Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:48

Opera və Balet Teatrı mövsümün sonunadək işləyə bilər


Dövlət Opera və Balet Teatrı
Dövlət Opera və Balet Teatrı
«Ola bilsin ki, mövsümün sonunadək teatr fəaliyyətini davam etdirsin. Çünki yenidənqurma layihəsi üzərində iş davam edir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Dövlət Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva söyləyib.

Xatırladaq ki, bir neçə ay öncə teatrın ilin sonunda əsaslı təmirə dayanacağı barədə xəbərlər yayılmışdı.

Yenidənqurma işi ölkə prezidentinin «Teatr sənətini inkişaf etdirmək haqqında» 2007-ci il 19 fevral qərarına əsasən həyata keçirilir. Təmir nəticəsində teatrın binası, səhnəsi, tamaşa zalı əsaslı şəkildə qurulmalı, akustika sistemi müasir standartlara uyğunlaşdırılmalıdır. Bunun üçün Avropanın ən öndə gedən şirkətlərindən avadanlıq alınacağı gözlənilir.

Teatr binasının yenidən qurulması layihəsini İtaliyanın «Ekstra» şirkəti Mədəniyyət və Turizm Nazirliyinin tikilən obyektlərin birləşmiş müdiriyyəti ilə birgə aparacaq.

Şükufə Azamirzəyevanın dediyinə görə, bu ilin sentyabrında prezident İlham Əliyev teatrda aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskizləri ilə tanış olub və öz təkliflərini verib.

Teatrın sonuncu dəfə 1988-ci ildə əsaslı təmirdən çıxdığını söyləyən mətbuat rəhbəri onu da əlavə edib ki, bu illər ərzində binada xırda-para təmir işləri görülsə də, hazırkı durum müasir tələblərə cavab vermir:

«Elə sentyabrdakı gəlişində ölkə prezidenti özü söyləmişdi ki, bizim Opera Teatrımız Avropa səviyyəsində bir teatr binasına çevrilməlidir».

Bir daha yada salaq ki, Opera Teatrının binasını 1911-ci ildə Bakı milyonçusu Mayılov cəmi bir ilə tikdirib. O vaxt heç kim binanın belə qısa müddətə tikilməsinə inanmasa da, memar Bayevin layihələşdirdiyi bu dünya gözəli deyilən vaxtda Bakının mərkəzini bəzəyirdi.

Mayılov binanı 1910-cu ildə şəhərə konsert verməyə gələn opera müğənnisinin şərəfinə ucaltmışdı. Konsert turu başa çatandan sonra «Bir də bizim şəhərimizə haçan gələcəksiniz?» sualına «Belə adlı-sanlı neft şəhərində konsert veriləcək bir gözəl bina yoxdur. O üzdən heç vaxt» - cavabını verən müğənniyə məşhur milyonçu bir ildən sonra təkrar gəlməsini xahiş edir.
Müğənni bir ildən sonra yenicə tikilmiş binanın açılışında konsert verir. Deyilənə görə, Mayılov konsertdən sonra onun boynuna çiçəklər şəklində əskinaslardan hörülmüş çələng də salır…

Tikildiyi zamandan bəri müxtəlif tarixi hadisələrə şahid olmuş, hətta yanğına uğramış bu möhtəşəm bina az qala yüz ildir bakılıları, həm də şəhərin qonaqlarını heyrətləndirməkdə davam edir.

Sovetlərin gəlişindən sonra - 1920-ci ildə Birləşmiş Dövlət Teatrı kimi fəaliyyət göstərən teatr 1924-cü ildən müstəqil Opera və Balet Teatrına çevrilir.
XS
SM
MD
LG