Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Gəncənin kanalizasiya problemi


Sakinlər çirkab sularını küçə boyunca arxlara axıdırlar

Gəncənin 6 böyük yaşayış massivində hələ də kanalizasiya sistemi yoxdur. Sakinlər çirkab sularını küçə boyunca arxlara axıdırlar. Uzun illərdir ki, burda yaşayanlara kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı vəd verilsə də, heç bir nəticə yoxdur. Sakinlər deyirlər ki, bu üfunətdən uşaqları müxtəlif növ infeksiyalara yoluxur:

- Adicə saldıqları quyunun üstündən keç, iydən durmaq olmur. Körpə uşaqlar xəstələnir. Bura kanalizasiya boruları salınmalıdır. Quyulara salıblar, onlar da köhnədir. Bura şəhərdir, amma kənddən betərdir. Nə deyək? Kimə deyək?

Şəhərin Xaqani, Aqil Məmmədov, Mehdi Hüseynzadə, Səməd Vurğun, Dadaş Bünyadzadə və Şəddadilər küçələrinin hər iki tərəfindən axan çirkab sularının yaratdığı qoxu və görüntü azmış kimi, yağışlı havalarda arxlar dolaraq daşır:

«TƏMİZLƏMƏSƏK KÜÇƏ BİABIRÇILIQDIR»

- O tərəfdən bu yana - Yeni Yerevan hamamından bəri axıb tökülür. Təmizləməsək küçə biabırçılıqdır. Yabanı alırıq əlimizə, harda dayandı, dayandı.

- Mən elə uşaq vaxtından burda böyümüşəm, elə belə görmüşəm buranı. Küçə su, zir-zibil olur, hamısı da arxın içindədir.

Sakinlər deyirlər ki, 1969-cu ildə çəkilmiş su təchizat sistemi bərbad hala düşüb. Ana borudan evlərə çəkilən su xətləri arxın aşağı hissəsindən keçdiyindən, zaman ötdükcə çürüyüb. Nəticədə çirkab suları bu xətlərlə ana boruya keçir.

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Hürriyyət İsmayılova deyir ki, bu, böyük bir problemdir və aidiyyatı qurumlar məsələdən xəbərdardır. Lakin hələ də bir nəticə yoxdur:

«QUYULAR MÜNTƏZƏM TƏMİZLƏNMƏLİDİR»

- Həmin küçədə yaşayanlar qazma tipli quyulardan istifadə edir. Bu quyular da müntəzəm olaraq təmizlənməlidir. Bu küçələrdə məişət suları arxlara axıdılır. Bu, problem olaraq qalır.

Gəncə şəhər Su-Kanal Törəmə Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynov isə deyir ki, kanalizasiya sistemi olmayan təkcə bu ərazi deyil, şəhərin bir neçə ərazilərində oxşar problem var. O, ki, qaldı problemin həlli yoluna …

- Almanların proyektinə salmışdıq, layihənin birini hazırlamışdıq, onu da bəyənməyiblər. Özümüzdə də vəsait yoxdur. Dəvət eləmişik gəlməlidirlər.

Almaniya hökumətinin həyata keçirəcəyi layihəyə əsasən Gəncə və Şəki şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemi tam bərpa edilməlidir. Bunun üçün təxminən 23 milyon avro nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG