Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08
Həftənin əvvəli Azərbaycanda əksər müxalifət partiyaları Avropa Şurasının rəsmisi ilə görüşü boykot etdilər.

Avropa Şurasının Azərbaycanda bələdiyyə seçkilərini müşahidə edəcək nümayəndə heyətinin sədri Qaye Doğanoğlu dekabrın 7-dən -9-a kimi Azərbaycanda səfərdə oldu. Məqsəd bələdiyyə seçkilərindən əvvəl vəziyyəti öyrənmək idi. Amma əsas müxalifət partiyaları Doğanoğlunu boykot etdiyindən o, Bakını yalnız bir tərəflə görüşərək tərk etdi.

Müxalifəti narazı salan bu idi ki, Doğanoğlu əvvəlcə hakim partiya ilə görüşüb, bu isə protokola ziddir. Üstəlik, müxalifəti yarım saata yaxın qapı arxasında gözlətməyə məcbur edib.

Qaye Doğanoğlu Bakı səfərinin nəticələri haqda AzadlıqRadiosuna müsahibə verib.

- Qaye xanım, müxalifət Sizi boykot etdi. Nə deyə bilərsiz bu haqda?

- Mən müxalifətlə görüşəcəyəm, dekabrın 20-də yenidən gələcəyəm Bakıya.

- Bəs bu dəfə niyə müxalifətdən əvvəl hakim partiya ilə görüşdünüz? Müxalifət deyir ki, bu, protokola ziddir.

- Görüşləri mən yox, Avropa Şurasının Bakı ofisi təyin edir. Sadəcə, hakim partiya ilə görüşümüz bir qədər uzun çəkdi, müxalifət də gözləməyib getdi.

- Azərbaycandan ümumi təəssüratınız nədir? Ölkədəki seçkiönü vəziyyət azad və ədalətli seçki keçirməyə imkan verəcəkmi Sizcə?


- Biz Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası ilə görüşlər keçirdik. Seçki hazırlıqları son dərəcə uğurlu gedir.

- Amma Sizin mənsub olduğunuz Avropa Şurası Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef Azərbaycanda bələdiyyələrlə bağlı xeyli problemlərin olduğunu demişdi. Hətta bildirmişdi ki, problemlər həll olunmasa, Azərbaycanın nümayəndə heyəti Konqresdən çıxarıla bilər...

- Seçki ilə bağlı problemlərin olduğunu seçki günü biləcəyik. Hələlik biz ilkin vəziyyəti araşdırmışıq.

- Müxalifət deyir ki, ciddi problemləri var, onları rayonlarda görüşlər keçirməyə imkan vermədilər...


- Seçkidə namizədlərin çoxu hakim partiyadandır. Mənə dedilər ki, bəzi yerlərdə müxalifətdən ümumiyyətlə namizəd yoxdur. Bu isə hər bir kəsin öz seçimidir.

- Belə çıxır ki, Sizin fikrinizcə, Azərbaycanda seçkiönü vəziyyətlə bağlı heç bir problem yoxdur?


- Xeyr, mən ciddi bir problem görmədim.

- Hətta Yeni Azərbaycan Partiyasının üzvlərindən belə bir iddia səslənib ki, bələdiyyə yerləri satılıb, odur ki, namizədlər təşviqata da ehtiyac görmürlər.

- Mən belə bir məlumat eşitməmişəm.

- Siz Türkiyədənsiniz, öz ölkənizdə bələdiyyə seçkisinə 10 gün qalmış vəziyyət bu cür olur?


- Hər bir ölkənin öz seçki sistemi var. Bizdə seçki çox səs-küylü keçir, amma məsələn, İsveçdə bunun əksinədir.

- AzadlıqRadiosu.az saytında Sizin əvvəlki müsahibələrinizə gələn şərhlərdə oxucular Sizin obyektivliyinizi şübhə altına alır, Sizi hakimiyyətə meylli kimi səciyyələndirirlər...

- Bu, mümkün deyil. Mən Avropa Şurasını təmsil edirəm və Azərbaycan hakimiyyəti ilə yaxınlıq müzakirə mövzusu ola bilməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG