Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:39

Sabir Azəri "Yasəmən ətirli qəbir" (HEKAYƏ)


Dava qasırğa kimi başladı-əvvəlcə heç kimin ağlına gəlməzdi ki, bu, doğrudan da qasırğaya çevriləcək, fəlakət törədəcək, çünki zəif bir dalğa idi: iki qonşu uşağın arasında baş vermişdi, daha doğrusu, onlar tərəfindən yaradılmışdı.

Sağ tərəfdəki qonşunun uşağı Rəhmanın səsi həyətlərin ikisini də başına götürmüşdü:

- Anaaa! Babaaa, yasəmənimiz çiçəkləyib! Gəlin, baxın, görün nə boyda gül açıb!

Rəhmanın anası da, babası da çölə çıxdılar və onun yanına gələndə heyrətlərindən dondular - soldakı qonşunun uşağı Kamran nazik, az qala tamam qurumuş görsənən yasəmən çubuğunu iki araya basdıranda inanmırdılar ki, o bitəcək.

Düzdür, əvvəlcə Rəhmanın atası deyinmişdi ki, o niyə ağacı bizim evin arxasına basdırır? Rəhmanın nənəsi acıqlanmışdı ki, a bala, əvvəla, ora boş, istifadəsiz yerdir, o biri yandan da iki arada basdırır; həm də nə pis iş görür ki, yasəməndir, ətri onlara da yayılacaq, bizə də!

Bununla da ara sakitləşmişdi. Amma Rəhmanın atası ürəyində, başqa şey fikirləşmişdi; "qoy basdırsın, böyüyüb ərsəyə gətirsin, sonrasına baxarıq."

-Maşallah! Maşallah! Kim inanardı ki, bu çəlimsiz pöhrə əmələ gələcək, üstəlik, birinci ilində çiçəkləyəcək! Kamrana halal olsun, bax, əziyyət çəkmək belə şeydir, adamın zəhmətini yerə vurmur.

Rəhman kükrədi:

- Yox, baba, bu yasəmən bizim evin arxasındadır, deməli, mənimdir.

Səsə-küyə yuxudan oyanıb çölə çıxan Kamran da coşdu:

- Yox, yasəmən mənimdir.

- Mənimdir! - Rəhman ona qıcandı.

- Onu sən əkmisən? Bu neçə ayda sən sulamısan? Dibini sən boşaltmısan? Otunu-alafını sən təmizləmisən? Heyvanlar ayaqlamasın, yeməsin deyə ətrafına məftildən hasarı sən çəkmisən, yoxsa mən?

Rəhman bu sözlərin qabağında bir anlığa susdu, çünki Kamran haqlıydı, doğrudan da, yasəməni əkən də, ərsəyə gətirən də o idi... Bu arada Rəhmanın atası da peyda oldu və oğlunu doluxsunmuş görəndə kükrədi:

- Noolub? Nə mərəkədir qoparmısınız? Uşaq niyə ağlayır?

Rəhman hıçqırdı:

- Ata, yasəmənimiz çiçəkləyib, Kamran deyir mənimdir.

- Kamran qələt eliyir.

- Qələti Rəhman eliyir, onu mən... - Kamran sözünü bitirə bilmədi, çünki Rəhmanın atası onu necə itələdisə, uşaq arxası üstə sərildi, amma tez də qalxdı, onun yaxasından yapışıb dartışdırdı.- Yasəmən mənimdir! Mənimdir!- Onun hıçqırığına anası da bayıra çıxdı. Anasını görəndə Kamran Rəhmanın atasının yaxasını bir az da bərk dartışdırdı və köynəyinin alt düymələrini qopartdı.

Rəhmanın atası Kamranı əllərini yaxasından qoparıb itələdi. Kamran təzədən yerə sərildi və dodaqları yarıldı. Uşağının ağzını qanlı görən ana irəli şığıdı:

- Biqeyrət! Uşağa əl qaldırırsan? Onu tək görmüsünüz? Vicdan Həsənin nəvəsinə əl qaldırırsınız? Vallah, qadınlığımla sizin hamınızı baltalayaram! Dayan, saqqallı biqeyrət, qoy onun atası, babası gəlsin, görüm onlara nə cavab verəcəksiniz!

- Atası da gəlsin, babası Həsən də, onun babası da! Mənim heç kəsdən qorxum yoxdur! Mənə də erməni başı kəsən Alış deyərlər!

- Sən erməni başı kəsən yox, meyid alverçisi olubsan! Binamus, biqeyrət olubsan! Bizimkilərin meyidini ermənilərdən alıb özümüzünkülərə satıbsan, onalarınkını o tərəfə.

- A bala, heç nədən araya dava salmayın, neçə ilin qonşusuyuq! Alış, sən də uşaq davasına qoşulma!

- Dədə, bu, uşaq davası deyil, prinsip məsələsidir. Oğlum böyüyür, büyün-sabah evlənəcək. Bəlkə ona burda ev tikdirdim, onda onsuz da bu ağacı kəsdirəsi olacam.

- Mənim yasəmənimi heç kim kəsdirə bilməz!

- Mən kəsdirim, siz də baxın.

- Baxarıq!-Kamran ona yumruğunu göstərdi.

- Kəs səsini, küçük!

- Küçük sənin oğlundur! - Kamranın anası qapıdakı baltanı götürəndə Alışın anası qışqırıb oğlunu içəri apardı. Alış dartınıb eləmədi...

* * *

Kamranın atası Teymur işdən yorğun-arğın gəlmişdi, bərk ac olsa da, çörəyini də könülsüz yeyirdi, arvadı bayaqdan nə isə ötürdü, amma Teymur eşitmirdi, onun beynindən bircə fikir keçirdi- yeməyini tez bitirib, çayını içib yerinə girib yatsın, bütün günü daşıdığı daşın, palçığın ağrısı canından çıxsın. Bina qalxdıqca fəhlələrin əzabı daha da artacaq.

Çayı içəndən sonra arvadı, yenə nəsə deyəndə Teymurun hövsələsi tamam daraldı.

- Bayaqdan ağcaqanad kimi qulağımın dibində nə ötürsən, aydın danış görüm. - Arvadı oğlunun qolundan tutub gətirdi. Teymur oğlunun dodağındakı qurumuş qanı görəndə diksindi- Buna noolub? Yenə yıxılıb? - Arvadı əhvalatı danışdı. - Nəəə? Yəni Alış belə qudurub ki, mənim uşağıma əl qaldırır? Bu dəqiqə gedib onun başını it başı kimi əzəcəm!

Teymur da atası kimi sakit adam idi, amma qızanda üzünü görməyəsən! Arvadı qorxuya düşdü, əhvalatı ərinə danışdığına peşiman oldu:

- Teymur, qurbanın olum, sən də bir yandan mərəkə qopartma, qonşuluqda ayıbdır.

- Bunu o biqeyrət də başa düşməliydi, uşağa əl qaldırmamalıydı.

- Teymur, uşaqlar dalaşar da, barışar da...

- Bunu o binamus da anlamalıdır!

Teymur yerindən necə atıldısa, arvadı əl atıb qolundan tutmağa macal da tapmadı.

Teymur qonşu həyətdə bar-bar bağırırdı:

- Alış! Çölə çıx, Alış! - Alışın əvəzinə anasıyla atası çıxdı. - Hanı o biqeyrət oğlunuz? Belə qudurub ki, mənim uşağımı vurur, arvadımı hədələyir! Deyin, çölə çıxsın, mənim cavabımı versin!

- Teymur, dərdin ürəyimə, bir iş idi oldu, keçdi. Alış da çöldə kiminləsə ağızlaşıbmış, qanı bərk qara gəlmişdi.

Alışın atası da oraya girdi.

- Bala, neçə ilin qonşusuyuq, lənət şeytana deyin.

- Bunu o yaramaz oğluna başa salaydın.

- Onun dərsini vermişəm.

- Qoy çıxsın, danışaq.

- Evdə yoxdu, dərdin ürəyimə, atası itin sözünü dedi, xəcalətindən baş götürüb harasa əkildi.

- Bəxti kəsdi ki, evdə olmadı.

Alış içəridəydi və bu sözlərin hamısını eşidirdi, Teymurun tərsliyini, qızanda gözü heç nəyi və heç kəsi görmədiyini o da yaxşı bilirdi.

Bu söz-söhbəti axşam Vicdan Həsən də bildi. Lakin heç nə demədi, özü kəsdiyi tənbəkidən - hökumət siqaretləri onun yanğısını söndürmür, doyurmurdu- bir üzün eşmə düzəldib axıracan sümürdü.Yalnız bundan sonra başını qaldırıb arvad-uşağın üzünə baxdı və heç kəsin gözləmədiyi bir sual verdi:

- Evimizi satıb başqa kəndə, ya da şəhərə köçmək istəyirsiniz? Oğlum, ilk cavabı səndən eşitmək istəyirəm.

- Dədə, evimizi niyə satırıq? Bura bizim dədə-baba yurdumuzdur, burda onnarın ruhu var.

- Onda qonşularla yola getməliyik.

- Qonşu alçaqdırsa?

- Yenə yola getməliyik. Unutmayın, İnsanların hamısını Tanrı yaratsa da onların hamısı eyni olmur.

Kamran gəlib babasına qısıldı və doluxsunmuş dedi:

- O yasəməni mən basdırmışam, baba, nə əzabla böyütmüşəm, indi Alışın oğlu deyir mənimdi.

Vicdan Həsən nəvəsin sinəsinə sıxdı.

- Sən çox vacib iş görmüsən, mənim balam. Sən artıq bu yaşında çox böyük bir savab qazanmısan. Elə yaşlılar var ki, ömrünün sonunacan belə bir savab iş görmür. O ağacın savabını uca Tanrı həmişəlik sənə bağışlayıb, Alış və ya oğlu nəkarədirlər ki, onu sənin əlindən alalar.

Vicdan Həsənin tək sözləri yox, səsinin ahangi də ətrafındakılara qəribə, sehrli sakitlik gətirirdi, kənddə hələ heç kəs onun sözünü kəsməmişdi, əksinə, o danışanda hamı qulaq kəsilirdi. Və bütün kənd üçün bu bir sirr idi. Heç kəsin aça bilmədiyi bir sirr. Kamranın atası kimi, anası da, özü də tamam sakit­ləşmişdilər, hətta anası bu toqquşmanı ərinə danışdığına peşiman olmuşdu.

* * *

Mayın ortaları idi, ağacların hamısı hələ tamam yaşıllaşmamışdı- nar təzə-təzə çiçəkləyirdi, tutun da yarpaqları bapbalaca idi.

Amma baharın qəribə sehri var, lap ilk gəlişindən, ağaclar hələ çılpaq ikən, o qupquru budaqlarından da bir yaşıl ətir duyulur; bəzən yerdə qar qalsa da, torpağın nəfəsi, istisi hiss olunur və bu isti qarın soyuqluğunu, adamın canındakı ağrını-acını unutdurur, Teymur da kürkünü soyunub tut ağacının yan budağının üstünə sərib, odun yarırdı, anası demişdi ki, xəmrəli bişirəcək.

Teymur hətta tərləmişdi, baltanı necə zərblə endirdisə, duyunlu kötük paralandı, bir tayı sıçrayıb Alışgil tərəfə uçdu, yerə dəyib diyirlənə-diyirlənə eyvanın altına getdi. Alış səsə diksindi, başqa vaxt olsaydı çıxıb deyişərdi, amma səhərki davanı xatırlayıb, üstəlik də Teymurun əlindəki ağzı ovxarlanıb par-par parıldayan baltanın boz sifətini görüb dinmədi, hətta niyəsə ona elə gəldi ki, Teymur o cür hirsli-hirsli tut kötüyünü yox, onun qol-qıçını doğrayır.

Teymur özü pərt oldu, gedib yarmaçanı götürdü və sevindi ki, bunu qonşulardan görən olmadı.

Odun yarılıb qurtarmışdı, ocaq çatılıb sac asılmışdı. Teymur közərən ocağa, közərib qızaran saca tamaşa etməyi, təzə bişən xamralının ətrini qoxulamağı, arasına pendir qoyub yeməyi yaman xoşlayırdı. Xüsusən pendir təzə, yağlı olanda, isti çörəyin arasında əriyir, bir ayrı ləzzət verirdi. Ona görə də axşam yeməyini yeni bitirsə də isti xamralı ilə təzə pendirdən doymaq bilmirdi.

Alış ürəyində Teymuru söyürdü, çünki o da həyətə çıxmaq istəyirdi, lakin Teymurla üz-üzə gəlməkdən ehtiyat edirdi, "it oğlu it,- deyirdi- elə bil aclıqdan çıxıbdır, keç xarabana, nə qədər tıxırsan, tıx!" Əslində Alışın da ürəyindən isti xamralı ilə pendir keçirdi. Axırda dözməyib o da bir fətiri peçin üstündə isidib pendir dürməyi düzəltdi və iştahla yedi.

* * *

Kamran axşam çoxlu turşu yediyindən o ki var su içmişdi, gecə neçə dəfə ayılıb bayıra çıxmışdı. İndi də bərk darıxdığından özünü həyətə zorla çatdırdı. Rahatlanandan sonra dala qayıdanda gözü yasəmən ağacına sataşdı. Səhərin alatoranında ağac bir az da balaca görünürdü.

Havanı ha qoxuladısa yasəmən ətri hiss etmədi. Bu nədir, özgə vaxtı yasəmən ətri onu dərhal, həm də uzaqdan vururdu. Xüsusən də səhərlər bu ətir daha güclü olurdu. Kamranın gözündən yuxu tökülsə də özünü saxlaya bilməyib getdi, gördüyünə inanmayıb ağacı başdan-ayağa, dönə-dönə əli ilə yoxladı və axtardığını tapmayanda var gücüylə bağırdı: - Ataaa!

Teymur da, anası da, hətta kiçik qızı da səksənib çölə yüyürdülər və Kamranı yasəməni qucaqlayıb hıçqıran görəndə qorxuya düşdülər. Üçü də birdən soruşdu:

- Noolub, niyə ağlayırsan?

Kamran bir az da bərk hönkürdü.

- Görmürsünüz?

- Nəyi? Ağac ki, yerindədi, daha niyə ağlayırsan?

- Görmürsünüz, bircə salxım gülü vardı, onu da qoparıblar!

- Necə yəni qoparıblar? Kim qoparıb? Niyə qoparıb?

- Ana, mən hardan bilim. Qoparıblar, namərdlər. - Elə bil Kamranın əziz bir adamını öldürmüşdülər, zarıyırdı.

- Bəlkə heyvan-zad yeyib.

- Ata, görmürsən, salxımı dibdən bıçaqla kəsiblər.

- Köpəyuşağı.

- Ağzını təmiz saxla, Teymur!

Teymur Alışa qanlı-qanlı baxdı.

- Deməli, sənin işindi. Deməli, uşağın yasəmənini...

- Bu yasəmən təkcə sizin uşağın deyil ki...

- Onu Kamran əkib.

- Amma bizim evin arxasında əkib, deməli, həm də bizimdir.

- Alış, deyəsən, ölümün gəlib.

- Hələ bilmək olmaz kimin ölümü gəlib, - Alış pencəyinin döş cibindən bir çörək bıçağı çıxaranda Teymurun arvadı qıyya çəkdi, Teymur dala dönəndə Alış elə bildi ki, qorxub qaçır, bir az da kükrədi və özünü elə göstərdi ki, onun dalınca yüyürəcək... Və ... tez də dayanmalı oldu, çünki Teymur əlində balta qayıdırdı.

Teymurun arvadı, indi də onun qabağını kəsib yalvardı.

- Teymur, uşaqlıq eləmə, baltanı mənə ver! - Teymur onu necə itələdisə, arvadı səndələdi, amma yıxılmayıb Teymurun ayaqlarına sarıldı! - Qurbanın olum, bizi qana batırma! Yasəməndi, qırıblar, cəhənnəmə qırsınlar.

- Ağız, söhbət yasəməndən getmir, bu oğraş, göz görəsi bizə sataşır. Onu birdəfəlik susdurmasam nə o rahatlanacaq, nə də mən. - Yenə Alışa tərəf şığıyanda onun anası da, arvadı da çölə çıxdılar və Alışın başının üstündə balta görəndə şivən qopardılar:

- Ay haray, qoymayın, oğlumu öldürürlər! - Ana özünü Teymurla oğlunun arasına atdı.

Vicdan Həsən də arxadan özünü yetirib oğluna sillə vurdu, bunu gözləməyən Teymur hirsli-hirsli geri çevriləndə qolu boşaldı, Vicdan Həsən baltanı oğlunun əlindən alıb onu itələyə-itələyə həyətlərinə qaytardı.

- Bu nə oyundu açırsan?

- Oyunu mən yox, Alış açır, üstümə xəncər boyda bıçaqla gəlmişdi, mən neyləməliydim?

- Səbr eləməliydin. Lənət şeytana deməliydin. Hər axmağın hədə- qorxusuna baltayla cavab versən, hər gün qan su yerinə axar. - Səsinin titrəyişindən hiss olunurdu ki, Vicdan Həsən də hirslənibdir, sadəcə olaraq, qəzəbini içində boğur.

- Həsən baba, bu nə hərəkətdi, oğlun törədir?

Vicdan Həsən çevrilib Alışın arvadına tərs-tərs baxdı, lakin dinmədi. Gəlin bunun mənasını anlamaq əvəzinə elə bildi, kişi qorxdu, bir az da kükrədi: Alış yiyəsizdi ki, oğlun ona balta çəkir? Bunu yazıb polisə versək halı necə olar? Bunu qanır Teymur?

Teymur atasının əlindən qopub ona tərəf yeridi.

- Məni polislə qorxuzursuz? Gedin, verin, mənim də deməyə sözüm olar.

- Nə sözün olacaq, ə? Əli baltalı sən idin, yoxsa mən?

- Bə əli bıçaqlı birinci mənim üstümə yeriyən kim idi?

- Kəsin səsinizi! Yaramazlar! Neçə ilin qonşuluğunu tapdalayırsınız!

Nəinki qonşular, heç Teymurgil də atalarının belə qışqırdığını eşitməmişdi. Hamı susdu, sanki qurbağa gölünə daş atıldı. Amma bu, çox çəkmədi, əvvəlcə arvadlar, sonra uşaqlar, axırda Teymurla Alış təzədən deyindilər. Düzdür, hərə öz həyətinə çəkilmişdi və aralıdan sözləşirdilər. Hamısının da gözü Vicdan Həsəndəydi. O da həyətdə əsəbi-əsəbi var-gəl edirdi.

Teymuru əliyalın, xüsusən də atasının yanında dinə bilmədiyini görüb Alış ürəkləndi və ona qıcandı:

- Halına baxarsan!

Teymur dözməyib, atasını da unudub onun üstünə şığıyanda arvad-uşaq təzədən şivən qopardı. Vicdan Həsən yerdən bir çubuq götürüb oğlunun belini ölçdü. Teymur yerindən tərpənmədi də. Alış isə özünü içəri saldı.

Vicdan Həsən oğlunu hələ də çubuqlayırdı: - Yəni belə qudurubsan ki, arvad-uşaq, ağsaqqal da qanmırsan.

- Dədə...

- Azar dədə, çor dədə...- Qəfildən Vicdan Həsən yıxıldı və başladı çabalamağa, ağzından köpük gəldi.

Teymur, anası, Kamran onu qucaqladılar.

- Dədə, sənə qurban olum, məni bağışla. Səhv eləmişəm... Qələt eləmişəm...

Vicdan Həsən isə artıq tərpənmirdi, gözləri açıq olsa da, şüşə kimi donuq idi. Teymurun anası saçlarını yolurdu:

- Evim yıxıldı, ocağım söndü, ay camaat, dağ boyda kişi öldü.

Hamı donub qalmışdı, Alışın anasıyla arvadı da qorxudan tir-tir əsirdilər, Alış da qapının ağzında qurumuşdu, istəyirdi Vicdan Həsənə yaxınlaşsın, lakin Teymurdan qorxurdu.

Qonşular da yığışdılar.

Heç bir saat keçmədi ki, kənd tökülüşüb gəldi. Ağsaqqallar Teymurla, anasıyla məsləhətləşəndən sonra belə qərara aldılar ki, hava isti olduğuna görə meyidi saxlamasınlar, elə bu gün dəfn etsinlər...

Vicdan Həsənin cənazəsini qəbiristanlığacan-iki kilometr yolu camaat çiynində gətirdi. Baxmayaraq ki, şofer Həsənpaşa təzəcə aldığı, hələ xeyirə işlənməmiş QAZELini onun üçün gətirmişdi. Hətta ona irad tutan da olmuşdu ki, maşının ilkini xeyirə işlədərlər. Həsənpaşa da cavab vermişdi ki, kəndimizin Vicdanı üçün sürmək özü ən böyük savab qazanmaqdır. Həsənpaşa boş qalmış maşını, odur bax, qəbirstanlığın girəcəyində saxlayıbdır.

Yolboyu hamı çalışırdı ki, çiynini Vicdan Həsənin tabutunun altına versin. Teymur yolun yarıdan çoxunu tabutun altından çıxmadı, çiyni, sağ əlinin içi sızıldayırdı, amma yerini heç kəsə vermirdi.

Qəfildən bir yüngüllük duydu- cənazə yuxarı qalxdı. Geri çevriləndə gördü ki, arxasındakı hündür boylu Alışdır. Tutuldu, lakin bu, bir an çəkdi, hətta sevindi ki, ona ağır söz demədi. Alış da bundan ürəklənib qəbrin torpaqlanmasında hamıdan çox əlləşdi, qan-tərə batmışdı, amma beli heç kəsə vermirdi, ürəyində "halal xoşun olsun, Həsən baba,-dedi,-Məni bağışla."

...Öz vəsiyyətinə görə Vicdan Həsəni ata-anasının yanında basdırdılar. Artıq onun üstündə torpaqdan, ağzı üstə çevrilmiş qayığa oxşayan təpə yaranmışdı. Molla Vəli son duasını oxuyurdu. Hamı sakit idi, kimin isə lap astadan dediyi sözlər eşidilirdi:

- Kəndin Vicdanı öldü.

- Ölmədi, öldürdülər.

- İndən belə bizim axırımız necə olacaq? Hər şeyin itdiyi, haqqın ayaqlar altına atıldığı bir zamanda doğruyla-yalanı, mərdliklə-namərdliyi bir-birindən kim seçəcək?

İkinci adamın dinməməsi qəbrin ətrafındakı adamları Vicdan Həsənin ölümündən betər üzdü, qorxutdu.

Qəribəydi ki, bu zaman nazik, titrəyişli bir səs eşidildi:

- Vicdan həmişəlik ölə bilməz. Heç vaxt ölə bilməz, o, yenə diriləcək!

Hamı bu səsə tərəf çevriləndə mat qaldılar - bu, Vicdan Həsənin nəvəsi Kamran idi. Hamı da sevinirdi ki, nə yaxşı kimsə, uşaq da olsa, bu sözü dedi. Həm də elə inamla dedi ki, hamı sakitləşib qəbiristanlığı tərk etdi.

Alışla atası da onların arasındaydı.

* * *

Kamran tezdən durub yasəmənin dibini qazırdı. Alışın oğlu Rəhman da oyanmışdı və çəkinə-çəkinə Kamrana yaxınlaşdı:

- Niyə qazırsan dibini?

- Çıxaracam.

- Çıxaracaqsan? Niyə ki?

- Ürəyim belə istəyir. Bundan sonra rahat olarsınız.

- Çıxarma, Kamran. Qoy qalsın.

Yasəmənin kökü, saçaqları göründü. Kamran onu torbaya qoyub dalına atdı.

- Hara aparırsan?

- Aparıb babamın qəbrinin yanında basdıracam.

Rəhman da beli götürdü. Kamran bozardı:

- Mənə ver.

- Yox, mən də gedəcəm. Sən babanın ruhu, qoy mən də gedim.

Kamran dinmədi.

Onlar yasəməni Vicdan Həsənin baş tərəfində basdırdılar.

Düz beş gün sonra bir möcüzə də baş verdi. Vicdan Həsənin qəbrinin yanındakı yasəmən çiçəklədi və iri bir salxıma çevrildi.

O gündən o qəbir yasəmən ətirli qəbir adlandı...

"Ulduz" jurnalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG