Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:02

Epilepsiya xəstəsi...cəbhə xəttində


Müşfiq Əliyev
Müşfiq Əliyev
«Növbəyə çıxır, əlində avtomat. Mən Müdafiə Nazirliyinə də, Hərbi Komissarlığa da, Hərbi Prokurorluğa da yalvarıram ki, axı bu uşağın əsəbləri yerində deyil. Allah eləməmiş, birdən acığı tutar, çevirər avtomatı, ya uşaqlara atar, ya özünə».

Qax rayonunun Güllük kənd sakini Pəri Səfərəliyeva deyir ki, 19 yaşlı oğlu Müşfiq Əliyev epilepsiya xəstəsidir. 2007-ci ildən Qax rayon Xəstəxanasında bu diaqnozla qeydiyyatdadır. Bu ilin aprel ayında isə Qax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ana deyir ki, oğlunun xəstəliyi nəzərə alınmadan əsgərliyə aparılıb:

«Rayon xəstəxanasında epilepsiya xəstəsi kimi qeydiyyatdadır. Komissiyanın sədri dedi ki, narahat olma, bir-iki dəfə yıxılacaq, qaytaracaqlar».

İKİ AY SONRA...

Pəri Səfərəliyevanın sözlərinə görə, oğlunun xəstəliyi ilə əlaqədar arayışları Hərbi Komissarlığa təqdim edəndə onu arxayın ediblər ki, oğlu arxa cəbhədə qulluq edəcək. Ancaq sonradan başa düşüb ki, onu aldadıblar. İndi xəstə oğlu cəbhə xəttində qulluq edir:

«Ağdam bölgəsində. Biz müraciət elədik Prezident Aparatına, Hərbi Prokurorluğa. Dəfələrlə Müdafiə Nazirliyinə getdik, Tibb Komissiyasına müraciət elədik. Ancaq heç bir müraciətimizə baxan olmadı. Oğlumu iki aydan sonra pis vəziyyətdə göndərdilər evə ki, heç olmasa valideyn müalicə etdirsin. Birbaşa gətirdim Bakıya, bir həftə müddətində gücüm çatan kimi müalicə elədim. Hərbi hissəyə çatanda yenə qıc oldu».

Əsgər anası oğlunun hərbi xidmətdə dəfələrlə müalicə olunduğunu söyləyir:

«Göndərdilər Gəncə hərbi hospitalına, Orda vəziyyəti o qədər pis idi ki, bu uşağa 15 sistem köçürdülər, 23 gün müalicə elədilər. Hərbi hissəyə qayıdandan 4 gün sonra yenə qıc oldu. Onu bu halda təlimə də aparıblar, topun üstünə də çıxarıblar. Qıc olur, gətiriblər Sarıcalıdakı «medrota»ya, orda yüngül müalicə eləyib təzədən qaytarırlar hərbi hissəyə».

Pəri Səfərəliyevanın sözlərinə görə, indi ona bildirirlər ki, Müşfiq Əliyev hərbi xidmətə çağırılanda sağlam olub. Xəstəliyə də hərbi xidmət dövründə tutulub. Pəri Səfərəliyeva deyir ki, hərbi xidmətə çağırışa qədər oğlunun epilepsiya xəstəsi kimi qeydiyyata alınması və
Ələkbər Məmmədov
bu diaqnozla müxtəlif xəstəxanalarda müalicə alması ilə bağlı arayışlara baxan yoxdur.

QEYRİ-SAĞLAM UŞAQLARI ORDUYA APARIRLAR

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, Müşfiq Əliyev Azərbaycan Ordusunda xidmət edən nə birinci, nə də sonuncu xəstə əsgər deyil:

«Xoşagəlməz haldır, ağır nəticələrə gətirə bilər. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, bu cür hadisələr ya intihara gətirib çıxarır, ya da ki məsələ əsgər əsgəri qətlə yetirməklə başa çatır. Bir neçə belə hallar olub. Qanunun aliliyinin olmaması, cəzasızlığın mövcudluğu, özbaşınalıq nəticəsində qeyri-sağlam uşaqları hərbi xidmətə aparırlar».

Konkret Müşfiq Əliyevin vəziyyətinə gəlincə isə, Ələkbər Məmmədov deyir ki:
«Bu uşaqda hərbi xidmətə qədər artıq epilepsiya xəstəliyi mövcud olub, qıc olmadan, ürəkkeçmədən əziyyət çəkib. Həmin hərbi hissənin komandiri onu öz yanında saxlayır. Neçə dəfə də aktlaşdıraraq bu barədə yuxarı instansiyalara məlumat verib. Həmin diaqnozla dəfələrlə hərbi hospitalda, tibb məntəqələrində yatıb. Lakin heç kəs boynuna götürmək istəmir ki, bəli, bu adam ordudan tərxis olunmalıdır».

XƏSTƏ ƏSGƏR ORDUNUN NƏYİNƏ GƏRƏKDİR?

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məsələyə belə münasibət açıqladı:

«Əsgərin ordudan tərxis olunması valideynin istəyi ilə həyata keçirilmir. Qanunvericilik var, hərbi həkim komissiyası var, komissiya baxır, əgər görsə ki, həqiqətən də bu əsgərin problemi var, orduya yararlı deyil, o zaman onu ordudan tərxis edir. İstənilən valideyn deyə bilər ki, mənim uşağım xəstədir, onu ordudan tərxis edin. Bu, mümkün olan bir məsələ deyil».

Nazirlik əməkdaşı əsgər anasının şikayətlərinə baxılmaması ilə bağlı iradlarını da qəbul etmir:

«Bizə daxil olan bütün şikayətlərə baxılır. O adam rəsmi surətdə şikayət edibsə, yəqin ki, onun şikayətinə baxılır. Mən tanımadığım, bilmədiyim bir adam haqqında sizə nə deyim? Müdafiə Nazirliyi özü də maraqlıdır ki, onun əsgərləri sağlam olsun, döyüş ruhu yüksək olsun. Xəstəni orduda saxlamaqda Müdafiə Nazirliyinin nə məqsədi ola bilər?».

Görəsən həqiqətən xəstə əsgər Azərbaycan Ordusunun nəyinə gərəkdir?
XS
SM
MD
LG