Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:38

«Meşə qardaşları» adlı dəstənin daha 31 üzvünün istintaqı yekunlaşıb


İş Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə icraata götürülüb

İş Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə icraata götürülüb

Radikal dini dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfərin ibtidai istintaqı yekunlaşıb. Bu barədə AzadlıqRadiosuna təqsirləndirilənlərdən birinin vəkili Elman Osmanov məlumat verib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsi aparıb.

Dəstə üzvləri qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda, terrorçuluğa cəhddə, qanunsuz odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməkdə, həmin qurğuları hazırlamaqda təqsirli bilinir. Onlar həmçinin quldurluqda, silah qaçaqmalçılığında, qəsdən adam öldürməyə cəhddə, qanunsuz yolla avtomobil ələ keçirməkdə, dövlət sərhədini qanunsuz keçməkdə, narkotik vasitələrdən istifadədə təqsirləndirilirlər.

Bu dəstə bu yaxınlarda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi başa çatmış «Meşə qardaşları» adlı silahlı birləşmənin bir qolu hesab edilir.

«Meşə qardaşları» adlı silahlı birləşməyə ötən ilin avqustunda Nərimanov rayonu ərazisindəki «Əbu-Bəkr» məscidində törədilmiş partlayışla bağlı ittihamlar verilmişdi. Bu dəstənin üzvləri həm də həmin partlayışın törədilməsində təqsirləndirilənlərdən biri kimi cəlb edilmiş «Süleyman» ləqəbli Samir Mehdiyevin istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil etməkdə günahlandırılırlar.

İttiham aktına görə, qrupun rəhbəri «Abdulla» ləqəbli Azər Misirxanov olub. Bu şəxs 2001-ci ildə Azərbaycan sərhədini qeyri-qanuni keçərkən saxlanıb və sərhədi qanunsuz keçməyə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində iştirak etməyə görə elə həmin ildə məhkum olunub. Cəza müddəti başa çatdıqdan sonra antiterror koalisiyası qüvvələrinə qarşı terrorçuluq əməllərində iştirak etmək məqsədilə xarici ölkə ərazisinə keçib.

İstintaq yolu ilə müəyyən edilib ki, dəstə üzvləri «Bakı-Novorossiysk» neft boru kəmərini də partlatmağı planlaşdırıblar. Belə ki, dəstə üzvü Rəşid Mustafayev ötən ilin oktyabrında dəstənin digər üzvü Asid Əmikişiliyə Azərbaycandan Rusiyaya gedən neft kəmərinin yerinin müəyyənləşdirilməsi və partladılması üçün partlayıcı qurğular hazırlanmasını tapşırıb. Asif Əmikişili Xaçmaza gələrək ərazidən keçən böyük həcmli boru kəmərlərini «Bakı-Novorossiysk» neft kəməri hesab edərək həmin borularda partlayış törədilməsi üçün əlverişli yeri müəyyənləşdirib və bu barədə Rəşid Mustafayevə məlumat verib. Bu il yanvarın 14-də MTN-in keçirdiyi antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri yaxalandığından partlayış planı baş tutmayıb.

İttiham aktında göstərilir ki, MTN-in əməliyyat qrupu dəstə üzvlərindən xeyli silah-sursat, döyüş ləvazimatları götürüb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən AzadlıqRadiosuna verilən məlumata görə, bu cinayət işi hakim Azər Orucovun icraatına verilib. Dekabrın 17-də ilk məhkəmə iclası keçiriləcək.
XS
SM
MD
LG