Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09
Gözlüklü adam:

- Arxadaşlar, - dedi, - bu elə işdir ki, dərhal qərara gəlmək olmaz. Yaxşıca düşünüb-daşınmaq lazımdır.

Orada olanların ən cavanı:

- Bəli, - deyə gözlüklü adamın sözünə qüvvət verdi. – Biz çox yaxşı fikirləşməliyik. Elə olmasın ki, öz əlimizlə öz başımıza əngəl açaq.

Üzü çilli birisi:

- Əvvəla, - dedi, - gəlin bunu birdəfəlik həll edək, görək biz indikindən razıyıqmı?

Hamı birdən bağırdı:

- Razı deyilik!!!

Üzü çilli adam yenə soruşdu:

- Nə üçün razı deyilik?

Gözlüklü:

- Qardaşım, axı o dəlidir – dedi.

O biriləri də:

- Bəli, bəli dəlidir. Lap zırramasındandır, - deyə təkrar etdilər.

Üzü çilli adam:

- Məsələ də elə burasındadır. Biz yeni seçkilərdə daha dəlini seçməməliyik.

Kök bir kişi:

- Bundan əvvəlki də dəli idi, - dedi.

- Ondan əvvəlki də...

- Ondan qabaqkı da dəliydi.

- Mən biləni bu vəzifədə işləyən adamların hamısı dəli olub.

Gənc adam:

- Elə isə bu dəfə ağlımızı başımıza yığaq – dedi, - bir ağıllısını tapıb seçək.

Gözlüklü adam:

- Biz bunları dəli bilib seçmirdik ki, - deyə cavab verdi. Ən ağıllısını, təvazökarını seçirik. Ən ağıllısı kimi tanıdığımız adam sonra dəli çıxır.

Tez-tez öskürən zəif, arıq bir qoca:

- Allah, allah... – dedi, bu necə sirdir bilmirəm, bu vəzifəyə hər kim gəlirsə, əlüstü ağlını itirir...

Kök kişi:

- Bu vəzifəyə gələnlər yox, - deyə etiraz etdi, - bu vəzifəyə gətirdiklərimiz...

Gənc:

- Vəzifənin nə günahı var? – deyə cavab verdi. – Mən əminəm ki bunlar hamısı bu vəzifəyə gəlməmişdən əvvəl də ağıllı deyillərmiş. O vaxtı onlar dəlilik etməyə fürsət tapmırlarmış. Biz onları şəhərin ağası edəndən sonra fürsətdən istifadə edib dəliliyə başlayırlar.

Arıq qoca dedi:

- İstər əvvəllər, istərsə də sonralar seçilənlərin hamısını dəli görmüşəm. İndiyə qədər bir ağıllısına rast gəlməmişəm.

Üzü çilli adam dedi:

- Canım nə deyirsiz deyin, bu adamla təxminən otuz ildir ki, dost olmuşam. Vallah biz bunu bələdiyyə rəisi etməmişdən əvvəl o, ağıllı-başlı adam idi.

- Ola bilər. Dəlilərin hamısı anadangəlmə dəli olmur ki... Deməli onlar dəlilik etmək üçün bələdiyyə rəisi seçilmələrini gözləyirlərmiş.

Gözlüklü:

- Boşlayın bu söhbəti, - dedi. – Olan olmuş, keçən keçmiş. Deyin görək, bu dəfə kimi bələdiyyə rəisi edəcəyik?

Hərə bir ad çəkdi. Lakin bütün adları çəkilən namizədlər etirazla qarşılandı. Yeni seçiləcək bələdiyyə rəisi dəli olmamalı, eyni zamanda seçildikdən sonra dəlilik etməməliydi.

Yüzdən çox ad sadaladılar, ancaq heç birini bəyənmədilər. Birdən gözlüklü qışqırdı:

- Tapmışam! Gör necə ağlıma gəldi. Rasim bəy haqqında nə deyə bilərsiniz?

- Allaha and olsun ki namuslu adamdır...

- Həm namusludur, həm tərbiyəlidir, həm də təvazökar...

- Özgə malında gözü yoxdur. Özü də çox xeyirxah adamdır.

- Alim adamdır. Gözü tox, sözündə durandır...

- Çalışqandır, təcrübəlidir...

Onlar Rasim bəyi tərifləməkdən doymurdular.

Kök adam:

- Mən biləni, Rasim bəy bələdiyyə rəisi olmağa razılıq verməz – dedi.

Arıq qoca:

- Bəli, mən onu lap uşaqlığından tanıyıram, - dedi. – Heç cür inana bilmərəm ki, bələdiyyə rəisi olmağa razılıq verə.

Üzü çilli də:

- Əlbəttə razı olmaz, - deyə təsdiq etdi. – Rasim bəy belə işlərə burnunu soxmaq istəməz.

Gənc oğlan da:

- Heç qəbul etməz! – dedi.

Gözlüklü bağırdı:

- Yaxşı, onda bəs nə edək? Mən də bilirəm ki, qəbul etməz. İşə yarayan bir adamı zorla tapmışıq, o da bu vəzifədən boyun qaçıracaq...

Bu adamların adını verdikləri namizədin seçkilərdə məğlub olması imkan xaricində idi.

Xalq onlara böyük etimad bəsləyirdi. Bu adamlar kimi istəyirdilərsə, xalq da onu bələdiyyə rəisi seçirdi.

Onlar qalxıb Rasim bəyin evinə getdilər. Vəziyyəti ona danışdılar. Dedilər ki, indiyə qədər kimi bələdiyyə rəisi seçiblərsə, heç biri etimadlarını doğrultmayıb.

Rasim bəy onlara:

- Mənimlə nə düşmənçiliyiniz var? – deyə soruşdu. – Yoxsa məni də dəli etmək fikrindəsiniz?

- Əstəğfürullah, əstəğfürullah! Sən ki ağıllı adamsan. Səndən çox xahiş edirik: razı ol!

- Mümkün deyil, razı ola bilmərəm.

- Rasim bəy, bu, vətən qarşısında sənin borcundur.

- Xalqa xidmət etməlisən.

- Camaat gözünü sənə dikib...

Rasim bəy cavab verdi:

- Yaxşı, xahişinizi bir şərtlə qəbul edirəm.

Hamı birdən:

- Söylə, əmr et!.. – dedi.

- Bütün şərtlərini indidən qəbul edirik.

- Mənim şərtim budur: qulaq asın, açıqcasına deyim. Sonradan deməyin ki, bunları sizə deməmişəm. Yaltaqlığı sevmirəm... Ziyafət-miyafət mənə lazım deyil.
Heç vaxt məni tərifləyib şişirtməməli, göylərə qaldırmamalısınız. Mənim şənimə nitq-filan deyilməməlidir...

Necədir? Edə bilərsinizmi? Mən də insanam. Məni başdan çıxarmaq lazım deyil. Qəbul edirsinizmi?

Oturanların hamısı birdən bağırdı:

- Qəbul edirik!..

- Heç belə namuslu adam görmüsən?

- Ağıllı insan bax bu cür olar?

- Rasim bəy, çox sağ ol!

***

Rasim bəy seçkilərdə qalib gəlib bələdiyyə rəisi seçildi. Elə həmin səhər də evinə əllidən artıq təbrik teleqramı gəldi. Birini açıb oxudu:

“Çox möhtərəm və ölkəmizin ən dəyərli, ən görkəmli oğlu, çox hörmətli cənab Rasim bəy...”

Rasim bəy o biri teleqramları oxumadı.

- Allah, məni bunlardan qoru, - deyə dua etməyə başladı.

Az sonra qapı döyüldü. Gözlüklü adam əlində böyük bir gül dəstəsi içəri girdi. O, ikiqat olub yeni bələdiyyə rəisini təbrik etdi.

Rasim bəy qaşqabağını salladı:

- Bunlar nəyə lazımdır?

Az keçmədi ki, əsasına söykənə-söykənə yeriyən arıq qoca qapını açıb içəri daxil oldu. Onun da əlində böyük bir gül dəstəsi vardı. O əyilib Rasim bəyin əlini öpdü. Rasim bəy daha da açıqlandı və sərt, soyuq bir səslə:

- Nahaq yerə zəhmət çəkirsiniz! – dedi.

Sonra cavan oğlan, üzü çilli, kök adam da bir-bir içəri girməyə başladılar və Rasim bəyi hörmətlə təbrik edib getdilər.

Rasim bəy əllərini göyə qaldırıb:

- Ey mənim allahım, məni bunların şərindən qoru, - dedi.

“Şərəfinizə ziyafət təşkil edilib” – deyə Rasim bəyə xəbər gətirdilər.

Rasim bəy: “Ziyafətə gedim, getməyim?” – deyə fikirləşərkən qapının ağzında bir maşın dayandı.

Ziyafət keçirilən salon şah sarayı kimi bəzədilmidi. Qırx nəfərlik süfrə açılmış, oraya cürbəcür çiçəklər, gümüş şamdanlar qoyulmuşdu.

Gözlüklü adam əlində qədəh ayağa qalxıb təbrik nitqi söylədi və sonra Rasim bəyi salondakılara göstərə-göstərə:

- Ey böyük zəka!.. Ey misilsiz adam!.. Ey xariqüladə insan!.. – dedi. – Sənin yaradıcı zəkan sayəsində şəhərimiz qısa bir zamanda...

Üzü qıpqırmızı olmuş Rasim bəy süfrədən qalxdı və hirsli-hirsli evinə qayıtdı.

- Bu, onlara yaxşı dərs oldu! – deyə o fikirləşdi.

Ertəsi günü işə getmək üçün evdən çıxdı. Bir də nə görsə yaxşıdır. Küçədə bir şənlik var ki, gəl görəsən.

Küçədə onun evinin qapısından bələdiyyə idarəsinə qədər xalılar döşənib.

Təbil və zurna səsi aləmi başına götürüb. Hər yer dəfnə budaqları ilə bəzənib. Məktəb uşaqları küçə boyu düzülüb...

Rasim bəy küçədə görünən kimi hər tərəfdən alqış qopdu:

- Ura!..

Gənc oğlan şəhər orkestrinin təbilçisinə:

- Nə qədər gücün çatır, təbili döyəclə! – dedi.

Sonra ucadan uşaqlara:

- Bərkdən bağırın! - əmrini verdi.

Alqış səsləri daha da ucaldı:

- Uraaa!!!

Yeni bələdiyyə rəisinin ayağı altında qurbanlar kəsilirdi. Bələdiyyə idarəsinin qabağında dəfnə yarpaqları ilə bəzədilmiş alaqapı düzəldilmişdi.

Alaqapının üstündə “Yaşasın yeni bələdiyyə rəisimiz!” – sözləri yazılmışdı. Kök adam xitabət kürsüsünə çıxaraq nitqə başladı.

- Çalışqanlığı, təmizliyi, təşkilatçılıq qabiliyyəti ilə bütün şəhər camaatının qəlbini fəth edən yeni bələdiyyə rəisimiz...

Hiddətdən qıpqırmızı olan Rasim bəy irəli sıçrayıb natiqin əlindən kağızı aldı və tikə-tikə etdi. Sonra onun üstünə qışqırdı:

- Belə şeylər mənə lazım deyil!

Üzü çilli adam ucadan:

- Vətəndaşlar, belə təvazökarlığı kimdə görmüsünüz? – dedi. – Yaşasın yeni bələdiyyə rəisimiz!

- Urrra!

Şiddətli bir alqış qopdu. Yeni bələdiyyə rəisi güclü yağışdan qaçan adam kimi alqışlardan yaxasını qurtarıb özünü bələdiyyə idarəsinin binasına saldı.

Bələdiyyə idarəsinin salonu təbrikə gələnlərlə dolu idi. Onların arasında əllərini sinəsində çarpazlayıb duran gənc soruşdu.

- Bir əmriniz varmı?

Arıq qoca:

- İndiyə qədər heç kəs bu vəzifəyə sizin qədər yaraşmamışdır, - dedi.

Yeni bələdiyyə rəisi:

- Vallah-billah istefa verəcəyəm, - deyə bağırdı. – Çölə çıxın.

İçəridəkilər təzim edə-edə:

- Baş üstə!

- Əmr edin!

- Sizin sözünüz bizim üçün qanundur! – deyə dalı-dalı otaqdan çıxmağa başladılar.

Rasim bəy sarsılmış halda ah çəkdi.

Üzü ciddi adam:

- Bəyəfəndi, buyurun, istirahət edin!

Gözlüklü adam:

- Əlbəttə, məsləhət sizindir. – dedi. – Ancaq rica edirəm ilk gündən özünüzü çox yormayın.

Rasim bəy:

- Rədd olun! – deyə bağırdı.

İşləmək mümkün deyildi. O, bələdiyyə idarəsinin binasından küçəyə çıxdı.

Cavan oğlan onu görən kimi:

- Çəkilin!.. Bələdiyyə rəisi gəlir! Yol verin! – deyə camaata əmr etdi.

Rasim bəy evinə gəlib qapı-pəncərəni bağladı. O gün daha çölə çıxmadı.

Səhərisi gün həmin şəhərdə çıxan iki qəzeti gətirtdi. Qəzetlərin hər ikisində böyük portreti vardı.

Qəzetin birində “Həmşəhərlilərin iftixarı olan böyük zəka”, o birində: “Dünyanın ən çalışqan bələdiyyə rəisi” başlıqlı məqalə dərc edilmişdi.

Qəzetlər onun haqqında təriflərlə dolu idi.

Axşam Rasim bəyin qapısı ağzında bir maşın dayandı:

- Bu gün şəhərimizə rəqqasə qızlar gəliblər. Evinizəmi gəlsinlər, yoxsa zati-aliniz kazinoya təşrif gətirəcək.

Rasim bəy dedi:

- Mən kazinoya gələrəm!

***

Kazinoda cavan oğlan nitqə başladı:

- Eyni havanı tənəffüs etməklə bəxtiyar olduğumuz möhtərəm bələdiyyə rəisimiz...

O yarım saat danışdı. Bu dəfə Rasim bəy onu nə üçünsə susdurmadı. Ondan sonra gözlüklü adam başladı:

- Nə qədər xoşbəxtik ki, belə ləyaqətli bir bələdiyyə rəisinin...

Rasim bəy gülümsəyirdi...

***

Aradan bir ilə qədər keçdi...

Gözlüklü, cavan oğlan, kök adam və arıq qoca yenə də baş-başa vermişdilər.

- Dostlar, biz onu yola gətirə bilməyəcəyik.

- Qardaş, dəli ilə bacarmaq olmur...

- Bu hamısından azğın çıxdı. Bu, bələdiyyə rəisi olmadı, başımız bəla oldu...

- Çox lovğadır. Elə bil ki alçaq dağları bu yaradıb...

- Guya ondan başqa dünyada adam yoxdur...

- Nə qədər də təkəbbürlüdür...

- Dəlilərin hamısı belə olur!..

- Yaxşı bəs nə edəcəyik? Yeni seçkilərə qədər onun dəliliyinə necə dözməliyik?..

- Yox əzizim, hansı əsasa görə seçkilərə qədər onu saxlamalıyıq? Onun yeri dəlixanadır. Doğulduğu evi lap muzeyə çevirib. Deyirlər, meydanda özünə heykəl qoydurmaq istəyir...

- Dünən birinin üzünə tüpürüb!..

- Keçən gecə içki məclisində masanın üstünə çıxıb ciftətelli havasına oynayıb...

- Yaxşı, bu ipə sığmaz dəliyə nə edək?..

- Bunun ancaq bir çarəsi var: həkimə göstərib dəli olması haqda arayış almaq. Sonra da dəlixanaya göndərmək lazımdır...

Gözlüklü:

- Onda gəlin vaxt itirməyək, - dedi. – Sonra birinin üstünə atılar, əlindən bir xəta çıxar...

- Bəli, bəli, düz deyirsən...

- Gəlin sabah tezdən onun əl-qolunu bağlayıb dəlixanaya göndərək. Ondan sonra yeni seçkilərə başlayarıq...

- Yaxşı, bəs kimi bələdiyyə rəisi seçəcəyik?

- Amanın günüdür, dostlar ehtiyatlı olaq. Barı bir dəfə sağlam, ağlı başında bir adamı seçək...

- Doğrudur!.. Vallahı, bu dəlilərdən lap bezmişik!..

Çevirəni O.Orucov.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG