Keçid linkləri

Təcili xəbərlər

İqtisadiyyat inkişaf edirsə, qaz satışı niyə azalır?


ARDNŞ hazırda xüsusən də daxili bazarda qaz satışında çətinliklərlə üzləşib
ARDNŞ hazırda xüsusən də daxili bazarda qaz satışında çətinliklərlə üzləşib
Azərbaycan iqtisadiyyatı haqqında rəsmi bəyanatların məntiqi ilə bu il ölkədə istifadə olunan enerji ötən illə müqayisədə artmalıdır. Yeni iş yerləri açılır, müəssisələr fəaliyyətə başlayır və nəhayət, fiziki olaraq əhalinin sayı artır. Bütün bunlar həm də əlavə enerji deməkdir.

Amma rəsmi statistikaya əsasən, bu il ötən illə müqayisədə daxili bazarda qaz satışı 13.6 faiz azalıb.

Bu ilin yanvar-oktyabrında Azərbaycanın daxili bazarında 7 mlrd 496.13 mln kubmetr qaz satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd 183.6 mln kubmetr və ya 13.6% azdır.

ARDNŞ-nin rəsmi saytında məlumat verilir ki, 3 mlrd 610.37 mln kubmetr qaz (2008-ci ilin 10 ayında 3 mlrd 929.19 mln kubmetr) «Azərenerji»nin istilik-elektrik stansiyalarına, 3 mlrd 110.67 mln kubmetr (4 mlrd 750.49 mln kubmetr) «Azəriqaz» İB-ə (ARDNŞ-nin qaz-nəqliyyat və qazpaylayıcı strukturu), 775.09 mln kubmetri isə ARDNŞ özü («Azəriqaz» İB hesaba alınmır) satıb: 434.81 mln kubmetr əhaliyə, 254.42 mln kubmetr sənayeyə, 20.24 mln kubmetr kommunal-büdcə təşkilatlarına və 65.62 mln kubmetr başqa istehlakçılara satılıb.


Maraqlıdır ki, bu ilin 10 ayında «Azərenerji» qaz istehlakını 318.82 mln kubmetr artırıb. Amma bu günlərdə ölkənin enerji təsisatı informasiya yaydı ki, hesabat dövründə Azərbaycanın təkcə regionlarında elektrik enerjisi istehlakı 600 mln kVt/saat azalıb.

Ümumiyyətlə, statistik göstəricilərə əsasən, Azərbaycanda bu ilin 10 ayında elektrik enerjisinin istehlakı 1 milyard kVt/saatdan çox azalıb.

Bu ilin 10 ayının məlumatına əsaslansaq, bu il Azərbaycanın daxili bazarında maksimal qaz istehlakı 9.2 mlrd kubmetrdən çox olmayacaq. Ötən il bu rəqəm 10 mlrd 767.37 mln kubmetr (ARDNŞ-nin məlumatı) idi.

Bəli, hesab etmək olar ki, qazın əhaliyə satış qiymətinin iki dəfə artırılması ondan qənaətlə istifadə ilə nəticələnib. Amma rəsmi məlumata görə, 1-ci yarım ilin yekunu üçün daxili bazarda qaz satışı 413 mln kubmetr artıb.

Bundan başqa, bu il qaz istehlakçılarının ümumi sayı 10% artaraq 1.23 mln-a çatıb.

Digər tərəfdən, rəsmi statistika ÜDM-in ciddi artımı («MDB məkanında analoqu olmayan» həddə) və yeni iş yerlərinin açılmasından xəbər verir.

Bundan əlavə, hər il Azərbaycanın əhali artımı az qala 100 min nəfəri keçir. Təkcə regionların inkişafına ildə azı 2 milyard dollar vəsait yatırılır, yeni istehsalat sahələri və obyektlərin istifadəyə verilməsi haqda mütəmadi məlumatlar yayılır və s.

Əvəzində isə qaz və elektrik enerjisi istehlakı azalır. Ona görə daxili bazarda qaz istehlakının azalması faktını izah etmək müşkül məsələdir.

İstər müasir Qərb iqtisadi nəzəriyyəsinə, istərsə də Sovet dönəmində mövcud olan «Siyasi iqtisadiyyat»ın fəlsəfəsinə görə, industrial sahədə iqtisadi artım enerji sərfinin çoxalması deməkdir.

Azərbaycanda isə bunun əksini müşahidə edirik. Məsələn, 2005-ci ildə ölkədə 22.35 mlrd kVt/saat elektrik enerjisi istehsal edilmişdirsə (həmin il Azərbaycan 1.2 mlrd kVt/saat elektrik enerjisini İran, Rusiya və Türkiyədən idxal etmişdi), 2008-ci ildə istehsal 20.17 mlrd kVt/saata düşüb və bunun da 0.5 mlrd kVt/saatı ixrac edilib.
İndi yada salmaq istərdim ki, həmin illər ərzində Azərbaycanın əhalisi təqribən 340 min nəfər artıb və ümumi daxili məhsulun artımı (2005-də 12.5 mlrd manat idisə 2008-də 38 mlrd manata çatıb) 3.04 dəfə olub (Putin 2000-ci ildən bu yana Rusiya ÜDM-nin artımını heç cürə 2 dəfəyə qaldıra bilmir, bizdə isə camaat ÜDM-ə qaçıb çata da bilmirlər). Belə çıxır ki, bu artımın 90%-dən çoxu ya neftin hesabına olub (özü də yalnız xarici neft şirkətlərinin fəaliyyəti nəticəsində), ya da Azərbaycanda dünyaya gələn insanlar cəngəlliklərdəki kimi, ancaq təbiətin bəxş etdiyi nemətlərlə keçiniblər. Ancaq yadınıza salmaq istərdim ki, 2004-2008-ci illərdə «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində 7.9 mlrd manat vəsait xərclənib.

Digər maraqlı məlumat isə bundan ibarətdir ki, 2009-cu ilin 10 ayının yekununda ARDNŞ-nin hasilat müəssisələri ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı həcmini 696.36 mln kubmetr azaldıblar.

Bu isə onu göstərir ki, ARDNŞ hazırda xüsusən də daxili bazarda qaz satışında çətinliklərlə üzləşib. Baxmayaraq ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda kifayət qədər insan qışı hələ də elektrik plitələri ilə keçirmək məcburiyyətindədir.

Dünən yerli televiziyalarda bir süjet göstərdilər: Azərbaycanın Aran bölgəsində məktəblər odunla qızdırılır və məktəb direktoru deyir ki, ehtiyatımız yalnız 1 aylıqdır, sonrasına isə Allah kərimdir.

Bunun artıq doğrudan da analoqu yoxdur... İstər inkişafda, istərsə də XXI əsrdəki həyat tərzinə görə...

P.S. Ölkədə qazdan ölənlərin, zəhərlənənlərin və zərər çəkənlərin sayı isə azalmaq bilmir. Dekabrın 3-də Bakının NZS qəsəbəsindəki 165 N-li məktəb qazdan alışıb yanıb.
XS
SM
MD
LG