Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:10

Murad KÖHNƏQALA "Bulud pinəçisi" (davamı)


2

Ümumiyyətlə, atam çox güclü və gözəldir. İndi tələm-tələsik oldu. İmkan olan kimi atamdan sizə çox danışacam.

Mən yenə stula çıxıb pəncərədən bayıra baxdım. Atamı gözləyənlər artıq karetada əyləşmişdilər.

Onlardan biri qabaqda, az qala çöldə oturmuşdu. Ancaq başının üstündə artırma olduğundan ona yağış dəymirdi. Yəqin o, atlara komanda verən, karetanı sürən idi.

Digər iki kişi isə dal oturacaqda oturmuşdular.

Atam qəlyanını tüstülədə-tüstülədə çıxanda, yağış yağmasına baxmayaraq, anam onun dalınca bir parç su atdı. Atam karetanın ortasındakı gödək qapını açıb əvvəlcə iri mavi yumağı, sonra iynəni içəri qoydu.

Özü isə qabaq oturacaqda əyləşdi.

Karetanın çölü qara dəridən idi. Dərinin kənarlarına vurulmuş gümüşü mıxlar parpar parıldayırdı.

Yaşıl və qırmızı məxmər çəkilmiş divarları tavandan asılmış çırağın zəif işı-ğında çox gözəl görünürdü.

Atam karetanın qapısını örtən kimi qabaqdakı kişinin başı üzərində uzun qamçı şaqqıldadı. Atlar şahə qalxıb kişnədilər və kareta ildırım sürətilə həyətdən yoxa çıxdı.

Kareta yoxa çıxan kimi şimşəyin işığında həyətdəki armud ağacının hələ yetişməmiş, yağışda yuyulmuş meyvələri görsəndi.

***

Səhər Mustafa məndən tez oyanmışdı. Mən anamdan atamı soruşdum.

Anam dedi ki, o, gəlib, amma hələ öz otağında yatır. Ürəyim durmadı, atamı görmək istədim.

Otağın qapısını azacıq aralayıb içəri boylandım. Atam böyrü üstə, üzü qapıya - mənə tərəf yatırdı. İstədim gedib atamı öpəm, ancaq fikirləşdim ki, o, yuxusuzdur, qoy yatıb dincəlsin.

Sonra əl-üzümü yudum. Mustafa əl-üzünü özü yuya bilmir, üst-başını suya batırır.

Ona görə onun əl-üzünü həmişəki kimi anam yudu. Sonra Mustafanın yaxasına yaxalıq taxıb hər ikimizi yeməyə oturtdu.

Mustafa yaxalığı istəmədi, ağlayıb narazılıq elədi.

Anam məcbur olub özünə də, mənə də yaxalıq taxdı və belə kütləvi yaxalıqlardan sonra Mustafa öz yaxalığına razılıq verdi. Biz üstünə yağ qoyulmuş südlü düyü xaşılı yedik.

Anamın bişirdiyi bu xörək çox xoşuma gəlir.

Bu xörəyi atam da çox xoşlayır. Mustafa üçün, adətən anam, bu yeməyin üstünə şəkər əlavə eləyir. Mustafa yeməkdən sonra əlini köynəyinə silməyi çox sevir.

Ona görə də yaxalıqla arası yoxdur. Bir də burnunu köynəyinin qoluyla silməyi xoşlayır.

O, bunu ən azı xəlvətdə eləyir. Televizora baxanda, ağzı bir balaca aralanıb, dodağından su sallandısa, bil ki, kino Mustafanın xoşuna gəlib.

Əvvəllər davalı kino olanda mən də qorxurdum. Mustafa lap qorxurdu.

Qaçıb paltar şkafının böyrünə qısılar, handan-hana ordan boylanıb kinonun qalanına baxardı. Dava sovu-şandan sonra isə yavaş-yavaş öz yerinə qayıdardı. O, daha davalardan qorxmur, hərdən kinolarda it hürəndə qorxur.

Aha, mən sizin başınızı qatana qədər atam durub gəldi.

Əvvəlcə döşəmədə uzanıb maşın sürən Mustafanı qaldırdı və onu göydə öpdü. Mustafa heç atamın üzünə də baxmadı, çünki o, bərk məşğuldu.

Atam onu öpüb yerə qoyandan sonra Mustafa qolu ilə atamın öpdüyü yeri sildi və yenə maşınları ilə oynamağına davam elədi.

Mustafa orda neyləmişdi. Kenqurunun xırdaca balasını "yuvadan" çıxarıb maşına mindirmişdi.

Ana kenqurunun kisəsinə isə tülkünü oturtmuş-du. Vay-vay-vay!..

Gözlərindən bildim ki, ana kenquru bundan çox narazıdı. Mustafanın bu yerdəyişməsindən anam da narahat idi.

Hə, əvvəllər atam evə gələndə birinci Mustafanı öpdümü, mən küsürdüm. Mənə elə gəlirdi ki, atam Mustafanı daha çox istəyir. Sonra anam məni başa saldı ki, atam hər ikimizi eyni boyda çox istəyir.

Tərəzinin bir gözünə Mustafanı istəməyini, o biri gözünə məni istəməyini qoysan, tərəzinin gözləri dimdik-dimdiyə gələr. Əlbəttə, daha mən belə şeyləri başa düşürəm. Budur, atam məni də öpdü…

Atam üzünü qırxıb. Tütün iyi ilə odekolonun iyi bir-birinə qarışıb. Ümumiyyətlə, atam səhərlər çox şən olur.

O, aşağı çöməlib, istədi Mustafanın oyununa qatılsın. Mustafa razı-laşmadı və atamı sol əli ilə öz yanından qovdu. Anam çay süzüb qoydu və ona tövsiyə elədi ki, Mustafanın işinə qarışmasın.

Atam çay içə-içə mən onun üçün yüzə qədər saydım.

Sonra anamın xahişi ilə Vətən haqqında olan şeri dedim. Düzdür, şerin bir yerində yanıldım, ancaq anamın yardımı ilə tez düzəltdim. Sonra atam stolda dambıldatdı, mən durub "Taxıl biçini" rəqsini oynadım.

"Əkdim", "suvardım", "biçdim", "döydüm", "üyütdüm" və "çörək bişirdim".

Atam əl çaldı, anam əl çaldı, hətta Mustafa da əl çaldı. Atam yemək yeyəndən sonra çıxıb həyətdə qəlyan çəkdi. Adətən o, yeməkdən sonra qəlyan çəkir. İçəri gələndə tütünün iyi otağa yayıldı.

Anamın dediyinə görə, tütünü atama uzaq bir rayondan tütünçü dostu göndərir.

Atam televizoru açıb dedi ki, bir azdan onu televizorda göstərəcəklər. Mən tez divanda atamla anamın arasında özümə yer elədim. Mustafa yandan televizorun qabağında ayaqüstə durdu.

Televizorda bu gün düzənlənəcək "Kəpənək və çiçək" bayramından danışırdılar. Ekranda gecə olmasına baxmayaraq, orada hamı bugünkü bayrama hazırlaşırdı.

Sonra pencəyinin yaxasına və kepkasına qırmızı gül taxmış lopabığ bir qocanı "gül ustası" deyə təqdim elədilər. Əlində bağ qayçısı tutmuş gül ustası güllərdən və çiçəklərdən, onları necə becərməyindən həvəslə danışdı.

Sonra onun bitirdiyi müxtəlif gül-çiçəklərdən göstərdilər.

Alt dodağından bir damcı su süzülən Mustafanın bu marağını qiymətləndirərək şələbığ qoca ona ekrandan gözəl bir gül uzatdı. Mustafa irəli cumaraq gülü ondan alıb mənə ötürdü, dodağındakı suyu uddu və yenə də zəkasını cəmləyərək ekrana tamaşa elədi.

Mən gülü iyləyə-iyləyə televizora baxırdım. Gül doğrudan da çox ətirli idi.

Sonra kəpənək ustası söz aldı. O, müxtəlif cür kəpənəklərdən danışdı.

Onun zolaqlı kepkasına və çiyninə kəpənək qonmuşdu. Sonra xeyli bəzəkli kəpənəklər göstərdilər. Usta bayrama hazırladığı sürprizlərdən bəhs elədi.

Ardınca şıdırğı yağan yağışdan danışdılar və ekranda qara buludları göstərdilər.

Arabir qara buludların arxasında ildırım çaxır, buludlar bir anlığa apaydın görünürdü. Rəngli procektorların müşayiəti ilə yerdən düz həmin buludlara qədər sonsuz, uzun bir nərdivan uzanırdı.

Hər iki qolu yamyaşıl olan bu nərdivan yuxarıya doğru qalxdıqca daralır və buludlarda yox olurdu. Pillələrin hərəsi bir rəngə çalırdı: mavi, narıncı, çəhrayı, yaşıl, qəhvəyi, qırmızı, sarı, göy…

Nəhayət, atam qurşağında yandan mavi sap yumağı bərkidilmiş enli kəmər, kürəyində iri iynə yerləşdirilmiş dəri iynə qabı, əynində xüsusi uzun plaş, başında isə enli şlyapa gülümsəyərək ekranda peyda oldu və gəlib nəhəng nərdivanın yanında durdu.

Sənətini sevməyindən, buludları tikməyin müxtəlif üsullarından və bütün bu işlərin hamısını Vətən uğrunda etməsindən danışdı.

Sonra o, xalqımızı "Kəpənək və çiçək" bayramı münasibətilə təbrik etdi.

Sonra neylədi. Ekrandan bizə əl elədi və çevrilib nərdivanla buludlara tərəf qalxmağa başladı.

Mən anamın üzünə baxdım, o, əllərini dizlərinin üstünə qoyaraq fəxrlə və diqqətlə ekranda atamı seyr edirdi. Mustafanın açıla qalmış ağzından bir damcı şirə sallanırdı. Atam isə gülümsəyirdi.

O, hər dəfə ayağını nərdivanın növbəti pilləsinə qoyduqca, pillələrin rənginə uyğun olaraq mənim sevincimin və həyəcanımın da rəngi dəyişirdi.
Atam yuxarı qalxdıqca anam yerində narahat-narahat qurcalanırdı.

Arabir çaxan şimşəyin işığında belindəki iynənin yuxarı çıxmış iti ucu parıldayır və onu yağışlardan qoruyan enli şlyapasına yaraşıq verirdi. Mən fikirləşirdim ki, nə yaxşı atamın peşəsini bircə dəfə də olsa seyr edə bilirik.

Yəqin ki, bu saat bütün qonşular, qonşu uşaqları atamın nər-divanla buludlara qalxmağına baxırlar.

Qəfil bir hadisə… birdən atamın ayağının biri pillənin üstündən sürüşdü və az qaldı… yox, sadəcə bir az öz müvazinətini itirdi. Anam elə qışqırdı ki, ürəyim yerindən oynadı. Mustafa tez arxaya - bizə baxdı.

Dodaqları örtülüydü, ağzının suyunu udmuşdu.

Atam bizi sakitləşdirdi ki, qorxmayın, yıxılmamışam, mən burdayam! Biz tezcə sakitləşdik, verilişin davamını seyr eləməyə başladıq. Yaxşı ki bu yerdə reklam fasiləsi vermədilər, yoxsa adamın bağrı çatlayardı, görəsən nə oldu atama…

Nərdivanın uzun, sonsuz qolları xeyli yellənib sakitləşdi.

Nəhayət, atam nərdivanın düz qurtaracağına - buludların yanına çatdı.

Aşağıdan onu müxtəlif telekompaniyaların operatorları kameralarla müşayiət edirdi. Atam əlini kürəyinə ataraq iynəni qabından çıxartdı və yumağın ucundan mavi sapı çözələdi. İynəni dərhal saplayıb işə başladı.

Arabir çaxan ildırımın işığında atamın, yağışdan islanmış gərgin sifəti aydınca görünürdü.

O, sağ əliylə sağdakı, sol əliylə soldakı bulud layını dartıb başı üzərinə gətirdi və iynəsini cəld işə salaraq buludları ağız-ağıza tikməyə başladı.

İynəni batırdıqca buludlardan xırdaca qığılcımlar sıçrayırdı. Atam çox səliqəli tikişlə buludları ağız-ağıza tikib qurtardı, kürəyindəki iynə qabından nəhəng qayçısını çıxarıb sapı kəsdi və iynəni də, qayçını da üsulluca kürəyindəki xüsusi dəri qaba qoydu.

Nədənsə, atam indiyə qədər təkcə iynəsini və bəzən də sap yumağını evə gətirib.

Kəmərini, kürəyindəki iynə qabını və o nəhəng qayçısını mən ilk dəfə ekranda görürdüm.

Sonra o, səbrlə aşağı enməyə başladı. Aşağıda, böyük meydanda yağış kəsmişdi.

Adamlar prezidentin çıxışı üçün hündür çardaq - tribuna quraşdırmağa başladılar. Bu, gecəya-rının əhvalatı idi. İndi isə atam dedi ki, biz də şəhərə çıxıb "Kəpənək və çiçək" bayramını qeyd etməli və şənlənməliyik.

***

Biz şəhərin bayram keçirilən meydanına gəlib çıxdıq. Anam Mustafanın, atam isə mənim əlimdən tutmuşdu.

Alabəzək, rəngarəng paltar geyinmiş adamlar çox şən idilər. Hər yanda üçbucaqlı, dördbucaqlı, beşbucaqlı nəhəng çərçivələrin içində gül-çiçəkdən şəkillər, xalılar və lövhələr hörülmüşdü.

Quraşdırılmış hündür piramidaların birinin üzərində şəhərin görkəmli şairlərinin portreti, o birisində yurdumuzun xəritəsi, digərində neft buruqları, neft kəməri, gerbimiz və sairə güllərlə toxunmuşdu. İri bir binanın divarına isə prezidentin gül-çiçəkdən toxunmuş gülümsər portreti vurulmuşdu.

Mustafa bəzəkli, zolaqlı şalvar və iri ayaqqabılar geymiş, meydanda məzhəkə göstərən üzü tortlu klounlara baxıb gülürdü.

Birdən ortada bir canlanma, bir çaxnaşma baş verdi.

Meydandakı izdiham iki yerə ayrıldı və uzun, qara bir maşın gəlib düz meydanın ortasında, klounlar oynadığı yerdə dayandı.

Maşının qapıları açıldı, oradan iri qalstuklu, eyni qara libaslı dörd kişi tökülüşdü. Sonra onlar maşının içindən bir nəfəri də çəkib çıxardılar. Hamı "urra" deyə qışqırdı.

Bu, bizim prezidentimiz idi! Mən sevimli prezidentimizi yaxından görə bildim! O, qalın qara qaşlı, ağ saçlı, bığsız, göy gözlü qoca bir kişi idi. Fikirləşdim ki, onun ölməyinə hələ çox var, məncə, ölmək üçün prezidentin qaşları da başı kimi ağarmalıdır.

Onun qırış-qırış sifətinə baxmayaraq, gözləri parıldayırdı.

Başına sarınmış bəzəkli sarğıya beş ədəd bəzəkli quş lələyi taxılmışdı.

Bu lələklər xalqımızın onu beş dönəm başçı seçdiyinə, xalq sevgisinə simvolik işarə idi. Maşından düşən dörd nəfər qara paltarlı kişilərə isə "onun nazirləridir" - dedilər.

Nazirlər onu dörd tutalğaclı, bir tərəfi qapı kimi açıq, adamın dizi hündürlüyündə dörd ayaqlı, çox bəzəkli iri bir sandığa qoyub çiyinlərində xalıların üstü ilə, xalçalarla bəzədilmiş xüsusi çardağın altına - tribunaya tərəf apardılar.

Qiymətli daş-qaşlarla bəzədilmiş, incə naxışlar vurulmuş, içində rahat oturacağı olan bu sandıq bir növ təkərsiz faytona bənzəyirdi.

O, sandığın içindən öz xalqına əl eləyir, gülümsəyirdi.

Xalq isə coşqun bir dəniz kimi təlatümə gəlib qışqırır, qoca prezidenti salamlayır və öz sevgisini ona bildirirdi.

Kəpənək ustası səmaya artıq dəstə-dəstə kəpənəklər buraxmışdı.

Onlar uçuşur, al-əlvan qanadlarıyla meydanın səmasında müxtəlif fiqurlar əmələ gətirirdilər.

Atəşfəşanlıq edən kəpənəklərin baş-başa toplanması və qəfil aralanması göydə naxışlı, bəzəkli gül şəkilləri cızıb yaratdıqca adamlar sevinc içində göylərə tamaşa edir, bu gözəl bayramı onlara bəxş eləmiş prezidentə uzun ömür və uzun sürən hakimiyyət diləyirdilər.

Nazirlər tribunanın yanında sandığı yerə qoydular, prezidentin qolundan yapışaraq sandıqdan çıxartdılar və onu tribunaya tərəf yönəltdilər. O, sağ əlini yuxarıda yellədərək tribunadan da öz xalqını salamladı.

Sonra ölkənin hər yerinə yayılan mikrafonlu səsiylə xalqımızı "Kəpənək və çiçək" bayramı münasibətilə təbrik elədi. Bu bayramın tarixindən və onun tarixi əhəmiyyətindən danışdı.

Sonra qeyd elədi ki, bu bayramı xalqın maddi və mənəvi rifahının yüksəldilməsi üçün tarixə salmışdır.

Asta-asta, dənə-dənə, yaşına uyğun olmayan uzun bir nitq söylədi. Və nəhayət, bu gün üç zəhmətkeş insanın dövlət əhəmiyyətli ordenlə təltif olunaca-ğından danışdı.

Birinci, gülçü ustanı çağırdılar.

Prezident gülçünün yaxasına üstü daş-qaşla bəzədilmiş gül və yarpaq şəkilli, çox qiymətli bir medal taxıb onu bağrına basdı, öpüb təbrik elədi. Arxasınca qırmızı ipək dəsmalın üstündə qırmızı məxmər üzlü diplom gətirib ustaya təqdim elədilər.

Gül ustası qırmızı diplomu başının üzərinə qaldıraraq sevimli xalqından öz güllərini heç vaxt əsirgəməyəcəyini bildirdi.

Mustafa gül ustasını tanımışdı, ona görə də onu barmağıyla bizə göstərir, yerində atılıb-düşürdü.

Dalısınca kəpənək ustasını çağırdılar. O, adamların içindən çıxaraq yeyin-yeyin tribunaya tərəf getdi. Mustafa onu da tanıyıb qışqırdı.

Prezident ustanı təbrik elədi, yaxasına, qiymətli daş-qaşlarla bəzədilmiş, çiçəyə qonmuş kəpənək şəkilli bir medal taxdı. Sonra onu qucaqlayıb öpdü. Ona da qırmızı ipək dəsmalın üstündə qırmızı məxmər üzlü diplom bağışladılar.

Bu qeyri-adi mənzərədən vəcdə gəlmiş adamlar meydandan qışqırır, onları təbrik edirdilər.

Sonra nə olsa yaxşıdır?.. Sonra prezident atamı çağırtdırdı.

Onu da "Əlaçı bulud pinəçisi" ordeniylə təltif elədi. Atam sinəsində bir parça buluddan aşağı sallanmış nərdivan şəkilli ordenlə geri - yanımıza qayıtdı.

Ordendəki bulud, brilyant qaşlarla bəzədilmiş, nərdivan isə qızıldan idi. Adamlar bizim başımıza yığılıb maraqla atamın ordeninə baxırdılar. Hamıdan çox Mustafanı maraq götürmüşdü.

O, atamın qabağında atılıb-düşür, prezidentin verdiyi qızıl nərdivanlı ordeni istəyirdi.

Atam onu sakitləşdirmək üçün əlində tutduğu üzü qırmızı məxmərli diplomu Mustafaya verdi. Mustafa kitaba bənzəyən diplomu iki əli ilə sinəsinə basıb sakitləşdi.

Prezident öz təltifatını və nitqini başa vurdu.

Onu yenə zərli və naxışlı, dördtutalğaclı sandığa oturdub hərəsi bir yandan tutaraq çiyinlərində maşina tərəf apardılar.

Nazirlər onu maşına oturtduqdan sonra sandığın qollarını içəri qatlayaraq maşının yüklüyünə qoydular və özləri də cəld hərəkətlərlə maşina oturub getdilər.

Xalq yavaş-yavaş meydandan şəhərin küçələrinə dağılışırdı.

Bərbəzəkli paltarlar geymiş vətəndaşlar şəhərin küçələrində qarışqa kimi qaynaşırdılar.
Bir az hərləndikdən sonra atam bizi nahar eləmək üçün bir kafeyə gətirdi.

Kafenin ətrafı səliqəli, yumru çay daşları və xırda otlu yaşıl çəmənlə əhatə olunmuşdu.

Girəcəkdə bizi ayağında diyircəkli konki olan, tükü bahalı şampundan par-par parıldayan bir ayı qarşıladı və tüklücaynaqlı pəncəsi ilə nəzakətlə içəridəki boş, dördnəfərlik stola dəvət elədi. Mustafa sinəsinə sıxdığı qırmızı diplomu anama verdi və anam onu əl çantasına qoydu.

İçəridə şələquyruq tülkülər və ağıllı meymunlar hərlənirdi.

Tülkülər, bir qayda olaraq, yaxalığı qırçınlı və qabağı müxtəlif rənglərlə naxışlı ağ donlar geymiş, başlarına pioner qalstukuna bənzər üçbucaq qırmızı yaylıq bağlamışdılar.

Onlar yeyib duranların stolunun üstündən qab-qaşıq yığışdırılandan sonra stolüstü örtükləri yığışdırıb, yenisini sərirdilər. Pardaqlanmış quyruqlarına baxan hər kəs bilərdi ki, onlar da bahalı şampun kullanırlar.

Yeyib qurtarmış adamların stolunun üstündən qab-qacaqları cəld yığışdıran isə meymunlardır.

Oturanların sifarişini qəbul edən və yeməkləri onların stoluna gətirən, qabağı ağ önlüklü, ayağında diyircəkli konkilər olan ayılardır.

Atam iri şlyapasını yanımızdakı ayaqlı ağac asılqandan asdı.

Kənarda cərgəylə durub öz vəzifələrini güdən alabəzək, qat-qat paltar geymiş meymunlar atamın yaxasındakı uzun nərdivanlı medala baxıb bir-birini dümsük-ləyir və dişlərini ağardıb gülürdülər.

Aramızdakı qısa məşvərətdən sonra atam sifarişimizi yazdığı kağızı ayının əlində tutduğu ağ örtüklü siniyə qoydu.

Deməli, qızardılmış kartofla basdırma ət, göy və xiyar-pomidor salatı, bir bardaq qədim qırmızı çaxır və hər birimizə çay sifariş elədi.

Yanımızdan tülkülər, ayılar ötüb keçir, hər yanda meymunlar hərlənirdi.

Mən Mustafadan böyük və ağıllı olduğumdan ətrafa maraqla baxır, ancaq özümü elə aparırdım ki, guya burada çox olmuşam.

Mustafa dinc durmur, arada əyilib tülkünün quyruğuna əl vurur, ayının diyircəkli konkisini mənə göstərir, meymunlara əl eləyirdi.

Kafenin içi də gözəl idi. Tən ortada hovuz, hovuzun ortasında isə xəfif musiqinin sədaları altında enib-qalxan çoxlu sayda işıqlı-rəngli fəvvarələr vardı. Mən fəvvarələrə tamaşa eləyəndə maraqlı bir hadisə oldu.

Biz öz sifarişimizi gözləyərkən ətrafı seyr edən Mustafa barmağını burnuna soxub eşirdi.

Bu zaman yanımızdan ötüb keçən şən meymunlardan biri Mustafanın əlinin üstünə bir şillə ilişdirdi. Mustafa barmağını burnundan tez çəkdi və gülümsəyən anama baxdı.

Bu əhvalatı görən tülkülər irişdi, meymunlar isə dişlərini ağartdılar. Mənə elə gəlir ki, Mustafa o gün-bu gün burnunu eşmək vərdişindən əl çəkib.

Bir azdan dərisi par-par parıldayan şabalıdı ayı, üstündə naxışlı ağ dəsmal olan sinidə yeməyimizi gətirdi. Mustafa yenə özünü saxlaya bilmədi. Əlini ayının sağ böyrünə çəkdi və bərkdən güldü.

Yeməyimizi səliqə ilə stolun üstünə düzüb qurtardıqdan sonra ayı Mustafaya tərəf baxdı, irişdi və donquldana-donquldana bizdən aralandı.

Yemək çox ləzzətli idi. Anam aradabir Mustafanın yeməyinə kömək eləyirdi.

Atam bardaqdan özünə şərab süzdü və bərq vuran dərin badəni əlinə götürüb dedi: - "Mən prezidentimizə uzun ömür və indən belə də ona uzun hakimiyyət arzulayıram!" O, badəni səbrlə və ləzzətlə başına çəkdi, sonra yerə qoyub bığlarını tumarladı.

Mustafa ora-bura boylana-boylana, ayaqlarını yelləyə-yelləyə yeyirdi.

Bu, o demək idi ki, yemək doğrudan da ləzzətlidir. Anam isə bizə nəzarət eləyə-eləyə yeyirdi. Atam ikinci badəsini qaldırıb dedi ki, indi də uşaqların sağlığına içirəm, arzu edirəm onlar ağıllı və sağlam böyüsünlər.

Atam üçüncü badəsini qaldıranda bir-bir hamımızın üzünə baxıb gülümsədi və heç nə demədən içdi.

Sonra yenə bığlarını sığalladı. Mən hiss elədim ki, atamın da, Mustafanın da kefi kökdür. Düzdür, anamla mənim də halımız xoş idi. Ancaq atamla Mustafanın halı bir başqa idi.

Sonra meymunlar gəlib qab-qacağı yığışdırdılar.

Ayı hər birimizə bəzəkli fincanda ətirli çay gətirdi, həm də atamın qabağına billur külqabı qoydu.

Atam tütün torbasının bağını açdı və uzunçubuqlu qəlyanını doldurdu. Sonra onu yandırdı, gülümsəyərək dərin bir qullab vurdu. Ətrafa xoş ətirli tüstü yayıldı.

Anam dəsmalla Mustafanın ağzını sildi. Mustafa atamın yaxasındakı uzun nərdivanlı medalı əliylə o üz-bu üzə çevirib sevinirdi. Bilirdim ki, atam qəlyanını çəkib qurtarana kimi kafedə oturacağıq.

Atamın işarəsilə bizə yaxınlaşan ayı sinidə kağız gətirdi və atam kağıza baxıb tələb olunan pulu ora qoydu.

Atam asılqandan şlyapasını götürüb geyəndən sonra hamımız durub kafeni tərk etdik.

Çıxanda Mustafa dönüb meymunlara əl elədi. Divarın yanında düzülmüş meymunlar da bizə əl elədilər və dişlərini ağartdılar.

***

Hə, sizə atamdan geniş danışmağa söz vermişdim.

Atam həmişə səliqəli geyinir, üzünü vaxtında qırxır, axşamlar və səhərlər dişlərini tərtəmiz yuyur. Ona görə də güləndə gözəl görünmək üçün ağ və sağlam dişləri ona xeyli yardım edir.

Üzünü sabunlayıb qırxmağa hazırlaşanda Mustafa həmişə gəlib onun yanını kəsdirir.

Atam əlindəki sabun fırçasını yüngülcə oğlunun yanağına yaxmayınca, gülməli bir mənzərə yaranmayınca onun yanından əl çəkməz. Hər dəfə Mustafanın yanağına sabun köpüyü dəydikcə o sevinir və böyüyür.

Atamın paltarları da gözəldir.

Yağışlı günlərdə o, uzun və yaraşıqlı plaşını geyir, soyuq və qarlı vədələr isə qəhvəyi rəngli, içi dayaz xəzli gödəkçəsini. Atam bu paltarların hər ikisində gözəl görünür. Onun pencəkləri və köynəkləri barədə sizə danışmışdım.

Düzdür, anamın da paltarları gözəldir. Ona da öz paltarları gözəl yaraşır.

Ancaq bu dəfə atamdan çox danışmaq istəyirəm, çünki əsər, əsasən, atam haqda yazılıb.

Hərdən anam mənə dünyada olmadığım vaxtlardan danışır. Bir dəfə anam atamın onu necə sevməyindən söz açdı.

Demək, atamın anamı sevdiyi vaxtlar imiş. Bir gün atam anamgilin küçəsindən keçəndə anam təsadüfən əlinə keçən xırdaca bir daşı balkondan atama atır.

Daş atamın şlyapasının üstünə düşür. Atam başını yuxarı qaldıranda anamı görür və şlyapasından indicə yerə düşən daşı götürüb pencəyinin döş cibinə qoyur. Anam onun bu hərəkətinə xeyli gülür.

Atam oradan aralanaraq bir azdan əlində bir dəstə nərgiz yenə balkonun aşağısında peyda olur. Onun aşağıdan atdığı bir dəstə nərgizi anam tutur.

Sonradan onlar nişanlanırlar. Nişan gününə toplaşan bütün adamlar maraqlı bir olayın şahidi olurlar.

Atam üzüyü anamın barmağına taxanda hamı görür ki, üzüyün qaşı adi bir daş parçasıdır. Atam əhvalatı məclis adamlarına söyləyib deyir ki, bu, anamın atdığı həmin daşdır.

Anam danışır ki, bütün məclis gəlib atamın zərgərə sifarişlə düzəltdirdiyi o üzüyün gözəlliyinə tamaşa elədi.

Anamın dediyinə görə, üzüyün səs-sorağı hər yana yayılıbmış. Onlar hələ nişanlı olanda toyda-nişanda qız-gəlinlər gəlib anamın başına yığışar, onun üzüyünə baxarlarmış.

Çox vaxt qızlar anama öz bahalı üzükləri ilə o üzüyü dəyişmək təklifini eləyərmişlər.

SONUNU OXU!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG