Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12

«İlham Əliyevə yeriməyi mən öyrətmişəm»


Sergey Buxanov
Sergey Buxanov
Bu sözləri AzadlıqRadiosuna sovet dövründə Heydər Əliyevin sürücüsü olduğunu iddia edən 83 yaşlı Sergey Buxanov deyib.

Onunla 2009-cu il dekabrın 12-də Heydər Əliyevin ölümünün altıncı ildönümündə Fəxri Xiyabanda görüşdük. İki dəstə qızılgüllə Heydər Əliyevin məzarını ziyarət etməyə gedirdi.

Sergey Buxanov deyir ki, Heydər Əliyevin qız övladı olsa da, İlham Əliyev anadan olanda o, çox sevinirdi:

«Dedi ki, bax, bu, mənim varisimdir. İlham Əliyevə yeriməyi öyrətdim, o, balaca idi, onun əlindən tutub gəzdirirdim və onu yeriməyə öyrətdim. Ümummilli liderimiz Heydər Əliyev isə ona dövləti idarə etməyi öyrətdi. İlham Əliyev orta məktəbi bitirəndən sonra Moskvaya oxumağa getdi».

Sergey Buxanov 1926-cı ildə Ukraynada anadan olub. Valideynlərini erkən yaşlarında itirib və uşaq evində yaşayıb. İkinci Dünya müharibəsində Stalinqrad, Ukrayna, Moldova, Macarıstan uğrunda döyüşlərdə iştirak edib. Müharibə başa çatandan sonra o, yenidən hərbi xidmətə göndərilib və Azərbaycanın cənub sərhədlərində xidmət edib.

Dediyinə görə, elə hərbi xidməti bitirəndən sonra onu Dövlət Təhlükəsizlik Komitəsinə sürücü kimi işə götürüblər. Elə o vaxtdan da Heydər Əliyevin sürücüsü olub:

«Mən heç vaxt düşünməzdim ki, mən - yetim uşaq gəlib Azərbaycanın rəhbəri ilə işləyəcəm. Mən istəyirəm ki, mənim kimi digər yetim uşaqlara da mənim kimi baxsınlar».

Buxanov Heydər Əliyevlə işləməsini belə xatırlayır:

«Biz onunla bütün Azərbaycanı qarış-qarış gəzmişik. Hətta səfərlərimiz olub ki, biz onunla növbə ilə bir çarpayıda yatmışıq. Yadımdadır ilk dəfə o, fəaliyyətə Nikita Xruşşov (Nikita Xruşşov 1953-cü ildən 1964-cü ilə kimi Sov.İKP MK Baş katibi olub) Azərbaycana gələndə yüksəkrütbəli qonaqların təhlükəsizliyini təmin etməklə başlayıb.
«Heydər Əliyevi əvvəlcə bu avtomobildə gəzdirmişəm»
Sonra o, Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi oldu. Yenə də mən onun sürücüsü oldum. 50-ci ildən mən onun sürücüsü olmuşam».

Sergey Buxanov Heydər Əliyevi müsbət bir insan kimi xarakterizə edir. Bir hadisəni isə heç vaxt unutmur:

«Aeroporta gedirdik, yüksəkvəzifəli qonaqları qarşılamağa. Birdən yolda qəza vəziyyəti yarandı. Maşında Heydər Əliyevin yanında oturanlar hərəsi mənə maşını necə idarə etmək barədə məsləhətlər verməyə başladılar. Heydər Əliyev isə dedi ki, sürücüyə mane olmayın. Bax, həmin vaxt o, belə bir komanda verdi. Qəza baş vermədi və sonra maşındakılar həyəcanlı halda «bax, sürücü belə olar» dedilər».

Sergey Buxanov deyir ki, İlham Əliyevi 1-ci sinfə də o aparıb:

«İlham Əliyevdən bir neçə il sonra qızımı 1-ci sinfə aparanda Zərifə Əliyeva ona böyük qızılgül dəstəsi göndərmişdi. Deyirdi ki, sən İlhamı 1-ci sinfə aparmısan, indi də sənin qızın 1-ci sinfə gedir. Mən də həmin buketi apardım məktəbə».

Sergey Buxanov deyir ki, Heydər Əliyev Moskvaya vəzifəyə gedəndə onu da özüylə aparmaq istəyib:

«Amma yoldaşımla məsləhətləşdim, o, getməyə razı olmadı və biz Bakıda qaldıq».

Heydər Əliyevdən üç yaş kiçik olan sürücü Buxanov Xiyabana iki qızılgül buketi ilə gəlmişdi. Birini Heydər Əliyevin, o birini isə Zərifə Əliyevanın məzarı üstünə qoydu.

Dediyinə görə, dövlətdən hər hansı güzəşt-filan almır, təqaüdlə dolanır.

Vaxtilə İlham Əliyevə yeriməyi öyrətdiyini söyləyən Sergey Buxanov prezidentliyi dövründə İlham Əliyevlə bir dəfə görüşdüyünü deyir. Özü də təsadüfən. Dediyinə görə, bu görüş Buxanov nəvəsini Milli Parkda gəzdirərkən baş tutub. İlham Əliyev onu tanıyıb, ayaq saxlamasını Buxanov xüsusi riqqətlə xatırlayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG