Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:20

«Parlamentdə qəbul olunan qanun təhriflərlə çap olunub»


Milli Məclisin deputatı Pənah Hüseyn

Milli Məclisin deputatı Pənah Hüseyn

Bunu Milli Məclisin deputatı Pənah Hüseyn iddia edir. Onun sözlərinə görə, ölkə prezidentinin elektroenergetika, qaz, su təchizatı və tullantı suları haqqında qanunlara əlavə və dəyişikliklərlə bağlı göndərdiyi paket nöqtə-vergülünə də əl vurulmadan qəbul edilib.

«BƏZİ MADDƏLƏR DƏYİŞDİRİLİB»

Amma qanunlara əlavə və dəyişikliklər deputatların bir nəfər kimi səs verdiyi formada çap olunmayıb, bəzi maddələr dəyişdirilib:

- Orda göstərilirdi ki, sayğacın həm quraşdırılması, həm də dəyişdirilməsi təchizatçı müəssisə tərəfindən həyata keçirilir. Rəsmi qəzetlərdə çap olunan mətnlərdə istehlakçılar sözünün qarşısına «fiziki şəxs» sözü artırılıb. Hüquqi şəxslərdən, o cümlədən kooperativ bina sahiblərindən, fiziki şəxs kimi sahibkarlıqla məşğul olanlardan haqq tələb olunur. Su təchizatıyla bağlı maddəyə əlavə edilən 3-cü bənd isə ümumiyyətlə çıxarılıb.

«NƏ CÜR QƏBUL OLUNUBSA, O CÜR DƏ ÇAP OLUNUB»

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Rüstəmov isə AzadılqRadiosuna deyir ki, qanun paketi nə cür qəbul olunubsa, o cür də çap olunub:

- Qanunvericilik təşəbbüsü ilə çıxış edənlə qanunverici orqan arasında müəyyən prosedur qaydalar var. Bu məsələ də qəzetlərdə düzgün olmayan tərzdə işıqlandırılıb.

Pənah Hüseyn isə əllərində qanuna əlavə və dəyişikliklərin əsas variantının olduğunu və parlament rəhbərliyinə bununla bağlı sorğu göndərdiklərini deyir.

«BAZARA TƏRƏZİMİ APARIRIQ?»


Azad İstehlakçılar Birliyinin hüquqşünası Ələkbər Ağasıyev də hesab edir ki, sayğacın quraşdırılması və ya dəyişdirilməsində istehlakçıları «fiziki şəxslər»ə ayırmaq bir qrupun istehlakçı hüququnu pozur:

Ələkbər Ağasıyev
- Biz bazara gedəndə özümüzlə tərəzi və yekə qapan aparmırıq ki, aldığımızı çəkək. Ölçü cihazını malını satan təşkilat özü quraşdırmalıdır. Bunu həm məntiq, həm də beynəlxalq təcrübə deyir.

Amma Ələkbər Ağasıyev deyir ki, su, qaz və ya elektrik sayğacını əhali qrupuna aid abonentlərin mənzilinə təchizatçı təşkilatın quraşdırması və ya dəyişdirməsinin qanunvericilikdə aydın şəkildə əks olunması bir çox neqativ halların qarşısını alacaq:

- Adını qoyurdular ki, kimin evi təzə tikilib, onlar pul verməlidir, texniki şərt almalıdır, sayğacın qoyulması istehlakçının hesabına olmalıdır. Bunun da cəriməsini illər ərzində sıravi Azərbaycan istehlakçısı ödəməyə məcbur olub.

Bakı sakini Sona Həsənova isə AzadlıqRadiosuna şikayət edir ki, mənzillərində xarab olan su sayğacını yerli su idarəsi dəyişmir:

«YENİSİ SİZİN HESABINIZA QOYULACAQ»

- Mənzilimizə quraşdırılan su sayğacı heç bir il çəkmədi, xarab oldu. Su idarəsinə dedik, cavab verdilər ki, yenisi sizin hesabınıza qoyulacaq. Bunun üçün də 40 manat verməlisiz.

Ələkbər Ağasıyev bu tələbi qanunsuz sayır və deyir ki, əgər sayğac pulsuz quraşdırılırsa, istismar müddətini başa vurandan sonra və ya xarab olarsa, bunu təchizatçı təşkilat dəyişməlidir.

«Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də bildirir ki, əgər sayğacın xarab olmasında abonentin heç bir günahı yoxdursa, onda bu problemi onlar özləri həll edir.

Millət vəkili Pənah Hüseynin sözlərinə görə isə, elə yeni əlavə və dəyişikliklərdə də su təchizatı ilə bağlı maddədə məhz bu bənd çıxarılıb. Onlar da parlamentdən bunun hesabını soruşacaqlar.

Şərhləri göstər

XS
SM
MD
LG