Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:27

«Ofisimin qabağında maşın saxlama!»


Şəxsi evlərin, ofislərin, idarələrin heç birinin qarşısında maşın saxlamaq olmur
Şəxsi evlərin, ofislərin, idarələrin heç birinin qarşısında maşın saxlamaq olmur
«CAMAAT MAŞINI HARDA SAXLASIN?»

«Hərəsi bir dənə nişan alıb qoyub ofisinin qabağına ki, maşın saxlamaq qadağandır. Ofisi icarəyə götürüb, ofisin qarşısındakı səkini də icarəyə götürməyib ki...Şəxsi evlərin, ofislərin, idarələrin heç birinin qarşısında maşın saxlamaq olmur. Camaat maşını harda saxlasın?».

Sürücü Etibar Babayev deyir ki, işlədiyi mağazanın ətrafında müxtəlif ofislər yerləşir. Hər səhər işə gələndə bilmir maşınını harda saxlasın. Çünki ofis sahibləri ofislərinin qarşısına qoyduqları «saxlamaq qadağandır» nişanları ilə yol kənarlarını əməlli-başlı zəbt eləyiblər.

Hər gün ofislərin, villaların qarşısından keçəndə belə nişanlarla rastlaşmaq olur.

«BU, QANUNSUZDUR»

Hüquqşünas İntiqam Əliyev deyir ki, bütün qadağan nişanları vahid bir qanunla müəyyən olunmalıdır:

«Ancaq bizdə necə olur – bir nəfər tutaq ki, gətirir şəxsi villasının qarşısında maşın saxlanmasını qadağan edən işarə qoyur. Bu, qanunsuzdur, çünki bir qayda ilə qadağan nişanlarının qoyulması da dövlət tərəfindən və qanun əsasında həyata keçirilməlidir. Bir informasiya sorğusu versəniz ki, filan yerdə qadağan nişanlarını kim qoyub? Bəlli olacaq ki, dövlət orqanlarının heç xəbəri yoxdur. Heç kəs özbaşına şəkildə villanın, obyektin, yaxud mağazanın qabağında qadağan nişanı qoya bilməz».

«YOL POLİSİ HEÇ KƏSƏ MAŞIN SAXLAMAĞI QADAĞAN EDƏN NİŞAN VERMİR»


Hüquqşünas İntiqam Əliyev deyir ki, bütün qadağan nişanları vahid bir qanunla müəyyən olunmalıdır
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin əməkdaşı Kamran Əliyev də şəxsi ofislərin, villaların qarşısında qoyulmuş qadağan nişanlarının qanunsuz olduğunu deyir. Onun sözlərinə görə, həmin nişanlar ofis sahiblərinin sifarişi ilə kustar yolla hazırlanır. Yəni, Baş Dövlət Yol Polisi İdarəsi heç kəsə maşın saxlamağı qadağan edən nişan vermir. Çünki qanuna görə, heç kəs şəxsi idarəsinin qarşısındakı yolda başqasına maşın saxlamağı qadağan edə bilməz:

«Yol dövlətə məxsusdur, heç kəs onu özəlləşdirə bilməz. Onlar hamısı qanunsuzdur. Dəfələrlə tərəfimizdən yığışdırılıb, ancaq buna baxmayaraq, görürsüz ki, yenə ayrı-ayrı şirkətlər tərəfindən ərazilər zəbt edilir».

Kamran Əliyevin sözlərinə görə, belə qurğuların yığışdırılması ilə həmin ərazidə xidmət aparan yol patrul xidməti inspektorları məşğul olmalıdır:

«Məsələ burasındadır ki, biz onları yığışdıranda onu qoyanların heç biri boynuna almır ki, bu qurğu bizimdir».

«YALNIZ DARVAZASININ QARŞISINA BELƏ QURĞU QOYA BİLƏR»

Şəxsi villaların qarşısındakı qurğulara gəlincə, Kamran Əliyev deyir ki, villa sahibi mülkünün qarşısındakı yola yox, yalnız darvazasının qarşısına belə qurğu qoya bilər:

«O əgər darvazasının qabağında avtomobil saxlayırsa, bəli, irad bildirə bilər. Çünki qanunda da göstərilir ki, darvazaların, qapıların qarşısında nəqliyyat vasitələri saxlamaq olmaz. Həyətinə girən yoldur, bunu da kəsmək olmaz axı».

Kamran Əliyev onu da bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 163-cü bəndində yolların tutulmasına görə fiziki, vəzifəli şəxslərin cəriməsi nəzərdə tutulur. Belə hallara yol verən hüquqi şəxslərsə daha yüksək məbləğdə cərimələnirlər.
XS
SM
MD
LG