Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:21

100 yaşlı rəssamın hekayəti...


Səttar Bəhlulzadə
2009-cu il dekabrın 15-i bənzərsiz Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 yaşı tamam olur.

AzadlıqRadiosunun «İz» proqramında 100 yaşlı rəssamın izinə düşməyə qərar verdik. Bu dəfə onun sənət işığına yığışaq dedik, onu anaq dedik. Və «Əmircan qatarının 100 yaşlı sərnişini» radiodastanını hazırladııq.

Səttar Bəhlulzadə irsinin araşdırıcısı, bir zamanlar ünlü rəssamı şəxsən tanıyan, onunla ünsiyyətdə olan sənətşünas Ziyadxan Əliyev bu «İz»də bələdçimiz olacaq.

- Ziyadxan bəy, xoş gördük! Sizinlə 1 il öncə «Can Bakı» proqramının canlı efirində görüşmüşdük - Səttar Bəhlulzadənin 99 illiyində düz bir saat boyu onu xatırladıq, onun sənət işığına yığışdıq. 100 illik gəlib qapını kəsib. Necə gedir yubiley tədbirləri?


- Artıq nəticələnməkdə olan yubiley tədbirlərinə iki cür yanaşmaq olar. Əvvəla, onu deyim ki, Azərbaycan hökuməti UNESKO-ya müraciət etdi ki, Səttar Bəhlulzadənin 100 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilsin.
SƏTTAR BƏHLULZADƏ
  • 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində doğuldu.

    1974-cü il oktyabrın 13-də dünyasını dəyişdi.

    Öz arzusu ilə Əmircanda torpağa tapşırıldı.

    «Mən natura dalınca Qogen kimi baş götürüb başqa diyarlara getmərəm. Doğma yurdumun təbiəti mənim ilham qaynağımdır» söylədi.

    Azərbaycanı qarış-qarış gəzib bənzərsiz əsərlər yaratdı.

    Uşaq kimi sadə idi. Anasına da, yurduna da uşaq kimi bağlı idi.

    Bütün ömrü boyu doğulduğu kənddə yaşadı.

    Bakı- Əmircan elektrik qatarında gedib-gəldi.

    Şəhərdə dövlətin ona verdiyi ikiotaqlı mənzilə yaxın durmadı.

    Onu gənc rəssamTahir Salahova bağışladı.

    Qəribəliyi tək bununla bitmirdi…

Sağ olsun UNESKO-nun ekspertləri, bu müraciəti təhlil edib Sətttar sənətinin böyüklüyünü təsdiq etdilər. 2009-cu ili Səttar Bəhlulzadə ili élan etdilər. Bu qərarın ardınca ölkə prezidenti 2008-ci il yanvarın 31-də yubileyin keçirilməsi barədə sərəncam imzaladı. Prinsipcə, artıq Səttarın yubiley təntənələrinə hazırlıq keçməliydi, yəni tədbirlərin müəyyən hissəsi tamamlanmalıydı. Mən son günlər yubileylə bağlı keçirilən bir neçə tədbirin iştirakçısı olmuşam. Orada da bir neçə dəfə vurğuladım ki, UNESKO bu ili élan etməklə bəlkə də Azərbaycana özünün mədəniyyətini, hətta siyasi proseslərini belə çözmək yolunda Səttar Bəhlulzadə sənətindən istifadəyə bir yol açıb.

Ancaq təəssüf ki, biz bu ili Səttar ayına çevirdik. Bir ildə görməli işləri saxlamışıq dekabr ayına…Bütün işlər bir-birinin ardınca görülür. Məncə, min siyasətçinin görə bilmədiyi işi, təkcə Səttarın Qarabağa həsr etdiyi əsərlərini dünyaya tanıtmaqla görmək olardı. 15-20 əsərdən ibarət, onun öz fotolarından ibarət bir sərgi təşkil etməklə, müxtəlif ölkələrdə Azərbaycan xalqının səviyyəsini nümayiş etdirmək olardı. Səttarın bir əsərinə baxan Avropalı onu yetişdirən xalqın hansı qüdrətə malik olduğunu görə bilərdi. Dediyim kimi, bu aydan Bakıda yubiley tədbirlərinə başlanılıb. Dekabrın 10-11-də Rəssamlıq Akademiyasında ikigünlük elmi konfrans təşkil edildi. Səttarın doğulduğu qədim Xilə kəndindəki (Əmircan) 97 saylı məktəbdə, həmçinin Əmircandakı mədəniyyət sarayında kənd sakinlərinin iştirakı ilə yüksək səviyyəli tədbirlər keçirildi. Tədbirlər davam etməkdədir. Unutmamış deyim ki, noyabrın 16-20-də Parisdə - UNESKO-nun iqamətgahında da Səttar Bəhlulzadənin yubileyi keçirilib. Əsərlərinin reproduksiyası nümayiş olunub, buradan gedən mədəniyyət xadimlərinin konserti olub.

AVROPA SƏTTARI ORİJİNALDA GÖRMƏLİYDİ!

- Əsərlərinin reproduksiyası? Niyə, özünü aparmaq mümkün deyildi?

- Niyə mümkün deyildi?! Səttarın ölkə müzeylərində 200-ə qədər əsəri saxlanılır. Nədənsə, incəsənət məbədi sayılan Parisə əsərlərin surətini aparıblar. Bəziləri deyir ki, bu, dünyada qəbul olunmuş formadır. Əsərlərə ziyan gətirməmək xətrinə edilir. Hər halada, mən düşünürəm ki, Avropa Səttarı orijinalda görməliydi! Qaldı yekun tədbirə, yəqin ki, prezident səviyyəsində daha bir təntənəli yığıncaq olacaq. Tarixi hələ bəlli deyil.

BU KİTAB SƏTTAR BARƏDƏ ENSİKLOPEDİYADIR…ANCAQ…

- Bəs sizin yazdığınız kitab nə yerdədir?

- Bu kitab da yubileylə bağlı nəzərdə tutulan tədbirlər planına daxildir. Yadınızdadırsa, Səttarın 99 illiyində - «Can Bakı» proqramında bu haqda danışmışdıq. Biz hətta dinləyicilərə müraciət etdik ki, kimdə Səttarla bağlı nə var, bizi arasın. Mən sizin studiyanı tərk edəndən 10 dəqiqə sonra telefonuma zəng gəldi. Arif adlı iş adamıydı. Dedi ki, o kitaba maliyyə dəstəyi verməyə hazıram. Mən millətin içində belə ürəyiaçıq insanlar olduğuna, düzü, çox təsirləndim.Ona təşəkkür edib bildirdim ki, bu, dövlət dəstəyi ilə çıxacaq. Yubiley tədbirləri sırasındadır. İndi kitab artıq çapdadır. 400 səhifəlik əzəmətli bir kitab alınıb. 500-ə qədər fotolar daxil edilib. Deyərdim ki, bu, Səttar Bəhlulzadə haqqında ensiklopediyadır. Hətta ingilis və rus dillərində mətn də olacaq. Ancaq, təəssüf ki, kitab satışda olmayacaq…

- Niyə? Bəs bizlərə yubileydən nə qalacaq?

- Çünki tirajı böyük deyil. Yubileydə görünəcək, kitabxanalara paylanacaq…Bəlkə deyirəm, bu verilişdən istifadə edək, yenə müraciət edək? Bəlkə ürəyiaçıq, əliaçıq bir iş adamı tapıldı. Bu kitabı kütləvi nəşr edib xalqa çatdıraq?

- Güman edirəm ki, bir vətənsevər sizin səsinizi eşidər. Şəxsən mən o kitabı əlimdə tutmaq üçün səbirsizlənirəm…

- Təşəkkür edirəm.

Ziyadxan Əliyev
ARAMIZDA GƏZƏN DAHİ…GÜNAHLI DÜNYANIN GÜNAHSIZ UŞAĞI…SƏNƏTİN MƏCNUNU…

- Davam edək! Ziyadxan bəy, adətən, Səttar Bəhlulzadədən danışanda, onun qəribəliklərindən də söz açırlar. Bir rəssam üçün, üstəlik dahi rəssam üçün qəribəlik qəribə görünməlidirmi?

- Dahilərin böyüklüyü elə onların qəribəliklərindədir. Səttarın müasirləri onu sağlığında «Aramızda gəzən dahi» - deyə çağırırdılar! Sənətsevərlər ona «Sənətin Məcnunu» ayamasını vermişdilər! O, sağlığında hakimiyyətin ona verə biləcəyi ən yüksək dəyərləndirmədən yuxarıda dayanırdı! Ona görə də, Səttar dünyadan köçəndə - Ömür qatarından Ölüm qatarına adlayanda, qalan dünyadan heç bir nigarançılığı yox idi…Çiyinlərdə anasının uyuduğu Xilə qəbristanlığına üz tutanda, bilirdi ki, onun qoyub getdiyi irs etibarlıdır və o əbədiyyətə qovuşur…O bir çoxlarının etdiyi kimi Fəxri Xiyabanda dəfn olunmağı arzulamadı, anasının - sadə insanların yanını üstün tutdu. Səttar o qədər sadə idi ki, sadəliyinə rahatlıqlarla haram qatmaq istəmirdi. Kamil Vəli Nərimanoğlu yazır ki, Səttar Bəhlulzadə bu günahlı dünyanın günahsız uşağıydı. Yəni Səttar uşaqlığından öz missiyasını bilirdi. Bədxahlara baxmadan başını aşağı salıb öz işini görürdü. Deyirdi ki, məni 20 ildən sonra başa düşəcəklər. Yəqin sənətdə etdiyi novatorluğu anlamayanlara görə belə deyirdi. O gün konfransda da söylədim, üstündən 35 il ötüb, biz hələ də onu başa düşə bilməmişik…Səttara münasibət belə olmamalıdır! Səttar bu gün məzarında uyuyur. Bu təntənələr ondan çox, bizə lazımdır. Özümüzün kimliyini sübut etmək üçün! Biz ancaq belə dahi şəxsiyyətlərin kölgəsində rahat nəfəs ala bilirik…

BİZDƏN NƏ İSTƏYİRSƏN GÖTÜR!

- Ziyadxan bəy, sizə elə gəlmirmi ki, Səttar Bəhlulzadə uyğun zamanda doğulmayıb. Sormaq istədiyim odur ki, Sovetlər Bəhlulzadə yaradıcılığına nə dərəcədə əngəl oldular?

- Moskvalı sənətşünas Qriqori Anisimovun bir sözü var. O deyirdi ki, Səttar Bəhlulzadə dünyanın adamı olmadığını söyləməyə haqqı çatırdı. 5 yaşında özündəki fizioloji dəyişikliyi anlamasa da, tədricən bu dəyişikliyin onun həyatına gətirdiyi kədər notları bəlli idi…O bu kədər notlarını yaradıcılıqla əritməyə çalışırdı. İndi onun əsərlərinin hamıya sevinc gətirməsinə baxmayın. O əsərlərin hamısı kədərdən yoğrulub-ömrü boyu daşıdığı bir kədərdən. Görün, onda nə qədər müqavimət gücü olub ki, boynundan asılan mənəvi yükə tab gətirə bilib. Və belə gözəllik qaynağı yarada bilib. Səttara tanrı müəyyən şeyləri qızırqılansa da, ona çox şeylərin qapısını açmışdı. Təbiət sanki əllərini açıb demişdi: Bizdən nə istəyirsən götür! Səttar götürmüşdü! Ancaq Səttar qədər əxlaqi kamilliyə çatan adamlar onu görə, götürə bilərdilər.

Səttar təbiətdən elə rənglər, motivlər, obrazlar götürmüşdü ki, bunu ətrafındakılar nə görə, nə götürə bilərdilər…Bir də, o çəkmədən müşahidə aparırdı, müşahidə aparmadan çəkirdi. Bu zaman onun köməyinə şişirtmə, bədii yalan gəlirdi. Əsl sənət əsərləri belə yaranır. Səttara qədər Azərbaycanda mənzərə 3-cü, 4-cü dərəcəli janr sayılırdı. Səttar gəldi, onu birinciliyə çıxardı.

Səttarın yaşadığı dövr onun düşüncələri ilə tərs müntənasib idi. Onun yaradıcılığı sosialist realizminə zidd idi. Təbii ki, bu işlər sovet ideoloqlarının xoşuna gəlmirdi. Vaxt oldu ki, o ehtiyatlı davranıb axtarışlarını səngitdi. Real səpgili, poetik ruhlu əsərlər çəkdi. Amma 50-60-cı illərdə onun yaradıcılığında dönüş baş verdi. O artıq sosializm realizmi çərçivəsinə sığışmadı…Bu, novatorluq idi. Təzyiqlər vardı. O cür böyük əsərlərin əvəzində, ona cüzi qonorarlar verirdilər. Amma 60-cı illərin sonunda Səttar artıq özünü təsdiq etmiş sənətkar idi. Xalq rəssamı idi. Müxalif olsa belə, qəbul olunurdu - onu inkar etmək mümkün deyildi. Qaldı qonorarını kəsmək məsələsinə, Səttar belə şeylərdən sınan deyildi. Ömrünün sonunacan Bakı-Əmican elektrik qatarında gedib-gəldi. Sadəliyinə axıracan haram qatmadı. Halal yaşadı, halal yaratdı, əbədiyyətə qovuşdu…

ÖMÜR KITABIMI YAZDIM!

- Mənim üçün Səttar Bəhlulzadə həm də Bakının simvollarından biridir. 70-ci illərdə onu dəfələrlə Bakının küçələrində romantik qəhrəmanlar sayaq addımlayan gördüyümü unuda bilmirəm…Sizin üçün o kimdir?


- Siz Bakının küçələrini gəzən görmüsünüz, amma mən…Səttardan söz düşəndə həmişə deyirəm: Ata-ana adamı göydən yerə endirir, yaxşı müəllim isə yerdən göyə qaldırır. Səttarın mənim həyatımdakı rolu bu cür olub. Mən onu özümə mənəvi ata sayıram. Rəssamlıq məktəbində oxuyanda, 4 il onunla ünsiyyətdə olmuşam, onu bir sənətkar kimi tanımışam. Emalatxanasının açarının biri məndə idi. Hər səhər kirayə qaldığım evdən gələrdim ora, açardım, çay dəmləyərdim, sonra gedərdim dərsə…(Kövrəlir) O qədər isinişmişdik ki, ailəvi dost olmuşduq. 1974-cü ildə o mənim elçiliyimi edib. Mənim Səttar adlı oğlum da var. Həyatımda bu şəxsiyyətin rolu çox böyükdür. Hər il yazdıqlarımla, söylədiklərimlə ona olan borcumu qaytarmağa çalışmışam. Mədəniyyət və Turizm Nazirliyindən mənə bu kitabı yazmağı tapşıran Vaqif Bəhmənliyə təşəkkürümü bildirirəm. Mənə Ömür kitabımı yazmağa imkan yaratdığı üşün! 40 ilə yaxın topladığım materilları, ürəyimdə qalaqlanmış duyğuları, düşüncələri bir ilin içində kitab halına gətirdim. Təvazökarlıqdan uzaq olsa da, deyəcəm: Kitab Səttara layiq alınıb!

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG