Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:52

Cənub qəzetləri, yaxud qəzetə sığınan radiolar


Cənub bölgəsində 20 adda qəzet və jurnal çıxır

Cənub bölgəsində 20 adda qəzet və jurnal çıxır

«Azərbaycanın tarixində cənub bölgəsində «Cənub xəbərləri» kimi ayda üç dəfə, 5000 tirajla çıxan altı səhifəlik qəzet olmayıb. Altı rayonda müxbirlərimiz var. Maliyyə vəziyyətimiz çox ağırdır. Ancaq işləyirik. Allah bizi saxlayır. Həqiqəti deyirik. Buna görə də başımız həmişə ağrıyır. Çap olunduğumuz 18 il ərzində bir neçə dəfə məhkəməyə verilmişik. Daimi təzyiq altındayıq. Nə edək, biz Azərbaycanda yaşayırıq».

Bunu Masallı şəhərində çıxan «Cənub xəbərləri» qəzetinin təsisçisi və baş redaktoru Zahir Əmənov deyir. Qəzet Səməd Vurğun küçəsi 10-da yerləşir. Cənub bölgəsində bu ünvan çoxlarına tanışdır. Redaksiya Z. Əmənova məxsus binada məkan tapıb. Burada qəzet çıxarmaq üçün az da olsa şərait yaradılıb:

«Lakin bütün bunlar problemləri həll etmir. Peşəkar jurnalistə ehtiyacımız var. Məmurlardan məlumat almaq müşkül məsələdir. Azərbaycanın qanunları əyalətlərdə çətin yeriyir. Bir milyona yaxın əhalinin yaşadığı cənub bölgəsində informasiya qıtlığı hiss olunur. Təkcə bizim qəzetlə iş aşmaz».

Z.Əmənov deyir ki, qonşu İranın sərhədyanı şəhərlərində radiolar, televiziyalar, qəzetlər fəaliyyət göstərir. Qonşu Gürcüstanda, Rusiyada əyalət mətbuatı inkişaf edir. O ölkələrdə dövlət əyalət mətbuatına dəstək verir:

«Bizdə isə yerli qəzetlərə problem yaratmaqla məşğuldurlar. Çalışırlar ki, kimdənsə asılı olaq, kimdənsə asılı olan qəzetinsə gələcəyi yoxdur».

Çətinliklə çıxan rayon qəzetlərindən biri də «Astara» qəzetidir. Qəzet 80 illik tarixə malikdir. Qəzetin yaşı çox olsa da, binasız qalıb. Qəzetin yerləşdiyi binanı özəlləşdirib söküblər. İndi qəzet redaksiyası rayon mərkəzi kitabxanasının balaca bir otağında yerləşir. Qəzetin redaktoru və bir jurnalisti var. Redaktorun əyləşdiyi otaqda stol və stuldan başqa heç nə yoxdur. Bütün yazılar əl ilə yazılır. Qəzetin maliyyə işlərini, çapını redaktor Sakitağa Kərimov həyata keçirdir. Qəzet aylarla işıq üzü görmür.

«Cənub xəbərləri» qəzetinin redaksiyası
S.Kərimov qəzetin müntəzəm çap olunmamasının səbəbini çiynini çəkməklə izah etdi.

Astara şəhər 1 saylı orta məktəbin müəllimi Tarif Əliyev də qəzet, radio sahəsində qonşu İranı misal çəkir, deyir ki, İran Astarasında bir neçə qəzet çap olunur, yerli radio işləyir. Sərhədə yaxın olan Rəşt, Parsabad və Ərdəbil şəhərlərində yerli televiziya fəaliyyət göstərir. Azərbaycan Astarasında isə bir qəzet çıxır, o, da ayda bir dəfə.

Rayon qəzetləri oxşar tale yaşayırlar. Yararsız binalarda yerləşirlər. Maddi texniki bazaları yoxdur. Az tirajla, böyük fasilələrlə çap edilirlər. Onların hər nömrəsinin çapına 200-300 manat pul xərclənir və 300-500 tirajla Bakıda çap edilir.

Ümumilikdə, cənub bölgəsində 20 adda qəzet və jurnal çıxır. Bir regional televiziya fəaliyyət göstərir. Lakin gündəlik və həftəlik qəzet yoxdur. Yerli radiolar fəaliyyətlərini dayandırıblar.

Lənkəranda yerləşən Jurnalistlərin Media Resurs Mərkəzinin rəhbəri Xaqanı İbadov deyir ki, indiki şəraitdə bölgədə gündəlik qəzet buraxmaq mümkün deyil. Region mətbuatı çətin günlərini yaşayır. Hər rayonun qəzeti var. Bu qəzetlər icra hakimiyyətlərindən asılıdır. Qəzet kollektivlərinin əksəriyyəti bir nəfərdən - redaktordan ibarətdir. Ən aşağı əməkhaqqı da rayon qəzetlərində qeydə alınıb. Elə rayon qəzeti var ki, müxbirinə ayda 30-35 manat əməkhaqqı verir. Buna görə də rayon qəzetlərində peşəkar jurnalist qalmayıb. Demək olar ki, bu qəzetlər rayonların ictimai-siyasi həyatına təsir edə bilmirlər.

Bölgədə yerli radioların vəziyyəti də yaxşı deyil. Yerli radiolar işləmir. «Lənkəran» radiosunun redaktoru Sərraf Talıbov deyir ki, yerli radiolar rayon qəzetlərinin nəzdində yaradılmışdı. Qəzetlər çətinə düşən kimi radiolar ləğv olundu. Yeganə «Lənkəran» radiosudur ki, redaksiyası vardı. Bu radio 1937-ci ildə yaradılıb. Avadanlıqları sıradan çıxdığı üçün 2007-ci ildə fəaliyyəti dayandırılıb:

«Möhürümüz var. Lakin həm tezlik, həm də avadanlıq məsələsi düyünə düşüb… Ayda bir dəfə çıxan rayon qəzetlərini oxumaq maraqlı deyil. Bu baxımdan, yerli radiolara ehtiyac var».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG