Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:53

Nə qədər dəniz var... Sən bizimləsən...


Nəbi Xəzri
(Şair Nəbi Xəzrinin 85 illiyinə yazdım)

İki il öncə - 2007-ci ilin soyuq bir yanvar gecəsində onu ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdilər. İşemik insult diaqnozu ilə...

Həkimlərin ikigünlük çarpışmaları fayda vermədi.

Nəbi müəllim az qala küsülü olduğu bu dünya ilə həmişəlik vidalaşdı...

Azərbaycan şair oğlunu itirdi...

Bakı doğma balasına ağladı...

Xəzər ən sevimli dostuna vida etdi...

NƏBİ XƏZRİ BU DÜNYADAN NAKAM KÖÇDÜ...

Məncə, nakam sözü təkcə ömrünü tez başa vuranlara deyilməməlidir. Dünyadan doymayıb, gileyli gedənlər də nakam çağırılmalıdır.
«Küsülü» yazmağıma baxmayın.

Nəbi müəllim dünyanı, yaşamağı sevirdi. Buna inanmaq üçün onun bircə şeirinə baxmaq kifayət idi.

Amma həyatının sonunda özü ilə təkbətək qalanda, dünyaya - bu amansız, vəfasız, həm də şipşirin dünyaya ürəyindən keçənləri, hətta ağzına gələnləri söyləməyə bilmirdi.

Ürəyində isə nələr yoxdu Nəbi müəllimin?!

Ürəyindəkiləri deyə bilməyib getdi Nəbi Xəzri.

Məni bir oxucu, bir vətən övladı, bir qadın kimi bu ağrıdır...

Sonacan bilinməz qaldı.

Dünyadan doymadı.

Xatırlayırsınızsa, 82 yaşını tamamlamasına baxmayaraq, əvvəlki yaraşığını, əzəmətini, kişiliyini saxlamışdı Nəbi müəllim. Özü deməsəydi, ayağının işləmədiyinə inanmazdın.

Sifəti mərdanə, fikirləri düzgün, ağlı iti idi.

Bircə gözləri əvvəlki kimi deyildi Nəbi müəllimin.

Tez-tez nəmlənirdi...

DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞDÜ BÖYÜK ŞAİR

Yetimlik, kasıblıq, ac-susuzluq, müharibə... Amma şöhrət pilləkənində ürəklə irəliləmişdi də. Sovetlər adlanan o lənətə gəlmiş dövlətin az qala bütün institutlarında oxumuşdu.

Saysız-hesabsız adlar məmləkətində almadığı ad qalmamışdı.

Hətta müstəqil Azərbaycanın «Şöhrət» və «İstiqlal» ordenlərini də ala bilmişdi.

Sovet Azərbaycanında saysız kitabları çıxmışdı.

Müxtəlif vəzifələrdə çalışmışdı.

Gəzmədiyi, görmədiyi ölkə bəlkə də qalmamışdı Nəbi müəllimin.

Yaxşı yaşamışdı, şöhrətli yaşamışdı. Övladları, sevənləri həmişə yan-yörəsindəydi.

Bəs niyə son illərdə gözləri elə nəmliydi şairin?

Səbəb nə idi?

NƏBİ XƏZRİ SEVİLƏN ŞAİR İDİ

Nəbi Xəzri 70-ci illər gəncliyinin sevdiyi şairlərdəndi. Onun şeirlərini əzbərdən deyir, xatirə dəftərlərinə yazır, sevdiklərinə pıçıldayırdılar. Yadımdadır, bir rəfiqəmin onu dəli kimi sevirdi. Axırda fikirləşib onun adını NƏBXƏZ qoyduq.

Yəni Nəbi müəllimin ad və təxəllüsünün ilk 3 sözünü birləşdirib ad yaratdıq. Bu yeni adın doğurduğu qəhqəhələri özünüz təsəvvür edin! Universitetin jurnalistika fakültəsini bitirənəcən rəfiqəm o adı şərəflə daşıdı...

Şairin araşdırıcılarından olan Qurban Bayramov özü mənə söyləmişdi ki, Nəbi müəllim çoxlu məktublar alırmış. Bir oxucu yazırmış ki, iki oğlum var, birinin adını sizin şərəfinizə Nəbi qoymuşam, o birininkini Xəzri...
Bəs niyə dərdli getdi böyük şair?

DƏNİZİ HƏDİYYƏ VERİRƏM SƏNƏ...

Nəbi müəllim Bakılıydı. Xırdalan kəndində doğulmuşdu.

Bakının Xəzrisini özünə təxəllüs götürmüşdü.

Bakının dənizini şeirlərinin hədəfi seçmişdi.

Az qala hər şeirində dəniz vardı Nəbi müəllimin:

Dənizi hədiyyə verirəm sənə -
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə
- Mən isə... göyləri verirəm, - dedin...

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqin kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz-dənizdir!

AXTARSAN NƏ QƏDƏR, TAPMAZSAN MƏNİ...

Deyirlər ki... Bəlkə də düz demirlər. Amma özüm ölümündən sonra oxumuşdum.

2007-ci ildə onu son yolçuluğa uğurlayacaq o yanvar gecəsindən təxminən bir ay öncə - 2006-nın 10 dekabrında 82 yaşın tamamında onu ailəsindən başqa heç kəs təbrik etməyibmiş.

Nə uzun illər çalışdığı Dövlət TV-si, nə Yazıçılar Birliyi.

Və bu ona çox pis gəlibmiş.

Bəlkə də, bütün bunlar şayiədir. Bəlkə də, gerçəklikdir.

Hamımızın min bir dərdi olduğu qarmaqarışıq dünyada bu heç təəccüblü görünmür...

(Zərdabini xatırlayın. Skleroz xəstəliyi səbəbindən ömrünün sonunda onu az qala unutmuşdular. O son günlər hətta «Kaspi» qəzetinin nüsxələrinin ona göndərilməməsindən şikayət edirmiş).

Nəbi müəllim yataq xəstəsiydi.

Ayağa dura bilmirdi.

Müalicəsi ilə ailəsindən başqa heç kim maraqlanmırdı.

Deyirmiş ki, «yardım bir yana, quru dillə də maraqlanmırlar».

Nəbi müəllim 82 yaşın tamamında bir kitabının da çıxmasını arzulayırmış.

Amma ona maddi imkanı çatmayıb.

Nəbi müəllimi nəyin üzdüyünü deyəsən yazının sonunda tapdım.

Nəbi Xəzrini buzların ən böyüyü olan biganəlik üşüdürdü...

Təxəllüsü - Bakının ən soyuq, ən amansız küləyi olsa da.

82-ni tamamlayıb, 83-ə keçsə də.

Boyu-buxunu, görkəmi pəhləvanı xatırlatsa da.

Dünyanın hər üzünü görsə də...

Bu buz çoxlarını üşütmüşdü.

Böyük şair də ondan yan keçə bilmədi...

P.S. Onun şeirinə Şövkət xanımın oxuduğu bir mahnını xatırladım. Təxminən belə:

Qışda bahar təki,
Yazda qar təki
Axtarsan nə qədər, tapmazsan məni...

Şərhləri göstər

XS
SM
MD
LG