Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:42

«İmair» niyə müflis oldu?


Şirkətə məxsus iki TU-154 tipli sərnişin təyyarələrinin hər biri 1 milyon dollara satışa çıxarılıb
Şirkətə məxsus iki TU-154 tipli sərnişin təyyarələrinin hər biri 1 milyon dollara satışa çıxarılıb
«İmprotex Group» Holdinqinə daxil olan 14 şirkətdən biri, Azərbaycanın ilk aviaşirkəti «İmair» maliyyə çətinliklərilə üzləşdiyindən uçuşlarını dayandırıb. Şirkətə məxsus iki TU-154 tipli sərnişin təyyarələrinin hər biri 1 milyon dollara satışa çıxarılıb.

MALİYYƏ BÖHRANI?

Şirkətin direktor müavini Oleq Əliyev deyir ki, elə uçuşların dayandırılması «İmair»in parkında olan iki təyyarənin müasir tələblərə cavab verməməsi və bu səbəbdən də zərərlə işləmələrilə əlaqəlidir. Amma direktor müavini uçuşları dayandırmaqlarını dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsiri kimi qiymətləndirməyin əleyhinədir.

Oleq Əliyev deyir ki, təyyarələr köhnə olduğundan şirkət rəhbəri uçuşları dayandırmağı qərara alıb və istəməyib ki, gəlir gətirməyən sahəyə əlavə vəsait ayrılsın. Direktor müavini deyir ki, gəlirləri azaldığından bu il Rusiyanın da ən böyük aviaşirkətlərindən üçü öz uçuşlarının dayandırıb:

«OLA BİLƏR Kİ, SAHİBKAR BİR HƏFTƏDƏN SONRA PUL VERDİ, DEDİ, GƏLİN «BOİNQ» ALAQ»

- Burda rəqabət məsələsi var. Sahib belə başa düşdü ki, TU-154 tipli təyyarələrinə artıq pul xərcləmək qeyri-mümkündür. Vəssalam, bununla da məsələ bitib. Şirkət hələ ki, fəaliyyətini davam etdirir və ola bilər ki, sahibkar bir həftədən sonra pul verdi, dedi, gəlin «Boinq» alaq və uçuşları davam edək. Biz hələ ki, uçuşları dayandırmışıq.

Amma şirkət nümayəndəsi gəlirlərin əvvəlki dövrlərlə müqayisədə nə qədər azaldığını açıqlamır və bunun kommersiya sirri olduğunu bildirir.

«DİGƏR ÖLKƏLƏRDƏ DƏ MÜFLİS OLAN ŞİRKƏTLƏR VAR»

İqtisadçı Vüqar Bayramova görə, əslində, «İmair» problemlə üzləşən yeganə aviaşirkət deyil və dünyanın hər yerində qlobal maliyyə böhranı başlayandan hava nəqliyyat sistemində rəqabət aparmaq xeyli çətinləşib. İqtisadçı deyir ki, üstəlik, qlobal xəstəliklərlə bağlı turistlərin sayının azalması da aviaşirkətlərin fəaliyyətinə təsirsiz ötüşməyib:

- Yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müflis olan şirkətlər var. Bu baxımdan «İmair» şirkətinin bağlanması son vaxtlar hava nəqliyyatında müşahidə edilən böhranla bağlıdır.

Vüqar Bayramov
Vüqar Bayramov deyir ki, «İmair» şirkətinin uçduğu ölkələrin, şəhərlərin sayı da elə çox deyil. İqtisadçıya görə, bu şirkət daha çox MDB ölkələrinə reyslər təşkil edirdi, böhran başlanandan sonra həmin ölkələrdən Azərbaycana və Azərbaycandan bu ölkələrə gedənlərin sayının xeyli azalması bu şirkətin rentabelli işləməsinə imkan vermirdi:

- Əgər qlobal maliyyə böhranından əvvəl Bakı-Moskva-Moskva-Bakı reysinə bilet tapmaq xeyli çətin idisə və ya biletləri xeyli əvvəldən sifariş vermək lazım gəlirdisə, indi bu reyslərlə uçanların sayı xeyli azaldığından istənilən vaxt bilet almaq mümkündür.

«İMPROTEX GROUP»A NAZİRİN XANIMI RƏHBƏRLİK EDİR

«İmair» aviaşirkətilə birgə daha 13 iri şirkətin daxil olduğu «İmprotex Group» Holdinqə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edir.

Elə bu səbəbdən də bəzi ekspertlər hesab edirlər ki, nazirin himayəsində olan şirkətin müflisləşməsi biznes elitası arasındakı mövqe savaşının nəticəsi də ola bilər. Ekspert Qadir İbrahimli deyir ki, o da iqtisadi böhranın yaratdığı nəticələrdən daha çox buna inanır və bu mövqenin üzərində dayanır:

MARAQLAR TOQQUŞMASI?

- Azərbaycanın biznes elitası daha çox ölkənin siyasi hakimiyyətinə inteqrasiya olunub, yəni hökumətin tərkibinə daxil olan nazirlər, komitə rəhbərləri, daha iri ranqlı məmurların hamısı həm də dolayısı ilə biznes elitanın təmsilçiləridir. Bu kimi hallar onlar arasında maraqlar toqquşmasından da irəli gələ bilər.

Amma iqtisadçı Vüqar Bayramov düşünmür ki, burda siyasi təzyiq əlamətləri olsun. O, məsələnin sırf iqtisadi olmasına daha çox inanır.

«İmair» aviaşirkəti indiyə qədər Daşkənd, Astana, Almatı, Surqut və Bodruma uçuşlar həyata keçirirdi.

İŞÇİLƏRİN TALEYİ NECƏ OLACAQ?

Aviaşirkətin işçilərinin taleyinə gəlincə, şirkətin direktor müavini Oleq Əliyev deyir ki, onlar işçiləri digər aviaşirkətlərə yerləşdirməyə çalışacaqlar.

Direktor müavininə görə, Azərbaycanda TU-154 tipli təyyarələrin ən çox istismarçısı olan yerli aviaşirkətlərdən biri bu təyyarələri almağı planlaşdırır və çox güman ki, ilin sonuna qədər məsələ həll olunacaq. Həmin təyyarələrin 1 milyon dollara satılmasına gəlincə, iqtisadçılar hesab edirlər ki, Rusiya istehsalı olan bu təyyarələrin texniki imkanları Avropa standartlarına uyğun gəlmədiyindən onların daha baha satılması onsuz da mümkün deyil.
XS
SM
MD
LG