbi obyektlərinin xəritəsini vermək barədə sifariş almışdılar. 1941-ci il iyulun 6-da Rizayevin işi ilə bağlı qapalı məhkəmə keçirildi. Roxlin məhkəmədə bildirdi ki, o sənədə işgəncələrə dözməyərək imza atıb.
Eldar İsmayılov
Amma onu dinləmədilər. Məhkəmə Rizayevə ölüm hökmü oxudu. Məhkəmədən 24 gün sonra – 1941-ci il 30 iyulda Rizayev öldürüldü».

ÇEKİSTLƏRİN İÇKİLİ VƏZİYYƏTDƏ FƏHLƏLƏRLƏ DALAŞMASI…

Novruz Rızayevin həyat və fəaliyyəti ilə bağlı müstəqil araşdırmaçıların da rəylərinin maraqlı olacağını nəzərə alıb tarixçi Eldar İsmayılovla da əlaqə saxladıq. O isə bunları dedi:

«Əslində Novruz Rizayev özü heç də günahsız adam olmayıb. Mən insanları belə qəhrəmanlaşdırmanın əleyhinəyəm. Obyektiv olmaq lazımdı. 1929-cu ildə bir məsələ ilə bağlı böyük bir qalmaqal qalxdı. Hətta bu məsələ Sovet İttifaqı KP siyasi bürosunda müzakirə edildi. Nəticədə bütün Azərbaycan KP katibliyi işdən çıxarıldı. Deməli, 1927-ci ildə Novruz Rizayevin bir şöbə müdiri olub Moroz soyadlı, axşam vaxtı onlar kefli halda traktirdən çıxarkən bir neçə fəhləylə mübahisə ediblər. Rizayev və yoldaşları fəhlələri səhər həbsxanaya atırlar. Bundan sonra nə olursa Sultanov soyadlı fəhləni onlar məhkəməsiz filansız güllələdilər. Mərkəzi Komitədə o vaxt üç katib vardı Mirzoyan, Yusif Qasımov, Əliheydər Qarayev. Onlar bu işi ört – basdır etməyə çalışdılar. M. Bağırov da Tiflisdə oturub axtarırdı ki belə bir məsələ qalxsın və o vəzifəsinə qayıtsın. Mənə elə gəlir ki Beriya həqiqətən ona kömək etdi. Bu işin üstü açıldı. Xəbər Moskvaya getdi. Moskvada Siyasi büronun iclasında məsələ müzakirə edildi və bu üç katib vəzifəsindən çıxarıldı. Bağırovu da qaytardılar vəzifəsinə. 1929-cu ildə yumşalma siyasəti aparıldı və bir çox işlərə yenidən baxıldı və Novruz Rizayev bəraət aldı. Amma Bakıya qayıdandan sonra yenidən tutuldu. Dediklərinə görə bu tutulmağa səbəb Bağırov oldu. Sonra onu apardılar Qazaxıstana və orda güllələndi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG