Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:51

Əhmədinejadı başdan xarab hesab eləyənlər artır


Prezident Mahmud Əhmədinejad
Prezident Mahmud Əhmədinejad
İranda indi nümayişlərdə tələb belədir: «İslam respublikası yox, İran Respublikası».

Müxalifət dekabrın 27-si yeni nümayişlər seriyasına başlamağı düşünür. Həmin gün şiə təqvimində müqəddəs gündür.

Bu yaxınlarda «Fars gecəsi: İran Xomeyniçi inqilab altda» adlı kitabı çıxan Əmir Tahiri Uoll Street Journal qəzetində yazır ki, müxalifət rejimin rəsmi günlərindən istifadə edib, öz şüarlarını səsləndirir.

Sentyabrın 18-i Qüds günü idi. Hakimiyyətin İsrail əleyhinə təsis etdiyi bu gündə müxalifətin şüarları belə idi: «Nə Həmas, nə Hizbolla, mən həyatımı İran yolunda verərəm!» və ya «Fələstini unut, öz İranımızı düşün!»

Noyabrın 4-ü 1979-cu ildə Amerika səfirliyinin tutulmasının ildönümü idi.

İranda müxalifət həmin gün Amerikanı tənqid eləmək əvəzinə, İranın müttəfiqləri olan Rusiyanı və Çini tənqid eləməyə başladı. Şüar belə idi: «Rusiya səfirliyi casus yuvasıdır».

Prezident seçkilərindəki saxtakarlığa etirazlar «Hanı mənim səsim?» şüarı ilə başlanmışdı, indi şüarlar belədir: «Diktatora ölüm!», «Obama, sən bizimləsən yoxsa onlarla?».

Demokratik hərəkat prezident seçkilərində uduzan müxalifət liderləri Mir Hüseyn Musəvinin və Mehdi Kərrubinin nəzarətində də deyil. Bu liderlər hələ də nümayişlərin tənqid hədəfini ali lider Xameneyidən yayındırmağa çalışırlar. Onlar Xameneyi ilə dil tapmağa ümidlərini itirməyiblər.

Haşemi Rəfsancani
Demokratik hərəkat isə Ayətulla Xameneyi ilə bir araya gəlməyə meylli görsənmir. Əksinə, şüar belədir ki, «Xamenyi qatildir!»

RƏFSANCANİ DƏ RADİKALLAŞIB

Hökumətin nümayişləri dağıtması etirazları yalnız radikallaşdırıb.

Hətta diplomatikliyi ilə tanınan keçmiş prezident Haşemi Rəfsancani də indi deyir ki, prezident Əhmədinejadı «seçkilərin qalibi kimi saxlayan heç bir kompromis variantla razılaşmayacaq».

Keçən həftə Rəfsancani parlament sədri Laricaninin təşkil etdiyi barışıq görüşünə getmədi. Məşhəddə o bunu belə izah elədi ki, «rejim ölümcül böhran içindədir».

Əmir Tahiri bir vacib məqama toxunur. O yazır ki, hökumət əleyhinə nümayişlərin liderləri Musəvi və Kərrubi indi anlayırlar ki, antirejim hərəkatı getdikcə heç bir çərçivəyə sığmır, bu hərəkat bir mərkəzdən idarə olunmaq üçün çox genişdir.

Musəvinin köməkçisi Əmir Tahiriyə deyib ki, «onlar, yəni Musəvi və Kərrubi yumurtanı sındırmadan qayğanaq bişirmək istəyirdilər», «onlar mövcud konstitusiyanın potensialına inanırdılar və etirazları konstitusiya daxilində saxlamaq istəyirdilər».

«ƏHMƏDİNEJADIN DANIŞIĞI XƏSTƏ DANIŞIĞIDIR»

İran prezidenti Əhmədinejadın birdən-birə Mehdidən - yoxa çıxan imamdan danışması İranda hətta mollalar arasında yaxşı qarşılanmayıb. Dini mərkəz Qumda olan bir orta vəzifəli dini xadim Əmir Tahiriyə deyir ki, «Əhmədinejadın danışığı xəstə danışığıdır. Xameneyinin belə bir adamı müdafiə eləməsi rejimi çox pis təqdim edir».

Əhmədinejad-Xameneyi tandemi səriştəsizlikdə də ittiham olunur.

İnqilabi Qvardiyanın komandanı Cəfəri
İki rəqəmli inflyasiya, ölkədən kapital axını, işsizliyin görünməmiş səviyyəsi - bütün bunlar çətinliklərin bir tərəfidir. Elitada parçalanma ona gətirib ki, prezident boş vəzifəyə istədiyi adamı qoya bilmir.

TÜRK MODELİ?

Xalq arasında populyarlığın azalması hakimiyyətdə olanları güc qurumlarından, xüsusilə İnqilabi Qvardiyadan asılı vəziyyətə salıb.

İnqilabi Qvardiyanın komandanları demək olar ki, hər axşam televiziyada peyda olurlar. Onlar özlərini rejimin mühafizəçisi kimi təqdim etməyi xoşlayırlar. İnqilabi Qvardiyanın komandanı general Cəfəri isə türk modelindən danışmağa başlayıb. Deyir ki, türk modeli onun ürəyincədir – ordu dövlətin keşiyində durur.

Ancaq İnqilabi Qvardiyanın artıq buna gücü çatmaya bilər, çünki demokratik hərəkat böyüyür.

Əmir Tahiri sonda yazır ki, İran öz tarixində həlledici məqamlardan birinə qədəm qoyub. Aydındır ki, status-kvo artıq pozulub, yəni əvvəlki vəziyyətə qayıdış yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG