Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:13
ABŞ Konqresinin 2010-cu ilin maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar humanitar yardım ayırmaq barədə qərarı Milli Məclisdə etirazla qarşılanıb. Spiker Oqtay Əsədov bildirib ki, Konqresə cavab hazırlamaq üçün deputat qrupu yaradılır.

«BURDA HEÇ BİR ƏDALƏT PRİNSİPİ YOXDUR»


O.Əsədov deputatların nəzərinə onu da çatdırıb ki, Konqres Azərbaycana 21 milyon dollar yardım ayırıb. Dövlət Departamentinə isə tapşırılıb ki, bu vəsaitin hərbi ehtiyaclara sərf olunmamasına nəzarət etsin:

«Yazılır ki, Azərbaycana ayrılmış 22 milyon üçün Departament cavabdeh olmalıdır ki, bu 22 milyonu Azərbaycan müharibəyə sərf etməyəcək. Onlara 8 milyon ayırırlar. Şərt qoyurlar. Burda heç bir ədalət prinsipi yoxdur».

«SİYASİ KORRUPSİYA»

Çıxış edən deputatlar isə Amerika Konqresinin qərarını pisləyiblər. Deputat Əli Hüseynov bunu «siyasi korrupsiya» adlandırıb:

«Bizim ABŞ-dan olan dostlarımız belə hallarda deyirlər ki, bu, erməni lobbisinin həyata keçirdiyi məsələdir. Ola bilər. Ancaq qanunsuz lobbiçiliyin. Bütün dünya ictimaiyyəti bilir ki, qanunsuz lobbiçiliyin bir adı var – bu da siyasi korrupsiyadır.
Əli Hüseynov
Əslində, ABŞ Konqresində bu cür qərarların qəbul olunması siyasi korrupsiyanın nəticəsidir».

«AMERİKA NEFTDƏN GƏLƏN GƏLİRDƏN AZƏRBAYCANIN ƏLEYHİNƏ İSTİFADƏ EDİR»

Deputat Zahid Oruc isə Amerikanı neftdən gələn gəlirdən Azərbaycanın əleyhinə istifadə etməkdə ittiham edib:

«Amerikanın beş neft şirkəti Azərbaycanın neft müqavilələrində iştirak edir. Milyonlarla dollar vəsait qazanırlar və bundan Amerika büdcəsinə vergi ödəyirlər. Sonra o büdcədən ayrılan vəsaitlər Qarabağın separatçı rejiminə gedəndə belə çıxır ki, bizim öz neftimiz separatçı rejimin Azərbaycana qarşı işğalında istifadə olunur. Bu, çox ağır nəticədir».

TERRİ DEVİDSON: ANLAŞILMAZLIQ OLUB

ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmisi Terri Devidson isə bildirib ki, bu yardım hökumət üçün yox, insanlar üçündür:

Terri Devidson
«Məncə, Konqresin təsdiqlədiyi sənədlə bağlı bir anlaşılmazlıq olub. Bu, hər hansı hökumətə edilən yardım deyil. ABŞ-ın sözdə Dağlıq Qarabağ hökumətini dəstəkləməsi demək deyil. ABŞ-ın bununla bağlı siyasəti var və bu siyasət davam edir. Bu, humanitar yardımdır və insanlara yönəlib. Bu münaqişə nəticəsində həm Dağlıq Qarabağdan, həm də Azərbaycanın digər ərazilərindən olanlara ziyan dəyib. Bu, hər iki tərəfdən münaqişədən ziyan çəkənlərə edilən yardımdır. Bu yardımın böyük bir hissəsi minalardan təmizlənməyə xərclənəcək. Bu, hər il olduğu kimi göstərilən humanitar yardımdır. Heç bir hökumətin tanınmasından söhbət getmir».

YARIMÇIQ REAKSİYA


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, bundan əvvəl də Dağlıq Qarabağa belə yardımlar olurdu.
Elxan Şahinoğlu
Məsələyə indi sərt reaksiya göstərilməsi düşündürücüdür:

«Düzdür, bu məsələni müzakirə edib sərt reaksiya vermək Milli Məclisin hüququdur. Çünki işğal altındakı torpaqlara yardımdan söhbət gedir. Sadəcə, əvvəl də bu məsələni qaldırmaq lazım idi. Bu məsələni parlamentə gəlməmişdən əvvəl diplomatik kanallarla da qaldırmaq olardı. Əslində, bu, yarımçıq reaksiyadır. Qərbə qarşı başlanan kampaniyanın tərkib hissəsinə çevrilməsi təhlükəsi də var».

Elxan Şahinoğlu deyir ki, son vaxtlar hakimiyyət dairələrində Qərbə qarşı tez-tez etirazlar səslənir ki, bu da Azərbaycanın Rusiyaya meyllənməsinin göstəricisidir.

Şərhləri göstər

XS
SM
MD
LG